Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ KƏLBƏCƏRƏ KEÇİR

19-08-2017, 00:04           
Cavid Qurbanov oğlunu həbs etdirdi, ETİRAZ OLARAQ KƏLBƏCƏRƏ KEÇİR
Oğlunu haqsız yerə həbsə atılmasına etiraz edən Əli Bayramov: “Məni ac-yalavac qoyan məmurlara etiraz olaraq Kəlbəcərə keçəcəm”

“Prezidentlə görüşsəm, inanıram ki, bu ədalətsizliyə son qoyulacaq”

Həbsdə olan Kəlbəcər rayonu Dövlət Sosial Müdafiə Fondunun sabiq əməkdaşı Qalib Bayramovun atası Əli Bayramov oğlunun günhasız yerə tutulması haqqında harayı mətbuatda dəfələrlə yer alıb.

“Hürriyyət”in 6 iyun 2017-ci il sayında da atanın Cavid Qurbanovdan prezidentə şikayəti dərc olunmuşdu.
Onun sözlərinə görə, 41 yaşlı oğlu Qalib Bayramovun günahsız yerə həbsə atılmasının səbəbkarı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri, millət vəkili Cavid Qurbanovdur. Dediyinə görə, oğlunu vəzifəyə qoymaq adı ilə onu aldadıb 320 min manat pulunu alan Kəlbəcər rayon icra başçısı Aqil Məmmədov Cavid Qurbanovun yaxın qohumudur.

Sonradan aldadıldığını bilən Əli Bayramov deyir ki, pulunu geri istəyəndə onu hədələyiblər. O deyir ki, icra başçısı aldığı 150 min manat pulu danmaqdan əlavə, Kəlbəcər rayonun keçmiş prokuroru Ariz Əliyev onu hədələyərək 90 min, oğlunun əvəzinə DSMF-nin Kəlbəcər şöbəsinin müdiri təyin edilən Elşən Əlizadə isə ondan 80 min manat alıb. Ata oğlunun həbs olunmaması üçün borc-xərclə tələb olunan pulu çatırıb.


Ə.Bayramovun sözlərinə görə, bir il qabaq C.Qurbanovun yaxın adamı kimi tanıdığı İmamverdi Cəfərov ad-soyadlı şəxs oğluna zəng edib və onunla görüşərək Cavid Qurbanovun sifarişini çatdırıb. İ.Cəfərov Cavid Qurbanovun adından Qalib Bayramova bildirib: “Cavid müəllim dedi ki, atana çatdır, sayta, qəzetə şikayət verməsin, nəvəsini oxutduracam, oğluna da iş verirəm, amma pulun adını çəkməsin”.

Ona görə də Əli Bayramov bu məsələdə adı çəkilən digərləri ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovdan da şikayətçidir.

Əli Bayramov dünən redaksiyamıza yenidən gələrərk dedi ki, şikayətinin bu qədər ictimailəşməsinə baxmayaraq, onun giley-güzarının ölkə başçısına çatdırılmasına imkan verilmir. Odur ki, Ə.Bayramov həyat yoldaşıyla birgə doğulduğu Kəlbəcər rayonuna keçməyə qərar verib.

Qeyd edək ki, Ə.Bayramov oğlu həbs olunduqdan sonra etiraz əlaməti olaraq bir dəfə həyat yoldaşıyla birgə belə bir cəhd edib. Onların bu addımları böyük ajiotaj doğurub.


Ə.Bayramov ümid edir ki, bu yolla səsi ölkə başçısına çatar. Ötən dəfə bu hadisə tez-tələsik ört-basdır edilsə də, o, bu dəfə başqa yolla öz istəyinə nail olacaq. O, inanır ki, İlham Əliyev onu dinləsə, problemindən hali olsa, ona, ailəsinə edilən ədalətsizliyə son qoyar: “Mən özüm vaxtilə el-obadan kimin problemi olub əl tutmuşam, xeyriyyə işlərində azdan-çoxdan mənim də köməyim dəyib. Bu gün dəstəyə ehtiyacım var. İcra başçısının qorxusundan hətta ən yaxın qohumlarım belə məndən imtina edib. Ailəmlə birgə tək-tənha qalmışam. Kəlbəcərin acgöz məmurları nəyim vardı əlimdən alıb, məni ac-yalavac qoyublar. İnanıram ki, bu qədər haqsızlığı hörmətli prezidentim bilsə, tədbir görəcək. Amma imkan verilmir ki, mənim sözüm ona çatsın. Ona görə də qəzetiniz vasitəsilə bəyan edirəm ki, öz doğulduğum yurduma, Kəlbəcərə keçəcəm. Heç olmasa ölümüm öz ata-baba yurdumda olsun. Onsuz da mənim prezidentlə görüşümə imkan verilməsə, hansı yolla olur-olsun Kəlbəcərə keçəcəm, çünki cana doymuşam, başqa çıxış yolum yoxdur”.

Məsələ ilə əlaqədar yazıda adı çəkilən şəxslərin mövqeyini öyrənmək üçün ötən yazımız da, bu yazımızda da cəhdlər etdik. Cəhdlərimiz boşa çıxdı. Nədənsə, bu məsələdə qarşı tərəf susqunluq göstərir. Amma bir daha “Hürriyyət” olaraq Kəlbəcər rayon İcra Hakimiyyətinə də, C.Qurbanovun şəxsi mobil telefonuna da və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə də müraciət etmişik. Cavab aldıqda oxucuların diqqətinə çatdıracağıq.

Hurriyyet.org












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.