GDU-nun mövqeyi şübhələrə əsas verir
7-11-2017, 21:59
“Gündəm Xəbər” qəzetinin 23-29 oktyabr 2017-ci il tarixli sayının 3-cü səhifəsində “GDU-da korrupsiya yenə öz ampulasındadır” başlıqlı tənqidi açıqlama dərc etmişdik.
Məqalədə adı çəkilən ali təhsil ocağında baş alıb gedən çoxsaylı qanunsuzluqlardan, ələlxüsüs GDU-nun iqtisadiyyatda idarəetmə kafedrasının əməkdaşı olan İsmayılov Fazil İsmayıl oğlunun, təqribən bir il bundan öncə Gəncə şəhər 3 saylı Peşə Liseyinə direktor təyin olunması səbəbindən, “çalışdığı kafedrada” dərs keçmədən əmək haqqı almasından bəhs etmişdik. Məqalənin dərcindən sonra çox keçmədi ki, qarşı tərəf sanki “ildırım sürəti”lə sadalananlara öz münasibətlərini bildirdilər. Belə ki, adı çəkilən təhsil müəssisəsinin mətbuat və ictimaiyyətlə əlaqələr xidməti “Gündəm Xəbər”in elektron poçtuna öz mövqelərini göndərib, "GDU-da korrupsiya yenə öz ampulasındadır" başlıqlı məqalədə sadalananları şər-böhtan adlandırır, müəllifi qeyri-peşəkar, qeyri-ciddi şəxs hesab edir, hətta sadalananları müəllifin öz düşüncəsi hesab etməkdən də çəkinmir. Sonda isə onu vurğulayır ki, “Universitetin rəhbərliyi ilə Fazil İsmayılov adlı şəxslə bağlanmış Əmək müqaviləsinə 11-ay bundan öncə xitam verilib. Aşağıda Sizə müvafiq əmrdən çıxarışın şəklini təqdim edirik”.
Bəli, biz Gəncə Dövlət Universitetindən “Gündəm Xəbər”in elektron poçtuna göndərilmiş 26.12. 2016-cı il tarixli 1/569 saylı əmrindən çıxarışa diqqətlə nəzər saldıq. Yazılmış əmirdə heç bir durğu işarəsinin olmaması, rektorun soyadının qarşısında adının yazılmaması, əmirdən çıxarışın sanki tapdaqlar altında qalan bir kağız parçasına bənzəməsi, yuxarı və aşağı hissələrinin isə, sanki əl ilə cırılaraq götürülməsi, elə qarşı tərəfin qeyri-peşəkarlığından, qeyri-ciddiliyindən xəbər verir. Qaldı ki, İsmayılov Fazil İsmayıl oğlunun iqtisadiyyatda idarəetmə kafedrasında dərs keçmədən əmək haqqı alması məsələsi, əslində bu əsl həqiqətdir. Elektron poçtumuza göndərilmiş əmrin ümumi görünüşü isə, həmin sənədin qanuniliyini şübhə altına almağa tam əsas verir. Odur ki, Gəncə Dövlət Universitetinin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə məsləhət görərdik ki, “Gündəm Xəbər”in əməkdaşını ittiham etməkdənsə, bir cümləlik əmrinizdən çıxarışın qaydaya salınmasına çalışsanız daha yaxşı olar.
teref.az olaraq GDU-nun mövqeyini dərc etməıyə hazırıq!
teref.az