“Sutəmizləyici Qurğular”-ı kim “susuz” qoydu?- QORXMAZ HÜSEYNOVLA QOHUMUNUN KORRUPSİYA "ƏMƏLİYYATI"
4-04-2017, 16:35
Cəmi il yarım il bundan öncə istifadəyə verilən Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi yararsız vəziyyətə düşüb.
Belə ki, kompleksdə quraşdırılan ultrasuzgəcli sutəmizləyici qurğular sıradan çıxıb və suyu təmizləmə qabliyyətini itirib.
Gununsesi.info-ya daxil olan ilginc məlumatlara görə, artıq milyonlarla dollara alınan avtomatik işləmə qabiliyyətinə malik olan ultrasüzgəcli sutəmizləyici qurğuların tez bir zamanda sıradan çıxmasına isə tikinti işlərinin keyfiyyətsiz, yararsız vəziyyətdə aparılması səbəb olub.
Məlumata görə, kompleksin tikintisini aparan “Azərsu” ASC prezidenti Qorxmaz Hüseynovun yaxınlarına məxsus «Hidro-Lotus» MMC olub. Layihəyə uyğun olaraq kompleksin tikildiyi yerin mürəkkəb geoloji əraziyə malik olmasına baxmayaraq, tikinti işləri keyfiyyətsiz görülüb və nəzərdə tutulan qaydalara əsasən aparılmayıb. Elə buna görə də kompleksin tikintisinin istifadəsi bir il yubadılıb.
Çünki tikinti işləri tələsik aparıldığından ərazidə tamamlama işləri yekunlaşandan sonra ərazidə torpaq çöküntüsü və döşəmə plitələr qopmağa başlayıb. Bundan əlavə olaraq quraşdırılan nasoslar və digər qurğular işləməyib. Vəziyyətdən çıxış yolu kimi “Azərsu” rəhbərliyi komplkesin istifadə verilmə müddətini uzatmağa qərar verir.
Çatışmazlıqları aradan qaldırmaq üçünsə şirkətin “daxili resursları və imkanları” hesabına vəziyyətdən çıxmağa çalışılır. Kompleksin tikintisinə büdcədən əlavə vəsait ayırtdıra bilməyən Qorxmaq Hüseynov “Azərsu”-nun mütəxəssisləri və işçilərini bir neçə növbədə işə “cəlb etdirərək” “Hidro-Lotus” MMC-nun içini yenidən gördürməli olur.
Baxmayaraq ki, “Azərsu” ASC-nin işçiləri orada gecə-gündüz bir ildən artıq işləsələr də, buna görə əlavə əməkhaqqı almayıblar. Qurğu istifadəyə verildikdən sonrakı müddətdə də, oranın əməkdaşları bu işləri görməkdədirlər. Ancaq tikintinin ilk zamanında verilən nöqsanları aradan qaldırmaq mümkün olmur ki, olmur. Çünki tikinti işləri bünövrədən səhv aparıldığından təmir-bərpa, yenidənqurma işləri lazımi effekti vermir. Bunun nəticəsində də ultrasüzgəcli sutəmizləyi kompleks üçün quraşdırılan nasos və digər qurğular sıradan çıxıb və işləmir.
İndi məcburiyyət qarşısında qalaraq sutəmizləyici qurğuya su köhnə ata-baba qaydasında işləyən nasoslar vasitəsi ilə ötürülür. Yəni, artıq su təmizləyici qurğulara avtomatik işləyən qurğular vasitəi ilə deyil, mexaniki qaydada işləyən nasoslar vasitəsi ilə ötürülür. Hansı ki, yeni kompleksdə insan əməyi olmadan suyun avtomatik qaydada təmziləyici qurğulara ötürülməsi nəzərdə tutulurdu. Orada çalışan əməkdaşların dediyinə görə, elə zaman olur ki, təmizləyici qurğu suyu lazımi səviyyədə çatdıra bilməyəndə, hətta, su birbaşa təmizlənməmiş qaydada istehlakçıya ötürülür.
Hansı ki, layihəyə əsasən sugötürücü qurğu və boru xətlərinin bir hissəsi gölün dibində quraşdırılmalı idi. Bu layihəni reallaşdırmaq, yəni, gölün dibində suyun bulanıqlığının qarşısının alınması üçün xüsusi layihə hazırlanıb və sugötürücü boruların qapalı, mikrotunel üsulu ilə quraşdırılmasına qərar verilir. Tikinti-quraşdırma işlərinin etibarlı və təhlükəsiz aparılmasını təmin etmək üçün gölə 400 tonluq xüsusi təyinatlı, həmçinin yedəkçi gəmiləri buraxılıb. Xüsusi təyinatlı gəmi vasitəsilə suyun altında mürəkkəb hidrotexniki qurğular quraşdırılsa da, bu zaman işlər keyfiyyətli görülməyib.
