İcra başçısı ov zamanı adam vurub?- Abdin Fərzəliyevlə bağlı İLGİNC İDDİA
5-04-2017, 07:40
Mediada Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevlə bağlı olduqca ilginc iddialar özünə yer alıb.
AFN rubrika.az saytında dərc edilən materialı zəruri redaktələrlə təqdim edir:
Ölkədə məmur özbaşnalıqlarının dəfələrlə ciddi rezonans doğurduğu, hətta bir neçə dəfə kütləvi narazılıq dalğası yaratdığı yaxın keçmişimizin acı xatirələridir. Vəzifə kürsüsündə özünü əvəzedilməz hesab edən, sanki toxunulmazlıq statusu alıbmış kimi ard-arda qanunsuzluqlara imza atan məmurlar həm də bahalı əyləncələri, qeyri-adi hobbiləri ilə diqqət çəkirlər. Onların belə “həvəslərinin” aldıqları əmək haqqı, tutduqları mövqe ilə qətiyyən uzlaşmadığı üçün haqlı olaraq belə bir sual meydana çıxır: Əcəba, nəyin hesabına?
Gəlin bu suala öz bahalı əyləncələri, “qanlı” hobbisi ilə məhşur olan Nərimanov rayon icra hakimiyyətinin başçısı Abidin Fərzəliyevin timsalında cavab axtaraq.
Fərzəliyev öz dəbdəbəli həyat tərzi, bahalı əyləncələri ilə zaman-zaman gündəmin əsas qəhrəmanlarından biri olub. Onun bahalı ov itləri saxlaması, bu cins itlərə olan xüsusi diqqəti hər kəsə bəllidir. İcra başçısının 20 min manata İngiltərədən it gətizdirməsi, hətta itinə qulluq etmək üçün həmin ölkədən təlimçi də dəvət etdirməsi məlumdur. Hər ay öz itlərinə on min manatdan çox vəsait sərf edən başçının bütün bunları “quru maaşla” etməsinə isə heç uşaqları da inandırmaq olmaz.
Ov itlərinə olan belə diqqət həm də icra başçısının ovçuluğa olan sevgisindən qaynaqlanır. A. Fərzəliyevin hətta dövlət qoruqlarında, milli parkıarda belə azad şəkildə ov etməsi haqqında da məlumatlar istənilən qədərdir. İcra başçısının “ov macəraları” haqqında Rubrika.az-a olduqca ilginc informasiyalar daxil olub. Məlumatda bildirilir ki, qızığın ov həvəskarı olan başçı ov etdiyi zaman səhvən adam vurub. Başçının gülləsinə tuş gələn şəxsi xilas etmək mümkün olmasa da A. Fərzəliyev müxtəlif yollarla özünü xilas etməyi bacarıb. Düzdür, bu əməlinə görə bərk danlanılıb və bir daha ov etməmək barəsində tapşırıq alıb. Ancaq məlumatlara əsasən son zamanlar yenə də başçı “ov ovlamaqla, quş quşlamaqla” məşğuldur.
Abidin Fərzəliyevin ov etmək üçün özünəməxsus müxtəlif cins itləri vardır və həmin itlərin sayı 20-yə yaxındır. Bu bahalı itlərə xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğudur. İcra başçısının ova 10-a yaxın müxtəlif "Cip”lə gəldiyi bildirilir. Nəzərinizə çatdıraq ki, Sarı 2 kəndi əsasən ovçuluq və balıqçılıq üzrə ixtisaslaşan kənddir. O da qeyd olunur ki, son dövrlərə qədər icra başçısının ov yoldaşları arasında mühüm dövlət adamları da olub. Hətta adı nurçu qalmaqalında hallandığı üçün Prezident Administrasiyasından uzaqlaşdırılan Elnur Aslanovun da bir neçə dəfə başçının qonağı olduğu söylənilir.
Son illər ölkədə aparılan quruculuq işləri prosesində Nərimanov rayonunda da müəyyən abadlıq işləri görülüb. Lakin bu zaman dövlətin ayırdığı vəsait xüsusi ciblərə axdığı üçün əsas zərbəni sahibkarlar, idarə və müəssisə rəhbərləri görüblər. Dövlət büdcəsindən ayrılan pullar mənimsənildiyi üçün görülən işlərin yükü qeyd etdiyimiz şəxslərin çiyinlərinə düşüb. Ümumiyyətlə 11 il ərzində Nərimanov rayonu talançılıq siyasətinin qurbanı olub. Rayonda bütün gəlirli sahələri nəzarətə alan icra başçısı barəsində edilən şikayətlər astronomik həddə çoxalıb. Rayonda satılması mümkün olan torpaqların axırına çıxıldığı üçün satılması mümkün olmayan ərazilər də satışa çıxarılıb. Təsadüfi deyil ki, A. Fərzəliyevin əməlləri prezident səviyyəsində belə tənqidlərə tuş gəlib.Müşavirələrin birində də prezident qeyd etdi ki, bəzi icra hakimiyyəti başçıları rəhbərlik etdikləri rayonlarda torpaqları satıb qurtarıb. İndi də keçiblər həyətlərdəki parkların, yaşıllıqların ərazisini satmağa. Orada ofis və əyləncə mərkəzləri tikdirirlər: "Adını çəkməyəcəyəm, bu yaxınlarda rayonlardan birinin icra başçısı yaşayış binalarının həyətində böyük ofis tikmək istəyib. Özü də Heydər Əliyev Fondunun adından istifadə edərək. Bildirirəm ki, Heydər Əliyev Fondu ən kasıb insanlara əl tutur, onların problemlərini həll edir. Mən Hacıbala Abutalıbova tapşırıq verdim ki, həmin icra başçısı ilə ciddi danışsın".
Lakin daxil olan məlumatlarda bildirilir ki, belə sərt tənqid, xəbərdarlığa baxmayaraq A. Fərzəliyev nəinki fəaliyyətində dönüş yaradıb, əksinə öz əməllərinin coğrafiyasını bir az da genişləndirib.
Məlumatlara görə, Abidin Fərzəliyev Nərimanov rayonunun ərazisində yerləşən və «erməni qəbristanlığı» kimi tanınan ərazidə şadlıq evi, fitnes klub və digər gəlir gətirən obyektlər inşa etdirib. Verilən bilgilərə görə, hazırda həmin obyektlərin içində təmir-bərpa işləri başa çatmaqdadır. Yaxın vaxtlarda isə istifadəyə veriləcək.
PS. Yazı hazırlanarkən mövzu ilə əlaqədar münasibət bildirmək üçün Şahmar İbadovun köməkçisi Ağamir adlı şəxslə əlaqə saxladıq. O, Şahmar İbadovla görüşməyimizin qeyri-mümkün olduğunu bildirdi.