“”AZƏRBORU” KƏRƏM HƏSƏNOVUN HAVADARLIĞI İLƏ QARƏT EDİLİB!” - Şok faktlar, iddialar

17-12-2016, 10:06           
ƏMDK sədrinin yeznəsi zavodu doğrayıb satıb!

Beynəlxalq Bankdan 56 milyon manat götürüb mənimsəyiblər!
Bu günlərdə mətbuatda “Azərboru” ASC-nin illik maliyyə hesabatı dərc olunub. Sözügedən hesabatda “Baku Steel Company”nin törəməsi kimi göstərilən “Azərboru” ASC Sumqayıt şəhərinin girəcəyində, təxminən, 168 hektar ərazidə yerləşir. 1949-cu ildən istismara verilən və vaxtilə 12500 nəfər işçinin çalışdığı bu zavod, keçmiş sovet məkanında metallurgiya sahəsində boru istehsalı gücünə görə iki nəhəng zavoddan biri olub.

“Azərboru” ASC sözün əsl mənasında qarət olunub!

Sovetlər birliyi dövründəki 70 il ərzində ata-babalarımızın min bir zəhmətlə qurub yaratdığı, yeraltı və yerüstü qiymətli metal avadanlıqlarla zəngin “Azərboru” ASC, sözün əsl mənasında Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovun və digər məmurların havadarlığı ilə qarət olunaraq, bu gün iflas həddinə çatdırılıb.

“Baku Steel Company”nin (BSC) törəməsi kimi qeyd olunan Cəmiyyətin Vergilər Nazirliyinə təqdim edilən hesabatında göstərilir ki, “Azərboru” ASC-nin borcları aktivlərindən 3,6 dəfə çoxdur. Cəmiyyətin 2014-cü ildə 4 milyon 300 min manat, 2015 -ci ildə 13 milyon 951 min manat zərərlə işlədiyi qeyd olunub. Hətta ASC-nin dövlət büdcəsinə – Sosial Müdafiə Fonduna 13 milyon, banklara 10 milyon borcu olduğu göstərilib. Yuxarıda göstərilən hesabatın sonunda “Azərboru” ASC-nin balansındakı əmlakın ümumi dəyəri 9 milyon 300 min manat qimətləndirilib.

Rasim Məmmədov 56 milyon borcu olan zavodu niyə alıb?

Beş ildə bircə dəfə həm səhmdarlara, həm də mətbuata maliyyə hesabatlarını təqdim etməyən və 2012-ci ildən bu günə kimi şıdırğı qazanc əldə edən “Baku Steel Company” tərəfindən zavodun iflas olduğu elan edilib. Nəzərinizə çatdıraq ki, “Azərboru” ASC-nin 12 avqust 2016-cı il tarixdə səhmdarlarının ümümi yığıncağında 97,39% nəzarət səhm paketinin sahibi, “Baku Steel Company”nin Müşahidə Şurasının rəhbəri Rasim Məmmədovun nümayəndəsi Oktay Rəfiyev səhmdarlarla söhbətində bildirib ki, “biz bu zavodu alanda ASC-nin banklara 56 milyon borcu var idi. Sexlərdəki avadanlıqlar köhnə rəhbərliklər tərəfindən qəddarcasına yararsız vəziyyətə salınaraq, qarət olunub”. “Banklara 56 milyon borcu olan, mülkiyyəti talan olunaraq iflic vəziyyətinə salınmış Cəmiyyəti gələcəkdə inkişaf etdirə biləcəksinizmi” sualımıza O. Rəfiyev tez-tez “məni siyasətə, provakasiyaya çəkməyin, mən istehsalat adamıyam” deyərək, cavabdan yayındı.

O, əməkdaşımızla söhbətində qeyd edib ki, “Rasim Məmmədov bu Cəmiyyətə külli miqdarda sərmayə qoyub. Xarici ölkələrdən yayma sexlərinə, müasir standartlara uyğun yeni avadanlıqlar gətirəndən sonra yüksək keyfiyyətli borular istehsal edirik”. İşlərinin uğurla getdiyini tez-tez xatırladan O.Rəfiyev, kompyuterdə zavodun isti sexlərində boruyayma əməliyyatını əyani şəkildə nümayiş etdirərkən bildirdi ki, burda istehsal olunan borular həm ölkəmizdə, həm də xarici ölkələrə satılır.

