Azərbaycan naziri qızıldan yol tikdirdi

11-04-2017, 22:23           

Məmurlarımız yenə də dünyanı “heyrətləndirir”


Azərbaycanın yeni tikilən yollarının əksəriyyəti istismar müddətindən sonra dağılsa da, ölkəmiz yol tikintisinə çəkilən xərc üzrə dünya liderləri sırasındadır.


Bunu hazırda 2 zolaqlıdan 4 zolaqlıya genişləndirilən Bakı - Şamaxı yolunun tikintisinə çəkilən xərclər əsasında demək olar. Keçmiş nəqliyyat naziri Ziya Məmmədov ilə Dünya Bankının (DB) yerli təmsilçisi arasında bağlanan müqaviləyə görə, 110 kilometrlik yolun genişləndirilməsinin əlavə 2 zolağının tikintisi üçün 356,15 milyon dollar vəsait ayrılıb və bunun 241,6 milyon dolları DB tərəfindən kredit kimi götürülüb. Yəni, bir zolaqlı yolun 1 kilometrinin tikintisi üçün orta hesabla 1,7 milyon dollar nəzərdə tutulub.

Bu rəqəm dünya üzrə ən yüksək göstəricilərdəndir. Moskva Dövlət Texniki Avtomobil-Yol Universtitetinin (MADİ) bir il qabaq apardığı araşdırmaya görə, dünya üzrə ən bahalı yol Kanadada çəkilir və bir zolağın kilometri orta hesabla 2,2 milyon dollara başa gəlir. Azərbaycanın bu göstəricisi ABŞ-a uyğun gəlir, Birləşmiş Ştatlarda bir kilometr yolun orta qiyməti 1,71 milyon dollardır. Maraqlıdır ki, dünyanın ən uzun ömürlü avtomobil yollarına sahib olan Almaniyada belə yol tikintisinə daha az vəsait xərclənir - 1,1 milyon dollar. Almaniyanın avtomobil yollarını dünya tarixinin əfsanəsi saymaq olar, 1940-cı illərdən bu ölkədə avtomobil yolları beton yastıq üzərində tikilir, çünki tankların hərəkəti üçün nəzərdə tutulub. Bu yollarda beton örtüyün qalınlığı bəzən 2 metrə çatır. Buna görə də Almaniyanın yaşı 80-a çatan ilk avtobanı hələ də istismar edilir və yalnız üst qatı kosmetik təmir edilir.

Azərbaycanın yeni tikilən yollarında da beton örtüklərdən istifadə edilir. Amma nədənsə bu yollar istismara verildikdən heç bir il keçmir ki, çökmələr, çatlar başlayır. Bu həm bu Zığ - Hava limanı şossesində, həm Ələt-Hacıqabul yolunda, həm Bakı - Quba - Rusiya sərhədi trassında, həm də 2 zolağı bir neçə il qabaq istifadəyə verilmiş Bakı - Şamaxı yolunda müşahidə edilir. Yəni Azərbaycanda son illərcə qızıl qiymətinə çəkilmiş “avtoban”lar sovet dövründə qat-qat ucuz tikilmiş yollardan da keyfiyyətsiz çıxır. Azərbayandan 4 dəfə ucuz, 1 kilometr 1 zolaqlı yolu 0,4 milyon dollara çəkən Çində də belə yeni tikilmiş yollar 20-25 il təmirsiz xidmət edə bilir.

Dövlət satınalmaları üzrə ekspert Hafiz Babalı İstiPress-ə müsahibəsində Azərbaycanda çox vəsait sərf edilsə də, yolların bahalı olmasını şişirtmələrlə izah edir:

“Şişirtmələr 3 istiqamətdə aparılır. Birincisi, yol tikintisi üçün vətəndaşlardan əraziləri satın alan zaman şişirtmələr aparılır. Yəni vəsait bilərəkdən bazar qiymətindən artıq yazılır və bir hissəsi mənimsənilir. İkincisi, tikinti materialları - sement, asfalt, çınqıl, qum və s. bilərəkdən baha rəsmiləşdirilir. Ən böyük şişirtmələr isə yardımçı obyektlərin - körpülərin, su ötürücülərinin və s.-in tikintisi zamanı baş verir”.

"Azəravtoyol" ASC-dən Azərbaycanda yolların baha tikilməsinin səbəblərini dəqiq izah etməsələr də, bütün iri layihələrdə beynəlxalq maliyyə qurumlarının iştirak etdiyini, hər şeyin onların monitorinqi əsasında aparıldığını bildiriblər. Yəni DB və AYİB kimi kreditor təşkilatlar şübhəli layihələrə pul ayırmazlar.

Hafiz Babalı yolların keyfiyyətsiz tikilməsində məhz DB və AYİB kimi kreditor təşkilatların da böyük günahı olduğunu bildirir: “Bu qurumlardan soruşmaq lazımdır ki, niyə bu qədər vəsait sərf edib tikilən yolların keyfiyyəti ilə maraqlanmırlar. Onlar ancaq vəsaitlərin geri qaytarılması ilə maraqlanırlar. Yəni düşünürlər ki, Azərbaycan neft ölkəsidir, pulu qaytara biləcək. Amma heç bir müqavilədə yolun istismar müddətinə zəmanət barədə danışılmır. Bütün problemlər də bununla bağlıdır. Bu istər-istəməz həmin beynəlxalq təşkilatları nüfuzdan salır”.

Beynəlxalq qurumlar bir yana, bu cür israfçı xərcləmələr Azərbaycanın da nüfuzuna xələl gətirə bilər. Məsələn, bu gün Nigeriyada hələ də işə salınmamış bir sement zavoduna 6 milyard dollar xərclənməsi faktı bir çox şəffaflıq təşkilatlarında pis örnək kimi göstərilir. Gələcəkdə Azərbaycanın tez dağılan, amma çox baha başa gələn yolları da bu cür pis örnəklərin siyahısını düşə bilər. Həm də xərclənən bu pullar Azərbaycan xalqına məxsusdur və həmin vəsaitlərin israfçı layihələrlə talanması sadəcə cinayətdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.