Bununla yanaşı layihəyə əsasən göldən lazımi həcmdə suyun götürülməsini təmin etmək üçün üç iri diametrli kəmər, sugötürücü başlıqlar və bölüşdürücü kamera inşa olunub və gölün içərisinə doğru üç kəmər çəkilib. Mikrotunel üsulu ilə quraşdırılan xətlərin tikintisində dəmir-beton borulardan istifadə edilib. Sonra əraziyə hazır dəmir-beton özül pilətə yerləşdirilərək, suqəbuledici başlıqlar onun üzərində quraşdırılıb.
Bu xətlərin 245 metrlik hissəsi Ceyranbatan gölünü qidalandıran kanalın və mövcud boru xətlərinin altından keçməklə inşa edilib.
Təmizləyici qurğuya ötürülən suyun ilkin təmizlənməsi və onun həcminin müəyyən edilməsi mexaniki süzgəc binasında aparılır. Burada quraşdırılan avtomatik yuyulan torşəkilli süzgəclər suyun tərkibindəki iri hissəcikləri tutmaqla, ilkin təmizləmə prosesini həyata keçirir. Subölüşdürücü kameradan təmizləyici qurğuya çəkilən kəmərlərin hər birinin üzərində ultrasəs prinsipinə əsaslanan sayğaclar quraşdırılıb və onlar emala yönəldilən xam suyun həcmini dəqiq ölçməyə imkan verir. Mexaniki süzgəclərdə ilkin təmizləmədən keçən su 10 min kubmetr tutumu olan xam su anbarına toplanır.
Burada quraşdırılmış səviyyəölçən və siyirtmələr daxil olan, eləcə də emala ötürülən suyun həcmini onlayn rejimdə tənzimləyir. Elə ciddi xətalara tikintinin bu hisəsində yol verilib ki, nəticədə də düzgün mühəndis-tikinti işləri aparılmadığından ultrasutəmizləyici qurğular işləməz hala düşüb. Orada quraşdırlan nasoslar və digər qurğuların əksəriyyəti işləmir.
Gununsesi.info-ya verilən digər məlumata görə, burada tikinti işləri aparılan zaman ciddi maliyyə maxinasiyalarına və korrupsiya hallarına yol verildiyindən işlər keyfiyyətli görülməyib və qiyməti milyonlarla dollarla qiymət ölçülən, uzun müddət istismar dövrü olan müasir qurğular yararsız vəziyyətə düşüblər. Hansı ki bu müasir qurğular dövlət hesabına qiymətindən qat-qata baha qiymətə sənədləşdirilərək, Cənubi Koreyadan alınıb. Sonra isə Cənubi Koreyadan alınan nasos və qurğular baha oluğundan, ondan qat-qat ucuz olan Çin istehsalı nasos və quruğuların alınmasına üstünlük verilib. Çin istehsalı olan qurğular da şişirdilmiş qiymətlərə alınıb. Bu yolla “Azərsu” rəhbərliyi milyonlarla dövlət vəsaitini mənimsəyib.
Qeyd edək ki, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin yaradılması layihəsi çərçivəsində ümumilikdə, 30 kilometr uzunluğunda müxtəlif diametrli boru, 116 nasos, 6 transformator quraşdırılıb, ərazidə yaşıllaşdırma işləri görülüb, 150 minə yaxın ağac və kol əkilib. Kompleksin ayrı-ayrı hissələrinin tikintisi və quraşdırılmasına dünyanın bu sahədə məşhur ixtisaslaşmış şirkətləri, həmçinin, 30-dək yerli podratçı təşkilat cəlb olunub.
Qeyd: Bu kompleksin əsas tikinti işlərini həyata keçirən «Hidro-Lotus» MMC tərəfindən həyata keçirilib. «Hidro-Lotus» MMC “Azərsu” ASC-nin prezizdenti Qorxmaz Hüseynovun qaynı Cəbrayılov Namiq Cidalı oğlu tərəfindən 2011-ci ildə təsis edilib.
«Azərsu» prezidentinin qaynının cəlb olunduğu başqa bir şirkət isə «Hidro-Lotus» MMC-dir. «Hidro-Lotus» MMC, «Hidro-İnşaat Servis» MMC yaradılandan 3 ay sonra – 2011-ci il iyulun 26-da qeydiyyatdan keçib.
«Hidro-Lotus» MMC-nin 70 faizi «Hidro-İnşaat Servis»ə, 30 faizi isə Türkiyənin «Lotus Müteahhitlik Planlama İnşaat Mühendislik Enerji Madencilik Ve Taşimacilik Anonim Şirketi»nə (qısaca «Lotus») məxsusdur.