“Rafael Cəbrayılov pulu verdi, həll oldu”: deputat Praxmola çağırıldı - Çovdarov işi
22-12-2016, 10:57
46 saylı Şirvan şəhər Seçki Dairəsinin seçiciləri Rafael Cəbrayılovu axtarır
Politika.Az-a yazan bir qrup seçici deputatı Bakıdan Şirvana dəvət edir.
Onların sözlərinə görə, millət vəkili ona göndərilən məktub və müraciətlərə əhəmiyyət vermir. R.Cəbrayılov seçicilərin problemlərinə məhəl qoymur. Deputat qaz və işıq pulunun qalxmasından sonra seçicilərin halını öyrənməyib.
Şirvan şəhərinin Pramxol qəsəbəsinə getməklə millət vəkili reallıqlarla tanış ola bilər. Buradakı şərait, insanların vəziyyəti, problemləri indiyə qədər həll olunmayıb.
Politika.Az olaraq R.Cəbrayılovun ilə bağlı media üzərindən apardığımız araşdırmalarda maraqlı məqamlarla rastlaşdıq.
Parlamentin passiv deputatlarından olan bu şəxsi parlamentin "qalmaqallar kralı” adlandırmaq olar. Hələ bir neçə il əvvəl keçmiş ABU rektoru Elşad Abdullayev bəyan etmişdi ki, o, daha bir deputatın ifşasına həsr edilən video yaya bilər.
Elşad Abdullayevlə seçki müzakirələrini əks etdirən videogörüntülərdə sabiq YAP-çı deputat Gülər Əhmədova Rafael Cəbrayılovu da öz gücü ilə deputat seçdirdiyini demişdi.
E.Abdullayevə mandat vəd edən G.Əhmədova bildirmişdi ki, onun gücü kifayət qədərdir: “Rafael qalmışdı kənarda, bilmirdi nə etsin… Mən onun işini həll elədim. Rafael Cəbrayılov gətirib pulunu verdi, işi də həll olundu…”.
Hələ 2010-cu ildə mediada yayılan məlumatlarda 9 saylı Binəqədi seçki dairəsindən deputat seçilmək üçün R.Cəbrayılovun 3 milyondan çox pul xərclədiyi bildirilirdi.
Digər qalmaqal “Dərhal” MMC tikinti şirkəti ilə əlaqədardır. Deputatın qardaşının adına olan şirkətdən şikayətlər var idi.
Politika.Az yada salır ki, Rafael Cəbrayılovla bağlı ortada olan iddialardan biri də onun MTN bağlantıları ilə bağlıdı. Bununla bağlı Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyevin fikirlərini olduğu kimi dərc etmək yerinə düşər:
“Mən Rəfael Cəbrayılov kimi nə qadınları aldatmışam, nə də onların pulunu yemişəm. Rəfael Cəbrayılov onu yaxşı bilməlidir. Rəfael Cəbrayılov cinayət məsuliyyətinə cəlb olunmalı və o hüquq mühafizə orqanları qarşısında cavab verməlidir.
Bu şəxsin keçmişi də mənə bəllidir. Onun vaxtilə Akif Çovdarovla birgə gördükləri iş, ölkəmizin namuslu, qeyrətli xanımlarının başlarına açdıqları oyunların hamısı üzə çıxacaq”.
Məlumat üçün deyək ki, Cəbrayılov Rafael Kamil oğlu 28 dekabr 1958-ci ildə anadan olub. 1976-cı ildə Şirvan şəhər 9 saylı orta məktəbi bitirib. 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi işləyib.
1992-ci ildən isə Azərbaycan Respublikası Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Rütbəsi Ədliyyə müşaviridir .
Qarşı tərəfi dinləməyə hazırıq.