Yol polisi “Şəmi”nin kobud qayda pozuntusu - Pərdə qalmaqalı/ VİDEO
4-04-2017, 13:30
Bir neçə gün əvvəl əlil gəncə qarşı zorakı hərəkətlər etməklə mətbuatın gündəminə gələn Masallı Yol Polisi Bölməsinin baş inspektoru, kapitan "Şəmi” ləqəbi ilə tanınan Şəmşir Kərimovla bağlı maraqlı məqam ortaya çıxıb.
BakiPost.az xəbər verir ki, işlədiyi ərazidə avtomobillərdə əlavə avadanlıqların quraşdırılması, konstruksiya dəyişikliyinə və pərdə taxılmasına qarşı qəddar davranması ilə seçilən baş inspektor öz şəxsi avtomobillərində məhz bu qanunazidd əməlləri həyata keçirib. Masallı sakinlərinin sözlərinə görə, ona məxsus olan, əsasən oğlunun idarə etdiyi "Niva” markalı avtomobildə konstruksiya dəyişikliyi edilərək ön təkərlər qaldırılıb. Bundan başqa Şəmşir Kərimovun özünün idarə etdiyi (texniki pasportu öz adınadır) 44 BC 999 nömrə nişanlı "Mercedess” markalı avtomobil kustar üsulla quraşdırılmış pərdələrlə sürülür.
Şikayətçilər dediklərini sübut etmək üçün redaksiyamıza video da göndəriblər. Bakı-Ələt şosesində, aprelin 1-i, saat 12:45-də çəkilən videodan görünür ki, avtomobilin arxa qapılarında pərdə var. Videonu göndərən Masallı sakinləri iddia edir ki, həmin vaxt yol polisi Ş.Kərimov sərnişin kimi əyləşib, avtomobili isə onun oğlu idarə edir.
"Gördüyünüz kimi, "Şəmi” özü pərdə ilə gəzir. Oğlu da avtomobili məhz belə idarə edir. Rayonda isə hamını pərdəyə görə saxlayır və cərimələyir. Yerli camaat isə bundan qıcıqlanır. İnanın ki, onların pərdə ilə gəzməsindən sonra sanki acığa hamı pərdə taxmağa başlayıb. Necə ola bilər ki, polis özü tabe olmadığı qanunlara adi vətəndaşların tabe olmasını tələb etsin?! Yadımızdadır ki, daxili işlər naziri Ramil Usubov müşavirələrin birində polislərə dedi ki, zəhmət çəkib özünüz kəmər taxın ki, sürücülərdən də bunu tələb edəsiniz. İndi bu "Şəmi” özü bütün yol hərəkəti qanunlarını kobud və nümayişkaranə şəkildə pozur. Amma eyni hərəkətləri edən sürücüləri amansızcasına cəzalandırır. Bu necə ola bilər?” - deyə şikayətçilər sual edir.
Məsələ ilə bağlı Şəmşir Kərimov BakiPost.az-a açıqlamasında iddiaları təkzib edib: "O avtomobili mən idarə etmirəm, qardaşıma vermişəm. İnanmıram ki, o, pərdə ilə idarə etsin. İkinci, pərdəylə idarə edirsə, saxlayıb cərimələsinlər. Bunun mənə nə dəxili?”.
Videoya gəlincə, baş inspektor buna inanmadığını deyib: "Həmin maşında açılıb bağlanan pərdə var. Lakin onlar qanunun icazə verdiyi müddətdə istifadə olunur. İnanmıram qardaşım qanunları pozsun. Ola bilər ki, həmin video indi deyil, başqa vaxt, yəni pərdə taxılmasına icazənin olduğu vaxt çəkilib”.
Qeyd edək ki,bir neçə gün əvvəl Masallı rayon sakini, ikinci qrup əlil olan Rüstəm Qasımov Ş.Kərimovla bağlı Ramil Usubova müraciət edib. O, şikayətində bildirib ki, martın 30-da, axşam saat 21:30 radələrində Masallı rayonundakı dairədə idarə etdiyi 10 CS 055 dövlət nömrə nişanlı "Jeep Grand Cherokee” markalı avtomaşını saxlayaraq yol polisi əməkdaşları ilə salamlaşıb. Bu zaman yolun əks tərəfində olan Masallı rayon Dövlət Yol Polisi Bölməsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimov ona maşından düşüb yanına gəlməyi əmr edib: "Maşında oturmuşdum. Mənə dedi ki, tez maşından düş, qaçaraq yanıma gəl. Mən də soruşdum ki, bu nə hərəkətdir, bu necə adam çağırmaqdır? O da əsəbləşib özü mənə yaxınlaşdı. Maşının qarşısına keçib yerə düşməyimi tələb etdi. Mən soruşdum ki, axı niyə düşməliyəm, hansı qaydanı pozmuşam? Heç nə demədən başqa bir inspektora göstəriş verdi ki, onun sənədlərini al. Həmin inspektor yaxınlaşıb özünü təqdim etdi və sənədləri istədi. Sonra isə əlini pəncərədən salıb qapını açdı. Bu zaman hamının "Şəmi" kimi tanıdığı Şəmşir Kərimov sol ayağımdan tutaraq məni sürüyüb maşından yerə saldı. Mən 11 ay əvvəl Bakıda DTX-nın hospitalında belimdən əməliyyat olunmuşam. Hazırda belimdə 6 implant var, 23 yerdən tikiş qoyulub. Özüm də ikinci qrup əliləm. Onlara heç bir müqavimət göstərmədən tabe oldum. Məni yol polisi maşınına mindirib şöbəyə apardılar. Mən yenə də bildirdim ki, qayda pozmuşamsa bunun arxasında dayanıram. Pərdə taxmışamsa yerində cərimə yazsınlar, çıxım gedim. Çünki pərdəni elə yerindəcə aşağı salmaq mümkündür. Mən bunu etiraf edirəm. 150 manat cəriməni yazsın, mən də gedib ödəyim. Amma heç nədən maşını cərimə meydançasına apardılar. Mənə qarşı nalayiq hərəkətlər etdilər, Hamı bunu gördü, şahidlərim var. Hadisə baş verən yerdəki obyektin kamerasına da baxa bilərlər. DYP avtomobilindəki kameraya da baxsınlar ki, məni necə sürüyüb maşından yerə salırlar. Masallıda çox sürücü Şəmidən narazıdır. Çünki ürəyi nə istəsə onu da edir. Mən iş adamıyam, başımı aşağı salıb işləyirəm. Mənim kimi çox adamı incidir, az qalır desin ki, çıxın gedin burdan".
Məsələ ilə bağlı DİN-in mətbuat xidməti açıqlama yayaraq, sürücünün şikayətinin heç bir əsasının olmadığını bildirib.