Bacısı oğlu Beynəlxalq Bankdan 16 milyon manat kredit götürüb, indiyədək ödəməyib!

Özünü güclü istehsalat adamı, elmi dərəcəli fizik kimi təqdim edən, gördükləri işlərin uğurlarından ağızdolusu danışan O.Rəfiyev, Sumqayıt şəhərində Rasim Məmmədovun nəhəng istehsal gücünə malik yeni poladəritmə zavodu inşa etdiyini də söylədi. Hətta mətbuatı R.Məmmədovu metal maqnatı və oliqarx adlandırdığına görə qınayan O.Rəfiyev bunları da əlavə etdi: “Rasim müəllim deyir ki, mən tikirəm, qoy mənim haqqımda mətbuatda nə yazırlar yazsınlar. Mən dağıdılanı bərpa edirəm, mənfəət əldə edirəm”.

Lakin hesabatdan göründüyü kimi R.Məmmədov da “Azərboru” ASC-ni iflasa sürükləyib. Hətta ASC-nin banklara olan külli miqdarda borcunun yaranmasında R.Məmmədov tərəfindən Cəmiyyətə rəhbərliyə gətirilmiş öz bacısı oğlu da iştirak edib. O, Azərbaycan Beynəlxalq Bankından 16 milyon manat kredit götürüb, indiyədək ödəməyib. Yazı hazırlanarkən isə məlum oldu ki, ASC-nin rəhbərlərindən biri zavoddan latun oğurlayarkən Sumqayıt şəhər prokurorluğu tərəfindən saxlanılıb. Lakin tezliklə də məsuliyyətə cəlb olunmadan sərbəst buraxılıb…

Göründüyü kimi, “Azərboru” ASC-ni iflasa çatdıran yalançı işbazların məqsədi heç də zavodu inkişaf etdirmək deyil. 1998-ci ildən bu günə kimi yeraltı və yerüstü qiymətli metallarla zəngin olan zavodun balansındakı əmlakları söküb satmaqla məşqul oublar. Xatırladaq ki, O.Rəfiyev əvvəllər Binəqədi rayonunda yerdəşən “Poladtökmə”ASC-də çalışıb.
“”AZƏRBORU” KƏRƏM HƏSƏNOVUN HAVADARLIĞI İLƏ QARƏT EDİLİB!” - Şok faktlar, iddialar
Oktay Rəfiyev

Aldığımız məlumata görə, “Azərboru” ASC-yə əvvəllər Kamaz şoferi işləmiş Azad adlı şəxs, sonradan isə Əliyev Bahadur rəhbərlik edib. Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) 1 mart 2013 -cü il tarixdə “Azərboru” ASC-nin səhmlərinin 97,39%-nin – (85% + 12,39% əmək kollektivinə güzəştli satışdan qalan hissənin) 1 758 674 səhmin (hər bir səhmin nominal dəyəri 2 manat) satışı üzrə investisiya müsabiqəsi elan edib. Emisiya prospektində “Azərboru” ASC “Boruyayma” MMC -nin nizamnamə kapitalındakı 100% -lik paya (hər biri 20 manat olmaqla 10 pay) da malikdir.

Cəmiyyətin öhdəlikləri bunlardır: 31 526 443,96 manat əmək haqqına; 390 436,94 manat borclara; 8 933 328, 07 manat mal, iş xidmətlərinə görə; 1 648 801,41 manat debitor borclar təşkil edib.

ASC investor adı ilə gələn işbazlar tərəfindən iflas vəziyyətinə salınıb!
Müsabiqənin əsas şərti müəssisənin layihə gücünün bərpası, beynəlxalq boru istehsalına nail olmaq məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği və müddətləri göstərilməklə layihə Proqramının təqdim edilməsi, yeni texnologiyaların tətbiqinə dair təkliflər, istehsal olunan məhsulun çeşidinin artırılması və iş yerlərinin yaradılmasından ibarət olub.

