LDU-NDƏ İLDIRIMSÜRƏTLİ KARYERA VƏ YA NƏ YOĞURDUM, NƏ YAPDIM, HAZIRCA KÖKƏ TAPDIM…
31-03-2017, 09:35
Deyirlər, niyyətin hara mənzilin ora.
Bu deyimə nəzər salsaq, Lənkəran Dövlət Universitetini bitirən kimi bankda işləyən Zaur adlı birinin qısa müddətdə heç bir ciddi səbəb olmadan universitetin elmi katibi olması əcdadlarımız sanki bugünkü günü görürmüş. Hansı yollarla necəsə dissertasiya müdafiə edən bu şəxs artıq 1 ildən çoxdur ki, heç Ali Attestasiya Komissiyasından təsdiqini də ala bilmir.
Çünki necə ola bilər ki, ali məktəbi bitirəndən sonra 1 saat belə müəllim işləməyən biri gəlib birdən-birə müdafiə edir, elmi katib olur. Bank və ya kredit işində çalışanlar da dediklərimizi təsdiqləyə bilərlər ki, orada yüksək əmək haqqı versələr də, bütün günü də demək olar ki işdə olursan. Hətta çox zaman iş vaxtı bitir, lakin kredit işçisinin işi bitmir o evlərə qapı-qapı düşüb verdiyi kreditləri yığmaqla məşğul olur. Lənkəranda böyük bir elmi kitabxana sisteminin mövcud olmamasını nəzərə alsaq, o zaman belə bir sual meydana çıxır ki, Zaur bəy kredit işçisi işləyə-işləyə haradan vaxt tapıb böyük bir dissertasiyanı yazdı. Yəqin ki, bizim hamımızın səmərəli işinə və fəaliyyətinə böyük hörmətlə yanaşdığımız Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası bu işi dərindən araşdırıb layiqli qiymətini verəcəkdir.
Bank sistemindəki işində öz şəxsi və maddi maraqları naminə problemli kreditlərin verilməsinə şərait yaradan Zaur bəy işdən uzaqlaşdırıldıqdan sonra o bir müddət ali məktəblərə qəbul zamanı TQDK-nın keçirdiyi imtahanlarda müvəffəqiyyət qazanmayan abituriyentlərimizin müxtəlif yollarla Türkiyənin özəl ali məktəblərinə yerləşdirilməsində dəllallıq edirdi. Bəlkə, indinin özündə gizlin də olsa, bu işlə məşğuldur. Ən maraqlısı isə Zaur bəyin işlədiyi müddətdə həm magistraturanı, həm də aspiranturanı əyani oxumasına baxmayaraq dövlətin büdcəsini çapıb-talayan bəziləri kimi təqaüd almasıdır. Məlumdur ki, hansısa müəssisədə həm tam ştat işləmək, eyni zamanda həm də əyani oxuyub təqaüd almaq qanunlarımıza ziddir və bu maliyyə pozuntusudur. Maliyyə və Təhsil Nazirlikləri yazılanları rəsmən araşdırsalar faktların düzgünlüyünün şahidi olarlar. Əmək haqqının az olmasına baxmayaraq, hər zaman elmə, təhsilə bağlı olan insanlarımız cüzi əmək haqqına hətta ucqar dağ kəndlərinə belə gedib işləyən zaman təhsilə, elmə xor baxan Zaur kimilər yüksək qazanc əldə etmək məqsədilə özəl kredit təşkilatlarında işləməyə üstünlük verdilər. Məhz haqq, ədalət baxımından elmə təhsilə gözucu, xor baxan bu tip kəslərin ali məktəblərimizdə gün keçirməsi yol verilməz və tələbə olan övladlarımızın xoşbəxt gələcəyinə kölgə salır. Çünki fəaliyyətinin çox hissəni elmə, təhsilə yox, kredit verməyə sərf bu şəxsin savad dərəcəsi