Həbsdəki tikinti maqnatı keçmiş patronuna qarşı: - İlham Qasımov Eldar Mahmudovu niyə “vurdu?”

12-04-2017, 20:02           
Həbsdəki tikinti maqnatı keçmiş patronuna qarşı: - İlham Qasımov Eldar Mahmudovu niyə “vurdu?”
Keçmiş MTN şefi Eldar Mahmudovun himayəsi altında saysız cinayətlərə imza atan “Real MTK” tikinti şirkətinin sahibi İlham Qasımov məhbəsdən çıxmaq üçün keçmiş patronuna “müharibə elan edib”.

Yeniçağ.Az xəbər verir ki, yerli və xarici vətəndaşların milyonlarla vəsaitini mənimsədiyi üçün 2016-cı il noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il (daha sonra bu müddət 2 il də azaldılıb) azadlıqdan məhrum edilmiş “Real MTK” tikinti şirkətinin sahibi İlham Qasımov özünü yenidən diqqət mərkəzinə gətirib.

Qasımovun sahibi olduğu şirkət tərəfindən vətəndaşlara mənzil və obyekt “satışı” adı altında vurulmuş külli miqdarda zərərlə ifadə olunan çoxsaylı cinayətləri haqqında çox yazılıb. “Real MTK” sahibinin cinayətkar əməllərinə görə həbsxanaya salınmasından sonra da onun azadlıqdakı əlaltılarının vətəndaşlara qarşı dələduzluq hərəkətlərinə ara vermədiyi barədə məlumatlar da mediada işıqlandırılıb.

Min bir fırıldaqla milyonlar qazanımş bu başabəla “maqnat”ın “içəri” salınması ilə onun azadlıqda olduğu müddətdə güvənib-arxalandığı dairələrin də kimliyinə tədricən aydınlıq gəldi. Araşdırmalar zamanı, Qasımovun 2015-ci ilin oktyabrında prezidentin sərəncamı ilə vəzifəsindən azad edilən keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) şefi, hazırda ev dustağı olan Eldar Mahmudovun cinayətkar şəbəkəsinə mənsub olduğu üzə çıxıb. Aydın məsələdir ki, “Real MTK”-nın sahibi arxasında ciddi bir qüvvə dayanmadan belə miqyaslı cinayətlərə cəsarət edə bilməzdi və cəzasız qalacağına bu qədər inanmazdı. Qasımovun cinayətkar fəaliyyətində istinad etdiyi başqa “dayaqlar” isə FETÖ terror şəbəkəsinin Azərbaycanda müxtəlif yüksək vəzifələrə yerləşdirdiyi şəxslər olub. Zamanında Mahmudovla FETÖ kimi qüdrətli mərkəzlərin himayəsi altında ağlagəlməz cinayətlərə əl atan Qasımov son ilyarımda qeyd olunan hər iki dayağını itirdi və indi layiq olduğu cəzasını çəkməkdədir.

Lakin cəzasını sona qədər çəkmək niyyətində olmayan Qasımov fırıldaq üzrə “profilləşən” çevik ağlını işə salaraq, vaxtından əvvəl azadlığa çıxmaq üçün yeni gedişlərə əl atıb. Bu çərçivədə isə ilk olaraq, özünün keçmiş hamisi Eldar Mahmudovu hədəfə götürərək, sabiq MTN şefinin cinayətkar çetesinin məhkəmə prosesində tərəf kimi tanınmağa nail olub – həm də zərərçəkmiş (!?!) qismində. O baxımdan, keçmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilmiş MTN əməkdaşının məhkəməsində Qasımovun iddiası üzrə epizoda baxılması təəccüb doğurmaya bilməzdi. Hər halda, həbsdə olan “Real MTK” sahibinin sabiq patronuna qarşı çıxması adi hadisə kateqoriyasına aid deyil.

Qasımov qaldırdığı iddiada 2007-ci ildə Mahmudovun “sağ əli” olan Çovdarovun “dollarla mənzil satmaq” məsələsini əsas götürərək, ondan təhdid və şantaj yolu ilə 500 min dollar tələb etdiyini, sonda 250 minə razılaşdıqlarını bildirib. Qasımov məhkəmə ifadəsində bildirib ki, bundan sonra Çovdarova 2009-cu ildə əlavə 250 min dollar və 2011-ci ildə isə 200 min dollar verib. Qasımovla Çovdarovun yolları bir də 2015-ci ildə kəsişir: general iş adamının Nurlan adlı oğlunu “narkotik “ ittihamı ilə həbs etdirir və onunla növbəti bazarlığa başlayır. Ancaq Qasımov bu dəfə müqavimət göstərərək, Çovdarovun tələb etdiyi 300 min dolları verməkdən boyun qaçırır. Bununla belə, Qasımovun digər oğlu Lətif generala 50 min dollar çatdıraraq, qardaşını azad etdirir.

