Ağdamda Ünvanlı Sosial Yardım belə verilir:bir ailənin dörd üzvünə (?)
19-04-2017, 00:15
Prezidentin sosial siyasətini kimlər və necə zərbə altına qoyur?
Prezident İlham Əliyevin sosial yönümlü siyasətə üstünlük verməsi və hətta iqtisadi siyasətinin əsasınada da sosial dəyərləri qoruması məlumdur. Məsələn, pambıqçılığın inkişafına həsr olunmuş son müşavirədə cənab prezident bəyan etdi ki, bu sahənin inkişafı dövlət başçısını ilk növbədə sosial layihə kimi maraqlandırır.
Birinci vitse-prezident xanım Mehriban Əliyevanın dövlətin sosial siaysətinin icrasına nəzarəti öz üzərinə götürməsi isə iqtidarın bu sahəyə verdiyi önəmin növbəti göstəricisi sayıla bilər. Ekspertlər də hesab edir ki, hazırkı iqtidarın sosial yönümlü siyasət yürütməsi cəmiyyətdəki harmoniyanı qoruyub saxlamağa xidmət edir.
Prezident İlham Əliyevin sosial siaysətinin əsas elementlərindən biri isə Ünvanlı Sosial Yardımdır (ÜSY). Ancaq çox təəssüf ki, ÜSY-ların təyinatı üzrə-şəffaf verilməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hələ ki, tam nail ola bilmir. Ağdam rayonundan yenixeber.org-a daxil olan bir məlumat da bu istiqamətdə qeyri-şəffalıqla bağlı iddiaları stimullaşdıracaq faktdır. Belə ki, Ağdam rayon Əfətli kənd inzibati ərazi dairəsi üzrə ÜSY alanlar arasında imtiyazlı şəxslərin doğmaları əksəriyyət təşkil edir: 01.02.2016 tarixdən 149,93 manat ÜSY alan Səfərov Elmir Əfqan oğlu və 01.07.2015 tarixdən 137,96 manat ÜSY alan Səfərov Elnur Əfqan oğlu Ağdam rayon Hacıturalı Bələdiyyəsinin sədri Səfərov Elxan Əfqan oğlunun qardaşlarıdır. Bir bələdiyyə sədrinin iki qardaşının ÜSY alması azmış kimi, onun iki oğlunun da bu sıraya qatılması rəsmi sənədlərdə öz əksini tapıb. Belə ki, Ağdam rayon Hacıturalı Bələdiyyəsinin sədri Səfərov Elxan Əfqan oğlunun oğlanları – Elgiz Səfərov və Elçin Səfərovun da adları ÜSY alanların siyahısındadır(?) Səfərov Elgiz Elxan oğlu 01.12.2015 tarixdən 130,04 manat, Səfərov Elçin Elxan oğlu isə 01.12.2016 tarixdən 124.40 manat ÜSY alır. (Ağdam rayonunda Ünvanlı Sosial Yardımların imtiyazlı şəxslərin yaxınları tərəfindən alınması bu faktlarla bitmir.)
Biz yetərincə şübhə doğuran bu faktlara aydınlıq gətirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ağdam rayon Şöbəsinin müdiri Əvəz Sadıqova sorğu ilə müraciət etdik. Şöbə müdirinin imzası ilə redaksiyamıza daxil olan 06 aprel 2017-ci tarixli, 21/578 saylı cavab məktubunda qeyd edilir: “Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarına əsasən 15 fevral 2016-cı il tarixdən etibarən Mərkəzlərdə (DSMF-da) Ünvanlı Sosial yardım üzrə sənədlərin qəbulu qadağan olunur.
Məlumat üçün bildirik ki, sorğunuzla bağlı Əmək və Əhalinin Sosial
Müdafiəsi Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinə müraciət edə bilərsiniz”.
ƏƏSM Nazirliyi yanında DSMF-nun Ağdam rayon şöbəsinin müdiri Əvəz Sadıqovun imzası ilə redaksiyamıza daxil olan 06 aprel 2017-ci tarixli, 21/578 saylı cavab məktubunu olduğu kimi, orfaqirafiyasına belə toxunmadan oxucularımıza təqdim etdik. Əlbəttə buna cavab demək mümkünsə… Göründüyü kimi, şöbə müdiri sorğuda əksini tapan faktlara cavab verməkdən yayınmağa çalışır. Sual doğur: NİYƏ? Yoxsa “torbada pişik var”?
Adıçəkilən vətəndaşlardan üçünə ÜSY təyinatı Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarından əvvəl təyin edilib. Belə ki, Ağdam rayon Hacıturalı Bələdiyyəsinin sədri Səfərov Elxan Əfqan oğlunun qardaşları- Səfərov Elmir Əfqan oğlu və Səfərov Elnur Əfqan oğlu ÜSY-ı müfaviq olaraq 01.02.2016 və 01.07.2015 tarixdən alırlar. Bələdiyyə sədrinin oğlanlarından biri, Səfərov Elgiz Elxan oğlu ÜSY-ı Nazirlər Kabinetinin 05 fevral 2016-cı il tarixli 37 nömrəli qərarından əvvəl- 01.12.2015 tarixdən alır… Bu da əlahəzrət fakt!
ƏƏSM Nazirliyi yanında DSMF-nun Ağdam rayon şöbəsinin müdiri Əvəz Sadıqov isə bu məqamlara aydınlıq gətirmir. Bu da məlumdur – fakt qarşısında nə etməli? Maraqlıdır, Əvəz Sadıqovdan fərqli olaraq ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Zakir Babayevin, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümüovun bütün bunlardan məlumatı varmı? Qrşıdakı günlərdə Prezident İlham Əliyevin sosial siyasətinin mühüm elementi olan ÜSY-ların verilməsinə cavabdeh olan bu iki şəxsin mövqeyini öyrənməyə çalışacağıq. Ümüd edirik ki, bu məsul şəxslər əlahəzrət faktla bağlı lazımı addımlar atacaqlar.nia.az/
teref.az olaraq qarşı tərəfinfikirlərinə yer verməyə hazırıq!
teref.az