nə olar ki, qarşısındakı tələbəyə də nəsə öyrədə bilsin. Zaur bəyin tələbəliyi, ali məktəb illərində necə oxuması da qədirbilən lənkəranlıların gözünün qabağında olub. Hələ tələbəlik illərində istənilən məsələyə hər bir tələbə yoldaşı kimi normal fikir bildirmək istəyən Zaur bəyin məntiqsiz və gülünc danışığı tələbə yoldaşlarını ona «Mənasız Zaur» ləqəbini verməyə sövq etmişdir. Lakin farslar demişkən, “çi fayda” və yaxud da böyük satirikimiz Mirzə Cəlilin dediyi kimi “nə qədər yazsan da, desən də, zəmanə düzəlmir ki, düzəlmir, baba”. Əlbəttə ki, düzəlməz. Çünki Zaur bəy hələ bank sistemində işlədiyi zaman bəd ayaqda özünün gələcəyini təmin etmək məqsədilə avtomobil, müdafiə etmək tədarükünü edən zaman bankdakı işini itirəndə işləmək üçün də rektor əvəzi Natiq İbrahimovun həm elmdə, həm də işdəki sələfi olan Asəf İsgəndərovu vaxtında “görüm-baxım” etməklə bu sahədə heç bir iş təcrübəsi, səriştəsi olmasa da birbaşa cənub bölgəsinin böyük və yeganə ali təhsil ocağı olan Lənkəran Dövlət Universitetinin elmi katibi vəzifəsinə təyin olunmuşdur. Məgər uzun illər ömrünü bu ali təhsil ocağında şam kimi əridən layiqli bir insan yox idimi, elm və təhsil sahəsində səriştəsiz olan Zaura bu kürsü ənam verildi. Zaur bəy qısa müddətdə işləməyinə baxmayaraq, nəinki özünə işlədiyi vəzifədə ömürlük toxunulmazlıq qazanmış, hətta vaxtilə bankda ona yaxın olan yoldaşlarını da işlərini itirdikdən sonra LDU-da tyutor işinə düzəltmişdir. Bir sözlə, Lənkəran Dövlət Universiteti bankdan qovulmuşların sığınacaq yerinə çevrilmişdir. Həm keçmiş, həm də hazırkı rektor əvəzinin sağ əli olan Zaur vaxtında Asəf İsgəndərovu yaxşı gördüyündən o da gedəndə onu elmi məsləhətçisi olduğu xələfi Natiq İbrahimova möhkəm tapşırmışdı. Çünki Natiq İbrahimov işləmək üçün ona müraciət edənləri təyinatı üzrə kadrlara deyil, nədənsə Zaur bəyin yanına göndərir və beləliklə də, Lənkəran Dövlət Universitetində işləmək istəyənləri müqəddəratı Zaurdan asılı olur. Əgər onun keyfi istərsə həmən adam orda işləyəcək, istəməzsə işləməyəcək. Vəziyyət o qədər dərinləşib, yəni Zaur bəy Natiq İbrahimovun etimadını o dərəcədə qazanmışdır ki, hətta doktoranturaya qəbulda da kimin qəbul olunması Zaurun istəyindən asılıdır. Sonunda Azərbaycan rəhbərliyinin və ictimaiyyətinin nəzərinə çatdırmaq istərdik ki, təhsilimizə, elmimizə gözucu, barmaqarası baxan Zaur kimilərin son sığınacaq tapdıqları yer çarəsizlikdən Lənkəran Dövlət Universiteti olsa da, onun tutduğu mövqe və bundan istifadə edərək bu ali təhsil ocağında at oynatması böyük bir tarixi keçmişi olan təhsilimizə sayğısızlıq və utanc gətirməkdən başqa bir şey deyildir!
P.S. Yazı materialı saytın elektron poçtuna göndərilmişdir.Media Xəbərləri//
Qarşı tərəfin fikrini də öyrənməyə hazırıq.
teref.az