Qasımovun məhkəmədə verdiyi ifadənin maraqlı detallarından biri də onun bacısı oğlu Kənanın 2015-ci il sentyabrın 15-də baş tutan toy mərasiminə qara maskalı MTN əməliyyatçılarının basqın etmələridir. Onun sözlərinə görə, həmin gün təqribən saat 22 radələrində MTN-çilər şadlıq sarayına gələrək, adları məlum olan bəzi qonaqların üstündən “kokain taparaq”, onları özləri ilə aparıblar.

Özünün “zavallı zərərçəkmiş” obrazını yaratmağa cəhd edən “Real MTK” sahibinin ifadələri mətbuatda geniş müzakirə olunsa da, burada əsas məqam Qasımovun keçmiş patronu Eldar Mahmudova qarşı çıxmasıdır. Xatırladaq ki, məhkəmə tərəfindən 13 il müddətinə azadlıqdan məhrum olunan Qasımov azadlıqdakı adamlarının vasitəsilə bəzi media orqanlarında özünün “günahsızlığına” dair silsilə yazılar dərc etdirib. Eyni zamanda, onun öz vəziyyətini yüngülləşdirmək, azadlığa buraxılmaq və ya heç olmasa, cəza müddətini minimuma endirmək üçün geniş bir şəbəkəni işə qoşduğu da bildirilirdi. Görünür, Qasımov bu cəhdlərinin daha effektli alınması üçün vaxtilə uzun müddət himayəsində qaldığı Mahmudova əks cəbhədə yer almağın əsl vaxtı olduğunu düşünüb. Yaxud ola bilər, Qasımovu tezliklə azadlığa çıxartmağa söz verənlər ona məhkəmədə Çovdarova qarşı iddia qaldırmağı tövsiyə ediblər. Əks halda, bütün çıxarlarını dəqiq ölçüb-biçməyi bacaran Qasımov heç bir vəchlə Mahmudova qarşı çıxmazdı.

Yeri gəlmişkən, Qasımovun məhbəs həyatı haqqında sızan məlumatlarda bu dələduzun həbsxanada özü üçün “kral şəraiti” qurduğu bildirilir. Qeyd olunur ki, Qasımov həbs edilməzdən bir müddət əvvəl 2 mənzil və 1 obyekt satmaq adı ilə Penitensiar Xidmətin rəisi, general Ceyhun Həsənovdan 500 min manat alıb. Lakin nə mənziləri, nə obyekti, nə də ki 500 min manatı generala qaytarmayan Qasımov onu da özünün “qurban”ları sırasına qatıb. Lakin həbs ediləcəyini öyrənən Qasımov generalın qisasından qorxaraq, onun 500 min manatını geri qaytarıb. Bildirilir ki, Qasımov hətta həbs olunduqdan sonra da generala dəfələrlə qiymətli hədiyyələr göndərib. Təbii ki, bu “səxavəti”nin qarşılığında “Real MTK”nın sahibinə həbsxanada arzuladığı şəraitin yaradılmasına imkan verilib.
Xatırladaq ki, Qasımovun hələ Kürdəxanı müvəqqəti təcridxanasında saxlandığı zaman orada qumar məclisləri təşkil etməsi geniş rezonans doğurmuşdu.

Barəsində azadlıqdan məhrumetmə cəzası kəsildikdən sonra həbsxanaya göndərilən Qasımovun saxta xəstəlik diaqnozu əsasında Penitensiar xidmətin xəstəxanasında özünə məskən saldığı bildirilir. Təsəvvür edin: Qasımov təcridxanada o qədər sərbəstlik qazanıb ki, hətta cəzaçəkmə müəssisəsində kənardan gətirilən qadınların iştirakı ilə kef-əyləncə məclisləri təşkil edə bilir.

Qasımovun Penitensiar xidmətin xəstəxanasında yerləşməsinin başqa bir səbəbi isə onun xəstəlik adı altında malik olduğu sərvəti qorumaqdır. “Real MTK”-nın sahibi bu gedişlə əmlakının hərraca çıxarılaraq satılmasını, əldə edilən vəsaitin isə zərər çəkmiş vətəndaşlara ödənməsini əngəlləməyə çalışır.

Yaxşı, Qasımov həbsxanada da kral kimi yaşayırsa və onun vətəndaşlara vurduğu külli miqdarda zərərin ödənməsi təmin olunmursa, o halda, bu fırıldaqçını həbs etməyin mənası nə idi? Cavab bəlkə də aydındır…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.