Lakin 2012-ci ldən “Azərboru” ASC-yə nəzarət edən metal maqnatı – rəsmən 2013 -cü ildən investisiya yolu ilə ASC-nin 97,39 % nəzarət səhm paketini alan “Baku Steel Company”nin (BSC) prezidenti R.Məmmədovun zavodun külli miqdarda borc altında oldugunu bildiyi halda, iflic vəziyyətində olan zavoda sərmayə yatırmaqda məqsədi nə idi?

Yəni, Azərbaycan dövlətinin özəlləşdirmə haqqında qəbul edilən qanunvericiliyinə görə, hər bir hüquqi şəxsin sərmayə qoyduğu mülkiyyətdə görəcəyi işlərin biznes planı olur. “Azərboru” ASC 1998-ci ildən işlək vəziyyətdə özəlləşdirilməyə çıxarılıb. Ancaq ASC bu günə kimi investor adı ilə gələn işbazlar tərəfindən iflas vəziyyətinə salınıb.

12 000 nəfərin əmək haqqından Sosial Müdafiə Fonduna ödənilməli olan pullar mənimsənilib!


Səhmdarlarının dediyinə görə, ƏMDK sədri Kərəm Həsənovun havadarlığı ilə ASC-yə təyin edilən rəhbər şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, zavodun mülkiyyətində olan əmlakı qarət edib. Əmək kollektivinin və minoritar səhmdarların mülkiyyət hüququnun pozulması hallarına yol veriblər.

Əmək pensiysına görə, sənəd hazırlayarkən məlum olub ki, 12 000 nəfər əmək kollektivinin zavodda işlədiyi illərdə əmək haqqından çıxılaraq, Sosial Müdafiə Fonduna (SMF) ödənilməli olan pullar köhnə rəhbərliklər tərəfindən mənimsənilib. Nəticədə əmək kollektivi ilə SMF arasında pensiyaların hesablanmasında gərginlik yaranıb.

Kərəm Həsənovun yeznəsi milyon tonlarla metalı İrana satıb!

Səhmdarlar iddia edirlər ki, 1998-ci ildən “Azərboru” ASC-yə çevrildikdən sonra cəmiyyətə rəhbərlik edən Tofiq Hacıyev və ondan sonra rəhbərliyə gətirilən şəxslər Cəmiyyətin mülkiyyətində olan dəyəri milyonlarla manat təşkil edən qiymətli metal avadanlıqları, o cümlədən zavodun qərb hissəsində 1953-cü ildən bu günə kimi yığılıb qalan milyon tonlarla metalın bir tonunu 40-60 dollardan İrana sataraq, küllü miqdarda qazanc əldə ediblər.

Hətta bir ədədinin çəkisi, təxminən 500 tondan çox olan nəhəng istehsal gücünə malik 6 ədəd Marten sobalarını işlək vəziyyətdə olduğuna baxmayaraq, doğrayıb metallom kimi satıblar.

“Azərboru”da məsul vəzifədə çalışan və adının çəkilməsini istəməyən mənbənin dediyinə görə, ƏMDK-nin sədri Kərəm Həsənovun sərəncamı ilə ASC-nin Direktorlar Şurasına (DŞ) sədr təyin edilən Əzim Əzimov əslində onun qanunsuz göstərişlərini yerinə yetirib. Belə ki, Əzim Əzimov həmin dövrdə zavodda mühafizə rəisi işləmiş Kərəm Həsənovun bacısının həyat yoldaşı ilə əlbir olaraq, ASC-nin mülkiyyətində olan, ucu-bucağı görünməyən isti və soyuq sexlərdəki çəkisi milyon tonlar təşkil edən mis, latun, alüminium və digər metal avadanlıqları doğrayaraq metallom qiymətinə satıblar. Təbii ki, Kərəm Həsənovun himayəsi və bəlkə də göstərişi ilə…

Beynəlxalq Bankdan 56 milyon manat götürüb mənimsəyiblər!


Hələ bu azmış kimi Kərəm Həsənovun havadarlığı ilə Ə.Əzimov və digər rəhbər şəxslər guya zavodun müxtəlif illərdən yığılıb qalan köhnə əmək haqqı borclarını qaytarmaq məqsədilə Beynəlxalq Bankdan (ABB) üst-üstə, təxminən 56 milyon manat kredit götürüb mənimsəyiblər.

