Mikayıl Cabbarov müəllimlərin maaşı ilə necə alver etdi: nazirə hesab dərsi
27-02-2017, 01:37
Hamımıza məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Dövlət ümumtəhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərinn dərs yükünün və əməkhaqqının artırılması haqqında” sərəncamı Mikayıl Cabbarovun təqdimatı əsasında imzalanıb. Sərəncamın yaratdığı narazılığın və çaşqınlığın məsuliyyəti də onun üzərinə düşür. Çətin ki, sərlövhədəki “müəllimlərin dərs yükü” ifadəsi ilə həftəlik iş həcmi norması – stavkanın fərqini ondan başqa kimsə anlamamış ola. Hamımız şahidik ki, bu vaxta qədər Prezident heç zaman belə çətin anlaşılan sərəncam imzalamayıb. Məsələ burasındadır ki, cumhuriyyet.az-a daxil olan şikayətlərə görə, bu sərəncamın adı 120 min region müəllimlərini Prezidentdən narazı saldı, paytaxt müəllimlərini isə əvvəl sevindirdi, sonra isə məyus etdi. Bu məyusluğun səbəbini dəyərli oxucu bir az irəlidə biləcək. Bu sərəncamın layihəsi də eynilə regional təhsil idarələrinin yaradılması haqqında sərəncam layihəsi kimi, Prezidentin masası üzərinə birbaşa qoyulmuşdur. Güman ki, bu sərəncamın da aqibəti törətdiyi fəsadlar aşkar olunduqdan sonra həmin sərəncamın aqibəti kimi olacaq.
Gələk Mikayıl Cabbarovun efirdə sərəncama dair açıqlamalarına. Az adam tapılar ki, o verilişdən sonra başağrı dərmanı qəbul etməsin. Mikayıl Cabbarovun diqqətinə çatdıraq ki, cümlə bitmiş bir fikri ifadə etməlidir. Fikirləri bir-birinə qaynaq etmək anlaşılmazlıq yaradır. Axı onun iki il təhsil aldığı Amerikada cümlənin mübtəda və xəbəri “yoxdur”. Bunlar “aaaaaa…” və “ıııııı…” ilə əvəzlənib. Biz isə cumhuriyyet.az olaraq, nazirin həmin çıxışda nisbətən konkret görünən bircə fikrini dərk etməyə çalışaq. “Azərbaycanda müəllimlərin 64%-i il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır.” Yaxşı ki, bu cümlədə “akademik” sözü işlədilib, yoxsa müəllimlər akademik saatla işlədiklərini “bilməyəcəkdilər”. Görəsən 408 ədədini Mikayıl Cabbarov haradan götürüb? Bu, hansı standartdır? Tədris ili 32 həftədir, müəllimin həftəlik dərs saatlarının miqdarı isə natural ədədlə ifadə olunur. Heç bir natural ədədi 32-yə vuranda 408 alınmır. Hesablamanın niyə məhz 408-ə nəzərən aparılmasını nazirlikdə anlayan olsa, bizi də başa salsın. İkinci cümlədən isə belə çıxır ki, 408-i 32-yə böləndə 17 alınır. Hə, bax bu, riyaziyyatda yeni “kəşf” sayıla bilər. Bu da dil savadına “heyran qaldığımız” M.Cabbarovun ibtidai sinif həcmində olan elementar riyazi savadı. Ölkədə savadsızlığın ləğvinə haradan başlanmalı olduğu göz önündədir. Təhsildən isə sonra danışarıq.
Özünün dediyi kimi, onun qarşısında duran əsas məqsədlərdən biri şagird-müəllim nisbətinin (yəni bir müəllimə düşən şagird sayının) artırılmasıdır. Riyaziyyatçılar yaxşı bilir ki, bu nisbətin artması üçün ya şagird sayı kəskin şəkildə artırılmalıdır, ya da müəllim sayı kəskin şəkildə azaldılmalıdır. Aydındır ki, Mikayıl Cabbarov ölkədə uşaq doğumunu artırmaq iqtidarında deyil. Deməli, qarşıya qoyduğu məqsədə çatmaq üçün mütləq müəllimləri kütləvi şəkildə ixtisar etməlidir. Gördüyümüz kimi, onun efirdən söylədiyi “müəllimlər ixtisar olunmayacaq” fikri əsassızdır. Buradan belə çıxır ki, o, ya nisbətin nə olduğunu bilmir, ya məntiqi nəticə çıxarmaq qabiliyyəti yoxdur, ya da səmimi deyil, yalan danışır. Bu gün ölkədə müəllimlərin həftəlik orta dərs yükü 12 saatdan aşağıdır. Sözügedən sərəncam hər bir müəllimə həftədə 18 saat dərs yükü tələb etməyə hüquqi əsas verir, və bu sərəncama uyğun olaraq həmin 12 saatı 18-ə çatdırmaq üçün müəllimlərin ən azı 33,3%-i yəni təxminən 50 min nəfəri öz işini itirməlidir və onların bir daha öz ixtisası üzrə yenidən işə düzəlmək şansı olmayacaq. Hazırda minlərlə işsiz gənc mütəxəssis və ali pedaqoji təhsil alan on mindən artıq tələbə isə gələcəkdə peşəsinə uyğun iş tapmaq arzusunu bu gündən dəfn etməlidir. Düşünürəm ki, Mikayıl Cabbarovun bu siyasəti anti-millidir və dövlətimizin sosial siyasəti ilə daban-dabana ziddir.
