Sabunçu "voenkomu" İlqar Əlimirzəyevin şıdırğa "neqodnıy" bazarı
6-07-2015, 14:41
Hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra rayon şöbələrində xoşagəlməz hallar müşahidə olunur.
TİA.AZ gundelik-baku.com-a istinadən xəbər yayır ki, bu neqativ hallar barədə mətbuatda şikaytlər işıqlandırılır.
Misal kimi, filologiya elmləri doktoru, professor Xalid Əlimirzəyevin oğlu polkovnik-leytenant İlqar Əlimirzəyevin rəisi olduğu SHXÇDX-nin Sabunçu rayon şöbəsini göstərmək olar. Bilgilərə görə, İlqar Əlimirzəyevin xidməti tərcümeyi-halında xeyli müəmmalı məqamlar mövcuddur.
Bu və digər önəmli məsələlərlə bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, SHXÇDX-nin Sabunçu rayon şöbəsinin rəisi rayon sakinləri tərəfindən köhnə komissarlığın yadigarı kimi qiymətləndirilir: “Aydın şəkildə görünür ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsində acınacaqlı vəziyyət hökm sürür.
Belə ki, xidmət rəisi İlqar Əlimirzəyev nöqsanlı əməllərə imza ataraq əhalinin ciddi narazılığına səbəb olub. Çünki hər çağırış dövrü Səfərbərlik Xidmətinin Sabunçu rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi İlqar Əlimirzəyev üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir.
Ən ciddi problem isə çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Deyilənlərə görə, Sabunçu rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri İlqar Əlimirzəyevlə əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər.
Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin əldə olunması isə baha başa gəlir.
Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. İlqar Əlimirzəyev nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə bilməz. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir».
SHXÇDX-nin Sabunçu rayon şöbəsində sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınmasının sanki adi hal aldığını iddia edən məlumatlı şəxs bildirir ki, İlqar Əlimirzəyev bir sıra yollarla kifayət qədər sərvət toplamağa müvəffəq olub.
Belə ki, onun dəyəri milyonlarla ölçülən obyektləri var. Maraqlıdır, görəsən polkovnik-leytenant həmin obyekti hansı yolla, kim(lər)in vasitəsi ilə əldə edib? Növbəti sayımızda həm bu məsələyə, həm də İlqar Əlimirzəyevin «Əmrahbank» ASC-nin Sahil filialının hazırkı, «Kapital Bank»ın Sabunçu rayonunda yerləşən 2 saylı filialının isə sabiq müdiri Rəmiyəddin Məmmədovla hansı əlaqələrinin olmasına aydınlıq gətirəcəyik.
Mövzu ilə əlaqədar qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.