Yuxarıda da qeyd etdiyimiz kimi, səhmdarlar tərəfindən verilən məlumata görə, Rasim Məmmədovun bacısı oğlu da ABB-dan 16 milyon kredit götürüb. Araşdırmamız nəticəsində məlum oldu ki, həmin milyonlarla vəsaitdən təyinatı üzrə 1 manat belə xərcləməyən cavabdeh şəxslərin heç biri cinayət məsuliyyətinə cəlb olunmayıb. Hazırda da 56 milyon manat pulun Beynəlxalq Banka və digər banklara qaytarılması məsələsi mübahisə predmeti olaraq qalır.

Milyonları mənimsəyənlər nəinki cinayət məsuliyyətinə cəlb olunmayıb, hətta onlara yeni vəzifələr verilib!


Araşdırmamız nəticəsində məlum oldu ki, bu günə kimi zavodun balansında olan qiymətli metal avadanlıqları sataraq, əldə etdikləri milyonlarla vəsaiti mənimsəyən və ASC-ni külli miqdarda borc altında qoyan keçmiş rəhbərlikdən heç kim, nəinki cinayət məsuliyyətinə cəlb olunmayıb, hətta zavodun talan edilməsində daha çox “zəhmət” çəkən Əzim Əzimov Kərəm Həsənovun sərəncamı ilə “Azərboru” ASC-dən sonra ƏMDK-nin nəzarətində olan iki müxtəlif zavoda rəhbər təyin olunub (bunlardan biri “Daşkəsənfilizsaflaşdırma” ASC-dir ).

Maraqlıdır, 2012 -ci ilə kimi səhmlərinin 97 %-i dövlətə məxsus olan bu nəhəng zavodun əmlakı yüksək çinli məmurların havadarlığı ilə Tofiq Hacıyev, Ə.Əzimov, Kərəm Həsənovun yeznəzi (bacısının həyat yoldaşı) və onun əlaltıları tərəfindən düşməncəsinə qarət olunarkən, dövlətin cavabdeh orqanları hara baxırmış?

Səhmdar cəmiyyətlər haqqında qanuna əsasən, bütün Açıq Səhmdar Cəmiyyətlərdə ildə bir dəfə audit yoxlaması aparılmalı, yoxlamanın nəticələri mətbuatda dərc olunmalı və Açıq Səhmdar Cəmiyyətlərin (ASC) ali orqanı olan illik ümumi yiğıncaqda mojaritar və minoritar səhmdarlara hesabat verilməlidir.

Həmin iclaslarda tərtib edilən protokol Qiymətli Kağızlara Nəzarət Palatasına (keçmiş Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi) və Vergilər Nazirliyinə (VN) təqdim olnumalıdır. Müvafiq qanuna görə, hər hansı ASC illik ümumi yığıncağı keçirmədikdə Qiymətli Kağızlara Nəzarət Palatası (QKNP) tərəfindən müəyyən cərimələr tətbiq olunmalıdır. Lakin 1998-ci ildə işlək vəziyyətdə investisiya yolu ilə özəlləşən və nəzarət səhm paketi dəfələrlə müxtəlif şəxslərin mülkiyyətinə keçən “Azərboru” ASC-də 19 il ərzində cəmi iki dəfə səhmdarların illik ümumi yığıncağını keçirilib.

Ancaq zavodun hüquqşünasları iddia edirlər ki, hər il səhmdarların illik ümumi yığıncağı keçirilib. Göründüyü kimi, 1998-ci ildən 2016-cı il kimi cəmi 2 dəfə iclas çağıran ASC-nin rəhbər orqanları və ƏMDK-nin əməkdaşları, əlbir olaraq keçirilməyən səhmdarların illik ümumi iclaslarının saxta protokolunu tərtib edərək, əlaqədar dövlət orqanlarına təqdim ediblər.

12 000 fəhlə, əmək kollektivinə çatmalı olan 15% güzəştli səhm paketindən məhrum olub

Sovet dövründə nəinki Azərbaycana, hətta başqa ölkələrə də iri borular və başqa metal avadanlıqlar istehsal edərək satan zavodun illik dövriyyəsi milyonlarla manat təşkil edib. 1998-ci ildə özəlləşməyə çıxarılarkən işlək vəziyyətdə olan və 12 000 nəfər fəhlənin çalışdığı “Azərboru” ASC-nin balansındakı avadanlıqlar metallom kimi satılıb, minlərlə peşəkar işçi isə rəhbərlik tərəfindən məcburi məzuniyyətə göndərilib.

