Prezidentin tikintisini dayandırdığı şirkət Samir Şərifovun imiş - Nazir nəzarətdə
17-04-2017, 19:43
Xəbər verdiyimiz kimi, iki gün əvvəl prezident İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb.
“Qafqazinfo” xəbər verir ki, buna səbəb həmin ərazidə tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və yaşıllığın tamamilə məhv edilməsidir. Nəticədə yaşıllığı məhv edən şirkət 130 min manat məbləğində cərimələnib.
Prezidentin sərt reaksiyasından sonra “Böyük plaza” adlanan yaşayış və ticarət mərkəzinin tikintisinin aparılmasına qadağa qoyulub.
Maraqlıdır ki, yayılan xəbərlərdə tikinti şirkətinin qaydaları pozduğu bildirilsə də, ancaq ictimaiyyətə hansı tikinti şirkətindən söhbət getdiyi məlum deyildi. Layihənin də adından göründüyü kimi, bu, sıradan bir tikinti şirkətinin həyata keçirəcəyi proyekt deyil. Xüsusilə, mətbuatın yazdığına əsasən, həmin plaza deputatlar üçün inşa edilirmiş. Bu faktlara söykənərək layihəni kifayət qədər maliyyə tutumlu layihə hesab etmək olar.
“Qafqazinfo” məsələ ilə bağlı kiçik bir araşdırma aparıb. Məlum olub ki, tikintini həyata keçirəcək şirkət “A-3” Sənaye Tikinti Korporasiyası MMC-dir. Bu MMC haqqında internetdə heç bir informasiyaya rast gəlinməsə də, onun arxasında böyük bir oliqarx məmur dayanır. Əldə etdiyimiz məlumata görə, sözügedən MMC Maliyyə naziri Samir Şərifovun birbaşa şəxsi şirkətidir.
Sənədlərdə şirkətin direktoru Dilşad İsmayılova göstərilsə də, bütün fəaliyyəti nazirə məxsusdur. Bu məqamda maraqlı bir məsələ ortaya çıxır ki, şirkətin arxasında S.Şərifov dayanmasına baxmayaraq bu, onun şirkətinin cəzalandırılmasına mane ola bilməyib. Belə ki, dövlət başçısının sərt mövqeyi ən yüksək oliqarx məmurun da şirkətinə təsir edib.
Bu arada qeyd edək ki, S.Şərifovun fəaliyyəti ilə bağlı ilginc informasiyalar əldə etmişik. Məlumatlara görə, nazirin fəaliyyəti Beynəlxalq Bank və “Azər-Türk Bank” olayından sonra heç də ürəkaçan deyil və nəzarət altına götürülüb. Məlum olduğu kimi, Beynəlxalq Bank olayında Azərbaycan dövləti maliyyə xəyanəti ilə üzləşmişdi. Nəticədə Cahangir Hacıyev vəzifəsindən azad olunmuşdu və bir müddətdən sonra da həbs edilmişdi. Ondan sonra Samir Şərifov fürsət taparaq öz kadrı olan Elmar Məmmədovu bankın rəhbərliyinə gətirsə də, o, Cahangir Hacıyevdən daha betər üsullara əl ataraq “qara bazar”ın yaranmasına və dolların süni bahalaşmasına səbəb olmuşdu. Nəticədə E. Məmmədov da bank sistemindən qovuldu.
Bu cür maliyyə maxinasiyalarının arxasında Samir Şərifovun olduğu üzə çıxdı. Və beləliklə, bu hadisələr nazirin özünün fəaliyyətinin nəzarətə götürülməsi ilə nəticələnib. Beynəlxalq Bank olayından sonra Maliyyə Nazirliyində xüsusi qurumlar tərəfindən yoxlamalar həyata keçirilib və böyük məbləğlərdə pozuntular aşkarlanıb . Məlumatlar aktlaşdırılaraq ölkə rəhbərliyinə məruzə edilib. Məhz bundan sonra S. Şərifovun böyük bir ehtimalla Ziya Məmmədovun taleyini yaşayacağı, yəni zaman-zaman məhvə gedəcəyi gözlənilir.
Sonda onu da xatırladaq ki, Azərbaycanda yüksək strateji postlar həvalə olunmuş məmurların xəyanəti, ölkənin imicinə xələl gətirən və kütləvi pozuntularla müşayiət olunan və maliyyə riskləri yaradan fəaliyyətlər bağışlanılmır. Bu cür məmurlar zaman- zaman sərt şəkildə cəzalandırılır.