Daha bir tikinti şirkəti gecələr yaşıllığa hücum edir- şəhid adına olan parkda "qətliam" FOTOLAR

10-05-2017, 08:08           

"Məhəllədə sakinlərin istifadə edə biləcəyi yaşıllığı məhv edirlər. Bir neçə gün əvvəl sakinlərin etirazından sonra ağacları kəsənlər yoxa çıxdı. İndi gecələr gəlib, az-az kəsirlər".

Bu sözləri musavat.com-a Bakının Xətai rayonu, Məzahir Rüstəmov küçəsi, 52-də yerləşən binalarda yaşayan sakinlər deyiblər.

Sakinlər bildirir ki, qeyd edilən ünvanda “Şəhid parkı” sökülərək yerində çoxmərtəbəli bina tikilir.

Parkda şəhid Şahin Səməd oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə çəkilmiş xatirə bulağı və abidəsi isə götürülərək hazırda xarabalığı xatırladan ərazisində yerləşdirilib.

Sakinlər deyir ki, bir neçə gün əvvəl gecə saatlarında parkın aşağı hissəsi hasarlanıb. Sakinlər tikintinin dayandırılması üçün etiraz ediblər, əraziyə polis çağırılıb. Bundan sonra parkda işlər bir neçə günlük dayandırılıb.

Amma sakinlər bildirir ki, bundan sonra tikintini aparan şirkət artıq gündüz yox, gecələr işləyirlər. Ağaclar da bir-bir kəsilir.

Qeyd edək ki, hazırda məhv edilən park mərhum prezident Heydər Əliyevin xeyir-duası ilə 1998-ci ildə şəhid Şahin Məmmədovun atası Səməd Məmmədov tərəfindən abadlaşdırılıb. Parkda oturacaqlar, uşaqların əylənməsi üçün yelləncəklər quraşdırılıb. Park, ətrafdakı 7 binanın sakinlərinin istirahət etməsi üçün yeganə məkan olub. Ötən il parkın yuxarı hissəsində çoxmərtəbəli bina tikilib.

Sakinlərin dediyinə görə, ötən ilin əvvəlindən parkı qəsdən xarabalığa çevirməyə başlayıblar. Oturacaqlar qırılıb, yelləncəklər dağıdılıb. Yeni tikilən bina parkı xarabalığa çevirib.

Xətai Rayon İcra Hakimiyyətinə məktub göndərən sakinlərə cavab verilib ki, ərazidə çoxmərtəbəli binanın tikintisindən xəbərsizdirlər.
İcra hakimiyyəti şəhidin adını daşıyan parkda abadlıq-təmizlik işləri aparıldığını da sakinlərə deyib.

Amma indi tikintini aparan şirkətin rəhbərliyi sakinlərə bina tikintisi üçün icazələrinin olduğunu, ərazini aldıqlarını deyirlər...

Qeyd edək ki, son zamanlar Bakıda bu cür hallar tez-tez baş verir. Tikinti şirkətləri gecə ilə müxtəlif ərazilərdə tikinti aparmaq üçün yaşıllıqları məhv edirlər. Amma icra hakimiyyətləri məsələdən xəbərsiz olduqlarını bildirirlər.


















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.