Etibar Pirverdiyev 360 milyon manat vergini niyə ödəməyib...
6-05-2017, 09:17
Hökumət üçün təhlükəli tendensiya - dövlət zəmanəti ilə alınan borcların həcmi artır
Bugünlərdə “Fitch” beynəlxalq reytinq agentliyi “Azərenerji” ASC-nin kredit reytinqini açıqlayıb. Qurumdan bildirilib ki, emitentin uzunmüddətli defolt reytinqi (IDR) “BB+”, qısamüddətli IDR isə “B” səviyyəsində təsdiqlənib. Reytinqlər üzrə proqnozlar neqativdir. Proqnozun neqativ olması isə ölkənin suveren reytinqi üzrə proqnoza adekvatdır.
Bildirilir ki, reytinqin bu səviyyədə təsdiqlənməsinin əsas səbəbi ASC-nin hökumətlə sıx strateji və əməliyyat əlaqələrinin mövcud olmasıdır. 2015-ci ilin sonuna dövlət şirkətinin borclarının 91%-nə Maliyyə Nazirliyi tərəfindən zəmanət verilib. Bu isə o deməkdir ki, “Azərenerji” həmin borcları ödəməkdə çətinlik çəkərsə, onlar dövlət zəmanəti ilə ödəniləcək.
“Fitch” həmçinin onu da açıqlayıb ki, “Azərenerji”nin SOCAR qarşısında olan vaxtı keçmiş öhdəliyinin yerinə yetirilməsi üçün dövlət zəruri dəstəyini verəcək. Bununla yanaşı, hökumət “Azərenerji”yə 360 mln. manat məbləğində aşağı faizli kredit ayıracaq ki, bu vəsait vergi ödənişlərinə yönələcək.
Bu məsələ bir daha iri təbii inhisarçı şirkətlərin dövlət zəmanəti ilə aldığı borcları, o cümlədən onların milyonlarla manat həcmində olan vergi borclarını gündəmə gətirir. Vergi borcunu ödəmək üçün xarici fondlardan dövlət zəmanəti ilə borc alınması isə büdcəyə iki qat zərbə vurmaq deməkdir. Çünki gələcəkdə bu qurum borcunu ödəmək qabiliyyətində olmasa həmin vəsaitlər dövlət büdcəsindən çıxacaq.
Bu məsələyə toxunan iqtisadçı-ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu barədə həyəcan təbili çalmağın vaxtıdır: “Əslində Azərbaycanda dövlət borclarının hesablanmasının özündə böyük problemlər var. Hələlik ancaq dövlətin yalnız özü üçün ayrılmış kreditlər dövlət borcu kimi hesablanır. İki il öncə dövlət borcları ümumdaxili məhsulun cəmi 8 faizi həcmində idi, indi artıq 20 faizi keçib. Ancaq beynəlxalq praktikada belədir ki, dövlət zəmanəti ilə alınmış borclar belə dövlət borcu kimi hesablanır. Bu mənada Azərbaycanın dövlət zəmanəti ilə alınmış borclarının həcmi dövlətin özünün birbaşa götürdüyü borcların həcmindən çoxdur. SOCAR-ın 8 milyard dollardan yuxarı borcu var. Həmçinin ”Azərsu"-nun, “Azərenerji”-nin, AZAL-ın dövlət zəmanəti ilə aldığı borclar var. Bir müddət sonra həmin borcları elə dövlət özü ödəməli olacaq. Ya da “Azərenerji” yenidən xaricdən dövlət zəmanəti ilə borc götürərək əvvəlki borclarını qaytaracaq".
İqtisadçı onu da vurğulandı ki, bundan sonra alınacaq kreditlərin faizi daha yüksək olacaq: “Çünki Azərbaycanın kredit reytinqi son illər aşağı düşüb. Bu isə həmin qurumların borc yükünü daha da artıracaq. Sonda yenidən dövlətin bu məsələyə müdaxilə etməsi gündəmə gələcək. Ona görə də Azərbaycanda ümumiyyətlə borc siyasətinə yenidən baxmaq lazımdır. Çox təhlükəli bir vəziyyət yaranmaq üzrədir. Hələlik dövlət borcları və dövlət zəmanəti ilə alınan borclar ÜDM-in 60 faizi civarındadır. Ancaq borclanmanın sürəti artıb. Məsələn, bu il ilk dəfə idi ki, Azərbaycan büdcəsinin 12 faizi xarici borcların ödənilməsi üçün ayrıldı. Bu çox böyük bir rəqəmdir. Gələn il bu rəqəm daha yüksək olacaq. 2020-ci ildə isə ümumiyyətlə, büdcənin üçdə birini biz xarici borcların ödənilməsinə yönəldəcəyik. Çünki borcların intensiv qaytarılma dövrü 2020-ci ildən sonra başlayacaq. Bunu nəzərə alaraq, Azərbaycanda təhlükəli bir tendensiyanın yarandığını indidən söyləmək mümkündür. Həyəcan təbili çalınmalıdır və dövlət bu siyasətinə yenidən baxmalıdır”.
Natiq Cəfərli vurğuladı ki, dövlət şirkətləri öz borclarını qaytara bilmirlərsə, qismən və ya tamamən özəlləşdirməyə çıxarılması gündəmə gəlməlidir: “Çünki iri şirkətlərin özəlləşmə üçün bir cəlbediciliyi var. Əsasən də xarici investorları buraya cəlb etmək mümkün olsa, heç olmasa qismən, törəmə şirkətləri və ya xidmət sektorunu özəlləşdirmək mümkündür. Bu da həmin qurumların borc yükünün azalmasına səbəb olacaq. Həm də dövlət büdcəsindən onlara dotasiya ayrılması praktikasına son qoyulacaq. Bu günə qədər bu addımın atılmaması isə onu göstərir ki, burada b-yük qrupların marağı var. Bu maraqlar da ondan ibarətdir ki, şirkətlər dövlət dotasiyası hesabına fəaliyyət göstərir və bunun hesabına da pul qazanan qruplar var. Bu qrupların marağına görə də, hələlik özəlləşdirmə ilə bağlı ciddi addımın atılması gündəmə gəlmir”.
Bu şirkətlərin vergi borclarının həcminin gündən-günə artmasına gəlincə, iqtisadçı bildirdi ki, hazırda çox neqativ bir tendensiya müşahidə olunur: “Çox tragikomik bir situasiya yaranıb. Bu qurumların vergi borcları illərlə yığılır və bir müddət sonra Nazirlər Kabinetinin qərarı ilə həmin borclar silinir. Bunu öyrəşən dövlət şirkətləri də arxayınlaşır və vergi ödənişlərini vaxtında həyata keçirmirlər.
Bu şirkətlər də hər zaman ziyanla işlədiklərini bəyan edirlər. Ziyanla işləmək də mümkündür, ancaq buna görə cavabdehlik də olmalıdır. Hər hansı dövlət şirkət ziyanla işləyirsə, vergi borcları artırsa, ya həmin şirkətin rəhbəri işdən getməlidir, ya da komanda dəyişməlidir. Amma uzun illərdir ki, vergi borcları yığılır və Nazirlər Kabinetinin qərarı ilə iki-üç ildən bir bu borcların silinməsi prosesi gedir. Bu günə qədər də biz həmin şirkətlərdə komandanın dəyişməsini şahidi olmamışıq".