Zavod özəlləşdirilərkən əmək kollektivinin payına düşən 15% səhm paketi işçilər arasında ədalətli bölünməyib. “Azərboru” ASC-yə rəhbərlik edən şəxslər 12 000 fəhlənin yarıdan çoxunu məcburi məzuniyyətə çıxardıqdan sonra cəmi 2 250 nəfər fəhlə 15% güzəştli səhm paketindən 2,035 % səhmə sahib ola bilib. ƏMDK-nin diqtəsilə zavodda uzun illər canını qoymuş 12 000 fəhlə əmək kollektivinə çatmalı olan 15 % güzəştli səhm paketinin 12,965 %-dən məhrum olub.

Bütün bu qanun pozuntuları ƏMDK-nin birbaşa rəhbərlik etdiyini “Azərboru” ASC-də uzun illərdir hüquqşünas işləyən Məsim Novruzovun səhmdara verdiyi cavabdan da məlum olur. Belə ki, “Azərboru” ASC-də səhmdarların illik ümumi yığıncağının keçirilməməsinin səbəbi, illik xalis mənfəətdən əldə edilən gəlirdən səhmdarlara çatmalı olan dividentlərin verilməməsi və sair hüquqlarının kobud şəkildə pozulmasına dair səhmdarların şikayətlərini hələ sovet dövründən zavodun hüquqşünası işləyən M.Novruzov belə cavablandırıb: “Azərboru ASC-ni biz idarə etmirik. Bizi ƏMDK idarə edir”.

Səhmdarların iddiasına görə, “Azərboru” ASC-də 19 ildə cəmi iki dəfə səhmdarların illik ümümi yığıncağı çağırılsa da, heç birində iclas baş tutmayıb. Birinci iclasda ƏMDK-nin sədri Kərəm Həsənovun sərancamı ilə Ə.Əzimov “Azərboru” ASC-yə sədr təyin edilib.

Haqlarını tələb edən səhmdarlara kənardan baxıb gülürdülər
oliesas

2012-ci ildə “Baku Stil Kompany”nin prezidenti Rasim Məmmədovun sərəncamı ilə ASC-yə DŞ-nın sədri təyin edilən Oktay Rəfiyev, 10 avqust 2016-cı il tarixdə səhmdarların ikinci iclasını keçirməyə cəhd etsə də, iclas baş tutmayıb. Həmin iclasda səhmdarlara ASC-nin DŞ-nın cədri Oktay Rəfiyev elan etdi ki, 2012-ci ildən Cəmiyyətin 97 % səhm paketi “Baku Steel Company”nin Müşahidə Şurasının sədri Rasim Məmmədova məxsusdur. Hər iki iclasda ASC-nin rəhbərliyi səhmdarların haqlı narazılıqları ilə rastlasıb.

“Azərboru” ASC-nin yeni sahibi Rasim Məmmədov 5 ildə bir dəfə – 12 avqust 2016-cı ildə səhmdarların illik ümumi yığıncağını keçirməyə cəhd etsə də, Cəmiyyətin rəhbərliyi tərəfindən bütün hüquqları tapdalanan səhmdarlarla rəhbərlik arasında toqquşma yarandı. Əksəriyyəti əlil və qocalardan ibarət yüzlərlə səhmdar 42 dərəcə istidə, açıq havada günün altında, yarıdan çoxu ayaq üstə dayanmağa məcbur edildi. Onlar rəhbərlik tərəfindən mülkiyyət hüquqlarının kobudcasına pozulmasını əsas gətirərək, əlaqədar dövlət orqanlarına dəfələrlə şikayətlər ediblər. Ancaq nəticə olmayıb.

