“QAYNIM AİLƏMİZİ DAĞITDI, İNDİ DƏ ƏMLAKIMI MƏNİMSƏYİB ÖZÜMÜ TUTDURMAQ İSTƏYİR” – QALMAQAL
7-11-2017, 21:32
İlqar Əliyev: “Lalə Dadaşeva Ruslan Məmmədovun məkrli planlarından xəbər tutduqda, onların nümayəndəsi olmaqdan imtina etdim”
Sentyabrın 9-da Qafqazxeber.az saytında “Araz Dadaşev keçmiş həyat yoldaşının onun haqda mətbuatda dediklərinə cavab verdi” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda keçmiş həyat yoldaşı Lalə Dadaşeva və onun qardaşı tərəfindən şər-böhtan kampaniyasına məruz qaldığını iddia edən, Rusiya vətəndaşı Araz Dadaşevin açıqlaması dərc olunmuşdu.
Həmin açıqlamada Araz Dadaşev bildirirdi ki, sabiq həyat yoldaşı və qaynı onun etibarından sui-istifadə edərək, özgəsinə aid əmlakları mənimsəməyə çalışırlar və şər-böhtan atırlar. “Öz məkrli əməllərinə bu yalanla start verən Dadaşeva (Məmmədova) Lalə qardaşı Məmmədov Ruslanla birləşərək, nəinki mətbuatı, oxucuları, hətta ölkə rəhbərliyini, hüquq-mühafizə orqanlarını da aldatmaqla, düzgün olmayan məlumatlar verməklə, əsassız şikayətlər etməklə mənim bütün əmlakımı, var-dövlətimi əlimdən alaraq öz istəyinə nail olmaq istəmişdir. Dadaşeva (Məmmədova) Lalə daha sonra bildirmişdir ki, 03.08.2016-cı ildə guya mən onu aldadaraq ondan baş etibarnamə almışam və torpaq sahələrini, evi və digər əmlakları satıb, sonra da onu 4 uşaqla evdən qovmuşam. Bu faktla əlaqədar da onu bildirirəm ki, dövlət orqanları, digər rəsmi təşkilat və idarələr tərəfindən verilmiş sənədləri təqdim etməklə mən bir daha sübut etmək istəyirəm ki, həmin torpaq əraziləri və mübahisələnən ev nə vaxt, kim tərəfindən kimə satılıb və bağışlanılıb: Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu, Reyestr №-si 30/1301 04.11.1998-ci il, Ünvan Mərdəkan qəsəbəsi, Sahə küçəsi, ev № 368, Mülkiyyətçi: Dadaşov Araz Məcnun oğlu, – sənəddən görünür ki, 04.11.1998-ci ildə “Texniki pasport” mənim adıma olmuşdur, Dadaşeva (Məmmədova) Lalənin adına yox; Daşınmaz Əmlakın Bağışlama Müqaviləsi, 26.05.2011-ci il, Mərdəkan qəs., Sahə küçəsi, ev 3/434-də qeydiyyatda olan Dadaşev Araz Məcnun oğlu və Mərdəkan qəs., Ş.İsgəndərov küçəsi, ev 11-də qeydiyyatda olan Dadaşeva Lalə Vahid qızı; “Mülkiyyətində olan Mərdəkan qəs., Sahə ünvanında istifadədə olan 3/434 nömrəli evi, ümumi sahəsi 378.8 kv/m, 5 otağı həyat yoldaşım Lalə Dadaşevaya bağışladım”. 7 №-lı Notarius, Reyestr 4Ə/2-336, 26.06.2011, Əgər bu ev 1998-ci ildə Dadaşeva Lalənin adına olmuşdursa, 2011-ci ildə mən həmin evi necə ona bağışlaya bilərdim?” – deyə A.Dadaşev bildirib.
Oktyabrın 4-də öyrəndik ki, Araz Dadaşev barəsində onun keçmiş həyat yoldaşı Lalə Dadaşeva və qaynı Ruslan Məmmədov tərəfindən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət edib.