İndi də gəlin təşəbbüskarı Mikayıl Cabbarov olan bu sərəncamın Bakı müəllimlərinə nə verəcəyini aydınlaşdıraq. Sərəncamın birinci hissəsi birmənalıdır. Stavkanın 1,5 dəfə artırılması müəllimin çiyninə qoyulan yükün ağırlığını 1,5 dəfə artırmaqdır və bunun müəllimin ziyanına olmasını deməyə ehtiyac yoxdur. Ulu öndərimiz Heydər Əliyev təhsildə inqilabi dəyişiklik etməyin qəti şəkildə əleyhinə idi. Bəlkə Mikayıl Cabbarov təhsil sferasını ondan yaxşı bilir? Rəhbərlik etdiyi sahədə peşəkar olmayan adamdan bundan artıq heç nə gözləmək olmaz.
Sərəncamın ikinci hissəsini bir qədər ətraflı şərh edək. Tutaq ki, bu gün müəllim həftədə 12 saat (1 stavka) dərsə görə X manat alır. Bundan sonra 18 saat (1 yeni stavka) dərsə görə iki dəfə çox, yəni 2X manat alacaq. Onda əvvəl bir saat dərsin əməkhaqqı X : 12, sərəncamdan sonra isə 2X : 18 = X : 9 olur. İkincini birinciyə bölsək, artımın bir tam üçdə bir dəfə və ya üçdə bir qədər, yəni, təqribən 33,3% olduğunu görərik. Deməli, heç bir tutulma aparılmadan, hesablanan artım təqribən 33,3%-dir. Tutulmalardan sonra əlinə 200 manat alan müəllim üçün əməkhaqqı artımını hesablayaq. Tutaq ki, 200 manat əməkhaqqı üçün tutulmalarsız hesablanan məbləğ X-dir. Sosial sığorta və həmkarlar üçün birgə 5 % bütün məbləğdən tutulur. 14% gəlir vergisi isə bu məbləğin minimum əməkhaqqı qədər hissəsindən (140 manat) tutulmurdu. Yəni – X – 0,05X – (X – 140) x 0,14 = 200
Buradan X » 223 manat alınır. Deməli, əvvəl 223 manat əməkhaqqı hesablananda ələ alınan məbləğ 200 manat olurdu. Yeni sərəncama uyğun artımı tətbiq edəndə 223 manatı 33,3% artırırıq. 223 + 223 : 100 x 33,3 = 297 manat hesablanan əmək haqqıdır. İndi tutulmaları nəzərə alaq. Vergi qaydalarına görə, məbləğ 250 manatdan az olduqda onun 140 manatından vergi tutulmur. Çox olduqda isə bütün məbləğdən tutulur. 14% – vergi, 3% – sosial sığorta, 2% – həmkarlara. Cəmi 19%. 297 – 297 : 100 x 19 = 297 – 56 = 241 manat. Əvvəl ələ alınan əməkhaqqı 200 manat idisə, sərəncamdan sonra 241 manat olur. Deməli, buradan göründüyü kimi, ələ alınan pulun artımı cəmi 20% civarındadır.
Asiya İnkişaf Bankının hesablamalarına görə, 2014-cü ildə Azərbaycanda inflyasiya 9% olmuşdur. Paytaxtda istehlak qiymətlərinin artımı yüksək, bölgələrdə isə aşağı olduğu məlumdur. Mütəxəssislərin fikrincə, Bakıda illik inflyasiya 13-14%, bölgələrdə isə 6-7% olmuşdur. Müəllimlərin əmək haqqı axırıncı dəfə 2013-cü ilin avqust ayında 10% artmışdır. Həmin vaxtdan keçən il yarım müddətində Bakıda inflyasiya 20% civarında olub. Sonuncu sərəncamla müəllimlərin ələ aldığı əməkhaqqının 20% artırılması bu inflyasiyanın əvəzidir. Yəni bu sərəncamın icrasından sonra paytaxt müəlliminin maddi durumu 2013-cü ilin sentyabr ayında necə idisə, elə olacaq. Neftin qiymətinin enməsi ilə əlaqədar manatın məzənnəsi düşsə (bu qaçılmazdır), müəllimin maddi durumu daha da pisləşəcək. Bir şeyi bilmək lazımdır ki, bu sərəncamda məqsəd müəllimin sosial durumunun yaxşılaşdırılması deyil, bunun sabit saxlanmasıdır. Təşəbbüskarı Təhsil Nazirliyi olan bu sərəncamda hədəf aşağıdakılardır:
– Stavkanı 18 saata qaldırmaq.
– Müəllimlərin əməkhaqqının vergiyə cəlb olunmayan hissəsini də vergiyə cəlb etmək;
– Neftin qiymətinin düşməsinin büdcədə yaratdığı problemlərlə əlaqədar kütləvi ixtisarlar aparmaq;
– Mikayıl Cabbarova lazım olan “islahat” görüntüsü yaratmaq;
– Sosial durumundan narazı müəllimlərə bir müddət “əməkhaqqınızı təzəcə iki dəfə artırmışıq, daha nə istəyirsiniz” demək;
Gördüyünüz kimi, bunların hamısı müəllimin və təhsilin ziyanınadır. Dövlət Qoruğundan gələn adam müəllimin, təhsilin mənafeyinimi qorumalı idi? Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin də bununla bağlı mövqeyini bilmək bu təşkilatın büdcəsinə ildə yüz milyon manatdan artıq üzvlük haqqı ödəyən müəllimlər ordusu üçün maraqlı olardı. Sözümüzün sonunda onu xatırladaq ki, Türkiyədə cumhuriyyətin ilk illərində prokurorluq orqanlarında çalışanların əməkhaqqının nə qədər olması barədə Mustafa Kamal paşanın fikrini soruşduqda o, belə cavab vermişdi: “öyrətmənlərin maaşından artıq olmasın”
Cumhuriyyet.az
Qarşı tərəfin fikirlərini dinləməyə hazırıq!
teref.az