Ruhi xəstəyə qarşı vəhşi münasibət - ŞİKAYƏT
7-04-2017, 09:47
«Əlil arabasında gətirdilər, halı üstündə deyildi. Dedilər, «apar, bir yoxlatdır». Apardım, rentgen elədilər, məlum oldu ki, bud sümüyündə səkkiz yerdən sınıq var. Hadisənin üstündən 1 ay 15 gün keçib, xəstə qardaşımla kobud davranan, vaxtında tibbi yardım göstərməyən həkimlərlə bağlı heç bir tədbir görülməyib».
Qəbələ sakini Ramin Musayev 1 saylı Respublika Psixiatriya Xəstəxanasının rəhbərliyindən şikayətçi düşüb. O, həmin xəstəxanada müalicə alan 35 yaşlı qardaşı Namiqin döyülərək ayağının sındırıldığını və tibbi yardım göstərilmədiyini, bununla bağlı şikayətlərinin araşdırılmadığını deyir.
R.Musayevin sözlərinə görə, bu il fevralın 21-də xəstəxanadan ona zəng vuraraq qardaşının vəziyyətinin ağırlaşdığını deyiblər və təcili xəstəxanaya gəlməsini tapşırıblar. R.Musayev özünü xəstəxanaya çatdırıb, gördüyü mənzərədən məyus olub: «Qardaşımı əlil arabasına qoymuşdular, özündə deyildi, dedilər ki, təcili apar bir yerdə müayinə etdir, gör buna nə olub. Mən də apardım rentgen elətdirdim, dedilər, ayağının bud sümüyündə 8 sınıq var, ancaq yardım göstərmədilər. Mən də məcbur olub Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurdum».
Səhiyyə Nazirliyi məsələ qarışandan sonra R.Musayev qardaşını 3 saylı Şəhər Klinik Xəstəxanasına aparıb. Orada Nazirliyin tapşırığı ilə xəstəyə lazımi tibbi yardım göstərilib, o, xəstəxanada bir neçə gün stasionar müalicə alıb. R.Musayev məsələni araşdırmağa çalışanda psixiatriya xəstəxanasının əməkdaşları ona xəstə qardaşının yıxıldığını deyiblər. R.Musayev əməkdaşların dedikləri ilə kifayətlənməyib, xəstəxanada müalicə alan xəstələri danışdırıb: «Qardaşımla eyni şöbədə saxlanılan bir neçə xəstə ilə söhbət elədim, dedilər ki, həkim Namiqi taxtayla vurub, Namiq də yerə yıxılıb, qışqırtısı aləmi götürüb. Aparıb otaqlardan birinə salıb qapını bağlayıblar. Xəstələrdən öyrəndim ki, həkimlər onlarla kobud davranır».
R.Musayev qardaşının başına gələnlərin araşdırılmasını tələb edir: «Hətta özü yıxılmışdısa da, nəyə görə xəstəyə yardım göstərilməyib, ayağında səkkiz sınıq olan adamın bağırtısına da məhəl qoyulmayıb, huşunu itirənə qədər bağırıb, ancaq yardım göstərilməyib? Gözləyiblər ki, qardaşı rayondan gəlsin, aparıb müayinə, müalicə etdirsin. Bu da məndə belə fikir yaradıb ki, qardaşımı həqiqətən də həkimlər bu vəziyyətə salıb».
Lakin xəstəxananın rəhbərliyi belə düşünmür. 1 saylı Respublika Psixiatriya Xəstəxanasından bildirilib ki, xəstə N.Musayevin qardaşının dedikləri həqiqətəuyğun deyil: «Xəstələrə lazımi diqqət də var, qayğı da... O adam neçə vaxtdır ki, öz iddiasını tutub dayanıb ki, guya qardaşını həkimlər bu vəziyyətə salıb. Xəstə sürüşüb, yıxılıb, ayağını qırıb. Həkimlər onu rentgen ediblər, yardım göstəriblər. Qardaşı niyə əl çəkmir, niyə səs-küy salır, nə marağı var, anlamırıq».
R.Musayevsə hələlik Səhiyyə Nazirliyinə müraciət edib. Deyir, hadisə araşdırılmasa, hüquq-mühafizə orqanlarına üz tutacaq.