Əli Əlirzayev: “Vaxtilə Əli İnsanovun ətrafında olan YAP-çılardan soruşmaq lazımdır ki...”

28-04-2017, 09:47           
Əli Əlirzayev: “Vaxtilə Əli İnsanovun ətrafında olan YAP-çılardan soruşmaq lazımdır ki...”
Elçin Şıxlı: “Mən olsaydım, 71 yaşlı qocaya yenidən ağır cəza verməzdim”; Novella Cəfəroğlu: “O hakim, prokuror axşam ailələrinin üzünə necə baxıblar?”


Sabiq səhiyyə naziri Əli İnsanov aprelin 26-da növbəti dəfə ağır cəzaya-7 il 5 gün müddətinə azadlıqdan məhrum edildi. Qaradağ Rayon Məhkəməsinin qərarının ardından ənənəvi olaraq, sabiq dövlət məmuruna qarşı sərt münasibət yenidən geniş müzakirələr doğurub.

Ə.İnsanov kimi YAP-ın qurucularından sayılan sabiq deputat, iqtisadçı professor Əli Əlirzayev “Yeni Müsavat”a açıqlamasında keçmiş komanda yoldaşına güzəştlər edilməsinin vacibliyini vurğuladı: “Açığı, bu hadisənin necə baş verdiyini bilmirəm. Bu baxımdan, Əli İnsanovun nə etdiyi barədə nəsə deyə bilmərəm. Bəlkə cinayət edib, bəlkə yox. Bunu ən yaxşı ona hökm oxuyanlar bilir. Ona verilən cəzaya nəyin səbəb olduğu barədə də danışmaq çətindir. Humanizm baxımından deyə bilərəm ki, o da insandır, 71 yaşı var, güzəştlər vacib idi. Amma cinayətin xarakterini bilmirəm. Bunun hüququ proseduraları var. Heç bir cinayət cəzasız qalmır. İnsana istər qoca, istərsə də gənc yaşlarında müəyyən şərait yaratmaq olar. Hakimlər ədalətli olmalıdırlar. Bəzən olur ki, bağışlayırıq, yaxud üstündən keçirik. Məhkəmədə olmamışam, prosesi də bilmirəm. Vaxtilə bir yerdə olmuşuq, Milli Məclisdə də eyni vaxtlarda deputat olmuşuq. Heydər Əliyevə böyük xidmətlər edib, bunu danmaq olmaz. YAP-ın iclaslarında çox olurdu, üzvlər onun ətrafında fırlanırdılar. İndi vaxtilə İnsanovun ətrafında fırlanan YAP-çılardan soruşmaq lazımdır ki, niyə belə oldu?

Onlar özlərini kənara çəkiblər. Vaxtilə demişəm, yenə də deyirəm ki, bir ziyalı, alim kimi onunla yaxın münasibətlərim olub. Bununla belə, heç kəsə qarantiya vermirəm, ola bilər, insandır, nəsə edib. Bunu ən yaxşı hazırda vəzifələrdə olan şəxslərdən, eləcə də YAP rəhbərliyindən soruşmaq lazımdır. Mən adi bir müəlliməm. Heç kəslə oturub-durmuram, əlaqəm də yoxdur. Ona görə məhkəmənin, dövlət orqanlarının verdiyi qərarlara şərh verməkdə çətinlik çəkirəm. Amma insan kimi hər zaman insanları bağışlaya bilərəm. Mən də çox insanlarla oturub-durmuşam, Heydər Əliyev məktəbi keçmişəm. Heydər Əliyev bağışlamağı bilirdi. O hər kəsə qucaq açır, məsləhətlər verirdi. Bu baxımdan, Heydər Əliyevin humanizmliyini tez-tez göz önünə gətirmək, bundan istifadə etmək lazımdır.

Ona görə həmişə fəxr etmişəm ki, onunla üzbəüz oturmuşam. Bütün bunlara görə, düşünürəm ki, Heydər Əliyevə hörmət edən insanları bağışlamaq olar. İndi çox zaman keçib. Heydər Əliyevin tərbiyəsi böyük məktəbdir. O vaxtlar da insanların hamısı ideal deyildi. Deyə bilmərəm ki, Heydər Əliyevin ətrafında fırlananların hamısı ideal idi. Onların bəziləri Heydər Əliyevə qarşı çıxıblar, amma indi böyük vəzifələrdə təmsil olunurlar.

