"AAAF Park"da valideynləri necə "soyurlar"? - ŞİKAYƏT
13-05-2017, 15:26
"AAAF Park"da atraksiyonların və uşaqlar üçün digər əyləncə növlərinin həddən artıq baha olması barədə Qlobal.az məlumat əldə edib.
Məlumata görə, "AAAF Park"da uşaq əyləncələrinin qiyməti hal-hazırda bulvardan da bahadır. Məsələn, Bakı bulvarı ilə müqayisədə "AAAF Park"da sadə çay verilmir, şokolad və digər şirniyyat məmulatı ilə təqdim olunan çayın minimal qiyməti isə 5 manatdan başlayır. "AAAF Park"da digər acınacaqlı hal isə yeni istifadəyə verilərkən parkın mərkəzi küçəsində quraşdırılmış skamyaların yığışdırılmasıdır. Parkdakı skamyaların yığışdırılmasına səbəb istirahətə gələn insanları parkdakı kafelərə yönəltməkdir. Nəzərə alanda ki, parka gələn insanların böyük əksəriyyəti körpələrini, nəvələrini gəzməyə gətirən analar və ayaüstə dayanmağa fiziki imkanları olmayan yaşlı nənələrdir, o zaman park rəhbərliyinin "kəşf" etdiyi bu üsulun nə dərəcədə işə yaradığının şahidi ola bilərik.
Məlumatda digər maraqlı məqam isə ilahi kəlamlarla bəzədilən "AAAF Park"da pulsuz uçməli suların olmamasıdır. Bakı şəhərində fəaliyyət göstərən bütün parklarda istirahət edən şəxslərin istifadə etməsi üçün su kranları mövcuddur. Dənizkənarı parkda isə hər 200-300 addımdan bir su kranları var. Ancaq "AAAF Park"da skamyaların olmaması azmış kimi, su kranları da yoxdur. Su kranlarını olmaması da, skamyaların yığışdırılması kimi eyni məqsədə qulluq edir. Burada əsas məqsəd parka kimliyindən asılı olmayaraq addımını atan hər bir kəsi kafelərə yönəlməkdir.
Parkda fəaliyyət göstərən atraksiyonların qiyməti də olduqca bahadır. Məsələn: burada təklif olunan kartın qiyməti manatın devalvasiyasından sonra 2 manata qaldırılıb, halbuki ötən il kartlar müştərilərə 1 manata təklif edilirdi. Kartın minimal balansı isə 5 manat olmalıdır. Hər biri 5 dəqiqədən ibarət olan uşaq əyləncə növlərinə 1 manat çıxılır. Beləliklə, "AAAF Park"da 1 uşağını yarım saatlıq əyləndirmək istəyən valideyn heç nə yemədən və içmədən 8 manat xərcləməlidir. Parkda kartsız fəaliyyət göstərən yalnız bağçanın girişinə düzülmüş elektron və mexaniki-pedallı maşınlardır. Burada da vaxt 5 dəqiqə, qiymət isə 1 manatdır.
Parkda fəaliyyət göstərən Uşaq Əyləncə Mərkəzində isə qiymətlərin baha, təhlükəsizlik məsələləri isə texniki şərtlərə uyğun deyil. Belə ki, ad günü, banket və digər kiçik şənliklərin təşkil olunduğu Uşaq Əyləncə Mərkəzi tək girişdən ibarətdir. Təxminən min kvadrat metr ərazisi olan əyləncə mərkəzində uşaq ziyafətlərinin təşkil olunması ilə yanaşı, həm də yüksək gərginlikli avtomat maşınların və digər avadanlıqların olmasıdır. Əyləncə mərkəzinin pəncərələrinin olmaması isə ağır hava şəraiti yaratmaqla bərabər, fors-major vəziyyətlərdə insanların tam evaukasiyasına da maneçilik yaradan amillərdəndir.
Qeyd edək ki, Uşaq Əyləncə Mərkəzinin müasir standartlara cavab verməməsinə səbəb bu tikilinin 60-cı illərdə toyuq ferması kimi istifadəyə verilməsidir. Uzun illər "Xırdalan Quşçuluq Fabriki"nin nəzdində fəaliyyət göstərən toyuq ferması 2012-ci ildə fabrikin ərazisində inşa edilən "AAAF Park" Yaşayış Kompleksində interyer dəyişikliyi edilərək Uşaq Əyləncə Mərkəzinə çevrilib.
Məsələ ilə bağlı qarşı tərəf mövqe bildirmədi.