"Əmanətçilərin barəsində MTN-ə məlumatı Etibar Əliyev ötürürmüş..." - Belə deyirlər...

3-04-2017, 10:05           
"Əmanətçilərin barəsində MTN-ə məlumatı Etibar Əliyev ötürürmüş..." - Belə deyirlər...
Keçmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsinin şöbəsi rəisi, polkovnik Vüsal Ələkbərovun işi üzrə növbəti məhkəmə prosesi baş tutdu. Amma bu dəfəki proses qalmaqallı oldu.
Bu barədə "Təzadlar"a zərərçəkmişlərdən biri-Vüsal Ələkbərov və MTN-nin Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şıxəliyev tərəfindən 2 milyon dolları ələ keçirilmiş Hüseyn Səfərli bildirdi. O, bildirdi ki, bu dəfəki prosesə "Texnikabank"ın sədri Etibar Əliyev də gəıtirilib və dindirilib... E.Əliyev məhkəmə prosesində dindirilərkən bütün zərərçəkənlər iş üzrə şahid qismində ifadə verən “Texnikabank”ın sahibi olmuş Etibar Əliyevi Eldar Mahmudovla əlbir olmaqda günahlandırıblar. Zərərçəkənlər deyiblər ki, Vüsal Ələkbərovun və istintaq idarəsinin rəisi, general Mövlam Şıxəliyev hədə-qorxu, təhdid yolu ilə onların milyonlarla dollar pulunu mənimsəyib. Halbuki onlar “Texnikabank”ın iri əmanətçiləri olub.


"Əmanətçilərin barəsində MTN-ə məlumatı Etibar Əliyev ötürürmüş..."

Zərərçəkənlərdən H.Səfərli deyir ki, "Biz bankın əmanətçiləri idik... Müxtəlif adamlar evini, əmlakını satıb bu banka, vaxtilə "Vahid bank"a əmanət qoyulan kimi, pulunu əmanət kimi bu bankın Bakı filialına yerləşdirirdi... Mən də həmçinin. Sonradan MTN-nin idarə rəisi və şöbə rəisləri bizi çağırıb bu qədər pulu haradan aldığımızı, guya banka ziyan vurduğumuzu və s. deyərək bizi qorxudub pul tələb edirdilər. Kim bir balaca etiraz edirdisə, dərhl həbs edirdilər, sonra hamı dözməyib tələb olunan rüşvəti Vüsal Ələkbərovun vasitəsi ilə Mövlam Şıxəliyevə verirdik... İndi sual olunur: "Bank sirri haqqında" Qanun tələb edirdi ki, əmanətin sirri qorunsun. Bəs əmanətlər barədə MTN-ə məlumatı, yəni siyahını kim ötürmüşdü? Təbii ki, Etibar Əliyev...".
Digər əmanətçilər də başlarına gələnlərə görə Etibar Əliyevi günahlandırıblar və deyirlər ki, bankda böyük məbləğdə əmanətləri olan müştərilərin siyahısını da MTN-nin naziri Eldar Mahmudova ötürən məhz Etibar Əliyev olub... "Çünki Etibar Əliyev əvvəllər Eldar Mahmudovla əlbir olub. Nəticədə, həmin adamları çağırıb pullarını əllərindən alıblar... Bu hələ o vaxt bilinirdi. Amma qorxudan heç kim səsini çıxarmırdı...".
Etibar Əliyev məhkəmə ifadəsində bu iddiaların yalan olduğunu deyib: "...Mən Eldar Mahmudovla necə əlbir ola bilərəm? Mənim özümü də aylarla həbsdə saxlayıblar”.
Zərərçəkən Hüseyn Səfərli "Təzadlar"a bildirdi ki, hazırda E.Əliyevin özü də kredit borclarına görə ağır durumdadır: “Etibarın özü də həbsdən çıxmaq üçün banklardan külli miqdarda pul götürüb, MTN-ə verib. İndi də hər ay banklara 250 min manat kredit ödəyir”.
H.Səfərli deyir ki, "Mən bu faktları deyəndə Etibar Əliyev banklara kredit borcu olmasını inkar etmədi və əsəbləşərək “Banka krediti mən ödəyirəm, sənə nə dəxli var?”, dedi...
***
Etibar Əliyev məhkəmədə onu da deyib ki, bu işdəki zərərçəkənlərin “Texnikabank”ın “Bakı” filialının sabiq müdiri Zal Yusifovla yaxın münasibətləri olub. Z.Yusifov onların pullarını ələ keçirib: “Zal Yusifov Hüseyn Səfərova deyib ki, gəl, birlikdə bank açaq. Hüseyn Səfərov da qohumlarından pulları yığıb, ona verib. Sonradan Zal Yusifov bankın kassasından oğurluq edərək, onlara aylıq əmanət faizi verib. Həmin vaxt mən məzuniyyətdə olmuşam. Bu məsələ araşdırıldı, Zal Yusifovu işindən kənarlaşdırdıq. Yəni zərərçəkmişlərin pulları bankın balansına oturdulmayıb, onları Zal Yusifov mənimsəyib”.
Zərərçəkən Hüseyn Səfərov deyir ki, o, Etibar Əliyevi bu işə görə ittiham edib. Bu zaman E.Əliyev əsəblərini cilovlaya bilməyib və hakimə üzünü tutaraq deyib ki, iş ki belədir, xahiş edirəm, MTN-də zərərçəkənin haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işi yenidən bərpa edilsin. Lakin bu zaman hakimlər Etibar Əliyevə şahid kimi ifadə verdiyini xatırladaraq, ondan səlahiyyət həddini aşmamağı, zərərçəkəni suçlamamağı tələb ediblər.