Biz məsələylə bağlı A.Dadaşevin nümayəndəsi Hüseyn Eynullayevlə əlaqə saxladıq. “2011-ci ildə Araz Dadaşev iki torpaq sahəsini almaq barədə ayrı-ayrı şəxslərlə razılaşır və hər torpaq sahibinə 2500 manat pul verir, hər bağı 25 min manata razılaşırlar. Araza etibarnamə verilir, o da bağlara qum və daş gətizdirir. Lakin orda kanalizasiya sularının axdığını gördükdə, bağ sahələrini qaytarmağa qərar verir. Bağ sahibləri pulu sonra qaytaracaqlarını deyəndə isə, Araz Dadaşev torpaq sahələrini müvəqqəti olaraq öz qohumlarından birinin adına keçirmək istəyir. Lakin Lalə Dadaşeva deyir ki, qardaşımın adına keçirt, sənə problem yaratmaz. O da razılaşır və notariusda formal alqı-satqı edirlər. Ruslan Məmmədov isə sonradan bu torpaq sahələrini qaytarmaqdan imtina edir. Bu barədə məhkəmə qərarları da var və məhkəmə torpaq alqı-satqı müqaviləsinin etibarsız olduğu barədə qətnamə çıxarıb. Lakin Ruslan Məmmədov bunu danır və iddia edir ki, guya torpaq sahələrini Araz Dadaşevdən pulla alıb. Bu yaxınlarda isə dələduzluq maddəsinə istinad edərək, A.Dadaşevdən Bakı Şəhər Baş Polis İdarəsinə şikayət ediblər. Bildiyimə görə, cinayət işi açılıb, lakin nə məni, nə də Araz Dadaşevi hələ BŞBPİ-yə çağıran olmayıb. L.Dadaşeva və anası şahidlik edir ki, guya R.Məmmədov A.Dadaşeva evdə 70 min manat verib. Amma onların nümayəndəsi Rəna xanım məhkəmədə bildirib ki, guya notariusun qabağında Ruslan Məmmədov Araz Dadaşeva 5 min manat verib”, – deyə H.Eynullayev bildirdi.
Onun sözlərinə görə, L.Dadaşevadan onun keçmiş nümayəndəsi İlqar Əliyev də imtina edib. “Onlar bir ara çalışıblar ki, Arazın evinə silah və qanunsuz dini ədəbiyyat atsınlar, lakin onların nümayəndəsi bundan xəbər tutaraq, hüquq mühafizə orqanlarına şikayət edib”, – deyə hüquqşünas qeyd etdi.
L.Dadaşevanın keçmiş nümayəndəsi İlqar Əliyev deyilənləri təsdiqlədi. “Mən əvvəl onlara inandım, düşündüm ki, bir ananın və övladlarının haqqı tapdanıb. Amma proses vaxtında gördüm burda başqa məqamlar var. Ruslan Məmmədov hər variantla Araz Dadaşeva ləkə yaxmağa çalışırdı. Və onların Arazla bağlı məkrli planlarından xəbər tutduqda, nümayəndəlikdən imtina etdim və polis orqanlarına gedərək izahat yazdım. Bu barədə sübutlarım da var. Onlar isə deyir ki, guya mən onlardan 3500 manat almışam. Mən bu müddətdə onlardan ancaq yol xərcləri almışam. Düzdür, prosesin sonunda mənə mükafat vəd edilmişdi, amma bu deyilənlər yalandır”, – İ.Əliyev bildirib.
A.Dadaşevin özü ilə də danışdıq. “İndiyədək mən mətbuatda qızıl və pul söhbəti açmamışam. Çünki 80 min manat dəyərində qızılın və 52 min 700 manat pulun evimdən aparılmasını sübut etmək çətin idi. Lakin özləri mətbuat konfransında bunu açıblar. Və polisdə verilən ifadələrdən də məlum olub ki, o qır-qızılı dəyər-dəyməzinə satıblar, mənim illərlə qazandığım pulu mənimsəyiblər. İndi isə iddia edirlər ki, guya mən onları evdən qovmuşam, uşaqlar çöldə qalıb və s. Halbuki, mənim evimdən aparılan külli miqdarda pul və qızılın hara xərclənməsi suallar doğurur. Məhkəmə prosesləri əsasən əmlak mübahisəsi ətrafında gedir, lakin indi də məni cəmiyyətdə biabır etmək üçün şər-böhtana əl atırlar, guya onları qorxutduğumu, təhdid etdiyimi deyirlər. Əgər mən onların iddia etdiyi kimi kriminal adam olsaydım, niyə bu müddətdə məhkəmələrə gedib-gəlirdim? Sadəcə, Ruslan Məmmədov ailəmi dağıtmaqla kifayətlənməyib, indi də mənim halal zəhmətimlə qazandığım pulları mənimsəmək, özümü də şərləyib tutdurmaq istəyir”, – deyə A.Dadaşev vurğuladı.
Biz adıkeçən Ruslan Məmmədovla da əlaqə saxlamaq istədik, lakin cəhdlərimiz nəticəsiz qaldı.
Şamil Həsənbəyli
Xüsusi olaraq 365info.az saytı üçün
365info.az