Masallı DYP-nin baş inspektoru özü qaydaları belə pozur- ŞİKAYƏT/VİDEO
7-04-2017, 23:50
Masallı Dövlət Yol Polisi Şöbəsinin baş inspektoru, polis kapitanı Şəmşir Kərimovdan daha bir şikayət var. Mircavad Əzizov da baş inspektor Şəmşir Kərimovun "əlinə keçib" və bu işdən ziyansız qurtula bilməyib.
Şikayətçi bildirir ki, onun saxlanılmasına əsas səbəb kimi idarə etdiyi "VAZ 21-07" markalı, 44-BZ-430 dövlət nömrə nişanlı avtomobilin arxa təkərlərinin "purjunlarını" kəsdirməsi göstərilib. Mircavad Əzizov da Rüstəm Qasımov kimi "Şəmi" kimi tanınan baş inspektorla problemlər yaşayıb və onun da maşını cərimə meydançasına aparılıb. Bu hadisədən sonra şikayətçi "Nuran Avtoservis" MMC-ə müraciət edib və kəsilən purjunların qanunda qeyd olunan qədər kəsildiyi rəsmi sənədlərdə öz əksini tapıb. Artıq hər iki şikayətçi baş inspektorun qanunsuz əməllərinin qarşısının alınması üçün prezident İlham Əliyevə və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıblar. Onlar bu məsələnin tezliklə həll olunacağına ümid edirlər. "Biz cənab prezident İlham Əliyevin və daxili işlər naziri Ramil Usubovun diqqət və qayğısının indiyə qədər şahidi olmuşuq. Bizim başımıza gələn bu xoşagəlməz hadisənin də aydınlığa qovuşmasında onların köməyinə ehtiyacımız var və biz inanırıq ki, şikayətimizlə bağlı aidiyyati qurumlara müvafiq tapşırıqlar veriləcək. Vəzifəsindən sui-istifadə edib vətəndaşları incidən vəzifə sahibləri mütləq cəzalandırılacaq. Biz ölkəmizdəki demokratiyaya və insan hüquqlarının qorunmasına necə diqqət göstərildiyini bilirik və inanırıq."- deyə şikayətçilər bildiriblər.
Redaksiyamıza daxil olan daha bir ilginc məlumat isə avtomobilinə pərdə çəkən sürücülərin avtomobilini cərimə meydançasına aparan baş inspektor Şəmşir Kərimovun özünün aprelin 1-də Bakı istiqamətində idarə etdiyi 44-BC-999 dövlət nömrə nişanlı "Mersedes"in şüşələrinə çəkilmiş pərdədir. Şəmşir Kərimov vətəndaşlarla danışığında hörmətsizlik nümayiş etdirməsi bir yana qalsın, qanunların ziddinə gedərək özü avtomobilinə pərdə çəkdirib. Görünür, o, qaydaların yalnız sadə vətəndaşlara şamil olduğunu düşünür, yoxsa belə etməzdi.
"Bölgə TV" əməkdaşları məsələ ilə bağlı BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevdən münasibət öyrənib.
Kamran Əliyev bildirib ki, bu məsələdən xəbərləri var və bu istiqamətdə araşdırmalar aparılır.
Şəmşir Kərimovun 44-BC-999 dövlət nömrə nişanlı "Mersedes"i ilə Bakı istiqamətində hərəkət etdiyi zaman lentə alınmış videonu sizə təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=025WLrGV8vM#action=share]