Mövlam Şıxəliyevlə Etibar Əliyevin həbsi reallaşa bilər...

Zərərçəkənlərin sözlərindən məlum oldu ki, MTN-in İstintaq İdarəsinə rəhbərlik etmiş general Mövlam Şıxəliyevin və Etibar Əliyevin həbs olunmasından ötrü zərərçəkənlərin Prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də digər dövlət qurumu rəhbərlərinə müraciət ediblər. Onların şikayət məktubları Ali Məhkəməyə göndərilib. Hakimlər kollegiyasının mövqeyi də konkret oldu: “Biz də həmin məktubları cinayət işinə əlavə edirik və məhkəmə iclasında araşdırılacağı barədə qərar qəbul edirik”.
***
Xatırladaq ki, hazırda Dövlət Təhlükəsizlik Xidmətində çalışan, əvvəllər Vüsal Ələkbərovla bir işləmiş Rövşən Hüseynov məhkəməyə şahid kimi çağrılıb, amma o, məhkəməyə gəlməyib, həmçinin teleqram vuraraq, işinin çox olduğunu, ibtidai istintaqa ifadəsini təsdiqlədiyini bildirib.
Vüsal Ələkbərov keçmiş iş yoldaşının məhkəməyə gəlməməsinə etiraz edib: “Bu adam müstəntiqdir, zərərçəkən Akif Qurbanovun işini aparıb. Çox həqiqətləri bilir. Bu şahidin ifadəsinin elan olunması ilə kifayətlənsək, o biri müstəntiqlər də məhkəməyə gəlməyəcək. Akif Qurbanovla bağlı epizod dövlət mənafeyi ilə bağlı məsələdir, mənim bununla bağlı Rövşən Hüseynova suallarım var. Burada mənim taleyim həll olunur, tələsmək lazım deyil. Heç mən özüm də tələsmirəm. Məni qarşıda 15 il həbsxana həyatı gözləyir”.
Xatırladaq ki, Vüsal Ələkbərovun işi üzrə məhkəmədə general Mövlam Şıxəliyev də ifadə verib, o, barəsində irəli sürülən ittihamların heç birini qəbul etməyib. Mövlam Şıxaəliyevin əleyhinə çoxsaylı dəlillər və zərərçəkənlərin ifadələri olsa da onu nəyə görəsə həbs etməyiblər.

Etibar Əliyevin barəsində hökm var?

Maraqlı bir məqam: "Texnikabank"ın sahibi olmuş Etibar Əliyevin hər ay banklara 250 min manat kredit ödəməsini, həbsdən çıxmaq üçün külli miqdarda pul verdiyini hamı deyir, özü də bu barədə dolayısı ilə etirafını söyləyib, Eldar Mahmudov tərəfindən həbsə atıldığını bildirib... Həbsdən isə elə-belə çıxmayıb. Elə isə, bəs o, külli miqdarda rüşvəti MTN-də kimə verib???
Nəhayət, E.Əliyev məhkəmədə barəsində hökm olmadığını deyib... Lakin "Təzadlar"a təqdim edilən məhkəmə və istintaq materialından məlum olur ki, Etibar Əliyevin barəsində məhkəmə hökmü var.
-Bəs Etibar Əliyev Az. CM-nin hansı maddələri ilə ittiham olunub?
-Onun barəsində hökm necə çıxarılıb?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.