Gördüklərimi deyirəm. Mən də Əli İnsanovla yaşıd adamam. Onunla bir yerdə iclaslar keçirdiyimiz, müzakirələr apardığımız az olmayıb. Hətta ciddi müzakirələr zamanı aramız da dəyirdi. Amma Heydər Əliyevin ətrafında biz birləşirdik, ona sadiqlik nümayiş etdirirdik, ümumi mövqelərimiz bir idi. Ona görə bu məsələyə ciddi baxmaq lazımdır, araşdırma ciddi aparılmalıdır. Dəqiqləşməlidir ki, doğrudan da Əli İnsanov cinayət edib, ya yox. Hər halda, bağışlamaq Allahdan gəlir.

Çalışmalıyıq ki, ölkəmizdə bir-birimizi qoruyaq. İnsan səhv edə bilər, gərək ətrafı da yaxşı olsun. Heydər Əliyevin xatirinə hər şeyə dözən adamam, indi də dözməyə hazıram. İndi bəzilərini görəndə az qalıram deyəm ki, vaxtilə sən deyildinmi Heydər Əliyevə qarşı çıxan. Bir şeyi yaxşı anlayıram ki, müəyyən mənada Əli İnsanovun işinə baxmaq lazımdır”.

“Ayna-Zerlako” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, “mən olsaydım, 71 yaşlı qoca bir insana yenidən ağır cəza verməzdim”: “Görünür, ona belə ağır cəza vermək kimlərəsə gərəkdir. Məhkəmənin nə üçün bu qədər ağır cəza verməsini, nə üçün bu qənaətə gəldiyini mənim üçün söyləmək çox çətindir. Amma hər halda, mən çalışardım ki, o insana qarşı humanist davranım. Bu mənim fikrimdir, başqa fikirlər də var. Yəqin elə bu səbəbdən ona qarşı humanist davranmaq istəmirlər. Açığı, o qədər problemlər var ki, Əli İnsanovun 7 il cəza alması bu problemlərin qarşısında mənim üçün faciə deyil. Daha önəmli problemlər var. Təbii ki, heç kəsin həbsxanada uzun müddət qalmasını istəmirəm. Onsuz da 11 il yarımdır həbsdədir, 71 yaşı var, bu nüansları nəzərə alıb, ona qarşı sərt olmazdım. Amma bunu bir nömrəli problemə çevirməzdim. Allah hamısının qapısını açsın”.

İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Novella Cəfəroğlu bu istiqamətdə aidiyyəti qurumlara müraciət edəcəklərini söylədi: “Bu cəza sanki bizə kəsilib. O hakim, prokuror cəzanı verəndən sonra axşam ailələrinin üzünə necə baxıblar? Sonuncu məhkəməni hərtərəfli araşdırdıq. Əgər İnsanov həmin maddələri ”zon"a keçiribsə, o zaman necə keçirib? Bilirik ki, bu iş qondarmadır. Bu işə həmin müəssisənin rəhbəri daxil olmaqla, aidiyyəti şəxslərin hamısı məsuliyyətə cəlb olunmalı, işlərindən də azad olunmalı idilər. Bunun üçün hər şeyi etdiniz, 11 il cəzasını da çəkdi, indi nə istəyirsiniz? Hələ 7 ilin sonunda olan 5 gün isə ölkəmiz adına acınacaqlı idi. Hökumətin burada qərəzli olduğu ortadadır. Bu məsələni Prezident Administrasiyasında, İşçi Qrupunda qaldıracağıq, ölkə başçısına da məktub yazacağıq. İnsanov onların komandası ilə gələn insandır. Heydər Əliyevin ən yaxın dostu, silahdaşı olub. Biz müxalifət tərəfi olaraq onu qəbul etməyə bilərik, bəs siz? Bu cəza cəmiyyətin əksər təbəqəsinə çox pis təsir edib".
musavat.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.