Səhmdarlar iddia edirlər ki, 2250 nəfərdən çox səhmdarların iştirak etdiyi illik ümumi yığıncaqda “Səhmdar cəmiyyətlər” haqqında qanuna zidd olaraq, iclasın say komissiysı, katibi və sədri seçilmədən, gündəlikdəki məsələlər müzakirə olunmadan, səhmdarlara illik maliyyə hesabatı verilmədən və heç bir səs vermə keçirilmədən DŞ-nın sədri Oktay Rəfiyev toplantını başa çatdırmaq istəyib. 97%-dən çox səhmin etibarnamə ilə onda olduğunu əsas gətirərək bağlı elan edib. Narazı səhmdarları da iki-iki qəbul edərək, təkbətək söhbət etməklə, etirazların kütləviləşməsinin qarşısını almağa çalışıb.

Səhidar Cavad Cəfərovun sözlərinə görə, iclasda O.Rəfiyevin danışığınli özündən başqa heç kim eşitmirdi. “Baku Stil Kompany”nin hüquqşünası Ülvi və ƏMDK-nin nümayəndəsi Nizami (soy adları məlum deyil) isə haqlarını tələb edən səhmdarlara kənardan baxıb gülürdülər.

Səhmdarlar Prezident İlham Əliyevdən kömək istəyir

Səhmdar Mehparə Həsənova, Arzu Əliyeva, Xumarə Məmmədova, Nəzifə Əliyeva və digərləri uzun illər zavodda müxtəlif isti və soyuq sexlərdə çalışıblar. Onların sözlərinə görə, 2006-cı ildən işçilərin əmək haqlarından sığorta haqqı tutulub. Ancaq Sığorta İdarəsindən onlara bildiriblərki “Azərboru” ASC-yə heç vaxt sığorta ödənilməyib.

Səhmdarlardan 3-cü dərəcəli əlil Əmirəddin Kərimov 51 il bu zavodda çalışdığını söyləyir. Onun da şikayəti ötən illərin müavinətini ala bilməməsi ilə bağlıdır. İclasdan sonra narazı səhmdarları iki-iki qəbul edən Oktay Rəfiyev onlara bildirib ki, bizdən əvvəlki illərdən qalan köhnə borcları qaytarmayacağıq. Zavodda iş vaxtı əmək xəsarəti almış Qarabağ veteranı, 2-ci qrup əmək veteranı Cavad Babaxan oğlu Cəfərov, İkram Orucəli oğlu Orucov, Cumart Əliqulu oğlu Badamov, Qalib Qulam oğlu Rəhimov, Elman Yüzbəkov və digər əlillər iddia edirlər ki, onlara çatası ödənişləri ASC-nin hüquqşünası Əli Məmmədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin (ARNK) 09.01.2003-cü il 3 saylı qərarının 3.5-ci bəndinə tamamilə zidd hesablayıb.

22.01.1991-ci ildə iş vaxtı peşə xəsarəti alan 2-ci qrup əmək veteranı C.B.Cəfərovun da haqları pozulub, ona verilməli olan müavinətin məbləği xeyli az hesablanıb. C.Cəfərov 9 il ərzində 11 dəfə məhkəməyə müraciət etsə də, haqqını bərpa edə bilməyib.

Əlləri bütün əlaqədar dövlət orqanlarından üzülən keçmiş əmək kollektivi və səhmdarlar səslərini Prezident İlham Əliyevə çatdırmaq istəyirlər. Onlar illərlə can qoyduqları “Azərboru” ASC-nin əmlakını talan edənlər barədə ölçü götürülməsini, oğurlanan pulların dövlət tərəfindən geri qaytarılmasının təmin edilməsini və onlara çatacaq müavinətlərin ödənilməsinə kömək etməyi xahiş edirlər.

KƏMALƏ KƏRİMLİ

P.S. “Azərboru” ASC-də hüquq şöbəsinin müdiri vəzifəsini icra edən Məsim Novruzov yazıda göstərilən məlumatlarla bağlı açıqlama verməkdən imtina etdi. O, heç nədən xəbəri olmadığını bildirdı. Bizə məsləhət gördü ki, suallarımızı Xidmət Departamentinə və ya Mühafizə Xidmətinə ünvanlayaq. Zavodun iflası haqqında xəbəri bizdən eşitdiyini deyən M.Novruzov, ASC-yə yeni təyin olunan rəhbəliklə bağlı, ümumiyyətlə ASC-də baş verən proseslər haqqında məlumat vermək iqtidarında olmadığını bildirdi.

Bununla belə yazıda qeyd olunanlarla bağlı adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.