"BELƏ ŞEY OLAR, QARDAŞ, BU QƏDƏRMİ AZĞINLAŞMIŞIQ? !" - YARALI ZABİTDƏN İÇACIDAN MÜSAHİBƏ
9-11-2017, 10:16
Kamil Musavidən telekanallara sərt sözlər: "Vətənə əsgər lazımdır, şou-biznesə müğənni yox"
"Qarabağ boyda dərdi olan bir ölkənin televiziyaları bütün gün çal-çağır edir, vətənpərvər verilişlər hazırlamır"
"Milyonlara nümunə çəkiləcək şəhid ailələrini efirə çıxartmaqdansa, hansısa müğənninin şəxsi həyatını araşdırıb, silsilə xəbərlər dərc edirlər. Niyə? Elə şəhidlərimiz var ki, həyat yoldaşı 2-3 övladını tək böyüdür. Onları nümunə göstərmək lazımdır, hansısa yüngül əxlaqlı müğənnini yox"
"Gündə 5 dəfə Samiraldo, Tolik efirdə olur, ayda-ildə bir dəfə şəhidlərimiz, qazilərimiz, Azərbaycanın qeyrətli gəncləri efirə çıxarılmır. Bəs, onlara baxan gənclər neynəsin?"
"Azyaşlını efirə ata-anasının dava-dalaşından, ailə münaqişəsindən, müğənni olmaq arzusundan danışmağa deyil, vətənpərvərlik ruhunda söhbətlərə cəlb etməlidirlər"
"Cavan oğlanlar"ı efirə çıxarırlar, hamısı qaşını alıb, sırğa taxır. Üstəlik, efirdən cəmiyyətə elə adamlar "tərbiyə” verir ki, insan əsəbləşir. Cəmiyyətin ziyalıları kənarda qalıb, müğənnilər insanlara "dərs keçir”.
"Biz düzgün təbliğat apara bilmədiyimiz üçün bu gün gənclik də vətənpərvərlik hissinə dırnaqarası yanaşır. Gənclər cəbhə xəttində hərbi xidmət keçmək istəmir ki, ölsəm anam gözü yaşlı qalacaq"
"Bir dəfə şəhid haqqında film çəkən rejissorun gileyinə şahid oldum. Çox acınacaqlı haldır ki, həmin rejissor telekanallara filmin yayımlanması üçün müraciət edib, pul istəyiblər"
Döyüş tapşırıqlarını yerinə yetirərkən sol gözü və sağ ayağını itirən kəşfiyyatçı baş leytenant Kamil Musavi feysbuk hesabında televiziyaların fəaliyyətinə dair tənqidi status paylaşıb. Telekanallarda şou xarakterli verilişlərin çoxluğundan şikayətlənən qazi efirlərdə vətənpərvər ruhlu proqramların azlığından gileylənib. Kəşfiyyatçının məlum statusu şəbəkə istifadəçilərinin də diqqətini cəlb edib. Və əksəriyyət K. Musavinin fikirləri ilə razılaşdığını dilə gətirərək bəzi teleməkanlarda vəziyyətin dözülməz həddə çatdığını bildiriblər. Biz də "Sherg.az" olaraq məsələnin ciddiliyini nəzərə alaraq K.Musavi ilə əlaqə saxlayıb televiziyalarla bağlı onu narahat edən məsələlər ətrafında geniş söhbət apardıq.
Söhbəti təqdim edirik :
-Sosial şəbəkədə "nə vaxt televiziyanı açırıq şou-proqramlar, şou-xəbərlər... İşğalda olan bizim şou-biznesimizdir, yoxsa torpaqlarımız?”- deyə səsləndirdiyiniz fikirlər geniş müzakirələrə səbəb oldu. Aydın görünür ki, əksəriyyət TV-lərin bu fəaliyyətindən narazıdır. Sizi bu qədər əsəbləşdirən nə oldu?
- Əslində o fikirləri ürək ağrısı ilə yazdım. Səhərdən axşama kimi bütün telekanallarda ancaq şou verilişlər, evlənmələr, boşanmalar, çal-çağır, müğənnilərin şəxsi həyatı və s. nümayiş olunur. Səhhətimlə əlaqədar evdən çıxa bilmirəm, amma televizoru açmaq da olmur. Verilişlərə baxanda o qədər əsəbləşirəm ki, qəzəbimdən televizoru söndürürəm.
Ən acınacaqlısı odur ki, gəncləri vətənpərvər olmamaqda qınayırıq. Televiziyalara körpə uşaqları ailə problemlərindən danışmağa çıxarırlar. Ata-ana mübahisə edir, televiziyalar bunu gündəmə gətirir, uşaqları da bir növ şahid kimi efirə gətirirlər. Azyaşlı uşaqdan soruşurlar ki, atan ananı vurubmu? Belə verilişlərə necə baxasan? Biz yetkin insanlarıq, izləyə bilmirik, hiddətlə qarşılayırıq. Görün, onda həmin uşaqların, onlara baxan gənc nəslin psixologiyasına bütün bunlar necə mənfi təsir edir.
Efirdə ən çox təbliğ edilən şou-biznes və müğənnilərdir. Bu ölkədə gərək yalnız müğənni olasan. "Cavan oğlanlar"ı efirə çıxarırlar, hamısı qaşını alıb, sırğa taxır. Üstəlik, efirdən cəmiyyətə elə adamlar "tərbiyə” verir ki, insan əsəbləşir. Cəmiyyətin ziyalıları kənarda qalıb, müğənnilər insanlara "dərs keçir”.
-Gənclərə vətənpərvərlik ruhunun aşılanması üçün televiziyalar nə etməlidir?
Uşaqların telekanallara çıxarılması müsbət haldır. Amma baxır həmin uşaqlarla hansı mövzularda söhbətlər aparırlar, onlara nə təlqin edirlər ? Bir azyaşlını efirə ata-anasının dava-dalaşından, ailə münaqişəsindən, müğənni olmaq arzusundan danışmağa deyil, vətənpərvərlik ruhunda söhbətlərə cəlb etməlidirlər. Televiziyada vətənə əsgər yetişdirmək lazımdır, şou-biznesə müğənni deyil. Müxtəlif oyunlar təşkil edilə bilər, uşaqlara hərbi biliklər, vətəni qorumaq, torpaq uğrunda döyüşmək öyrədilə bilər. Torpaqları işğalda olan bir dövlətin televiziyaları bütün gün çal-çağır edir, vətənpərvər verilişlər hazırlamır. Belə şey olar, qardaş?
İndinin özündə də əsirlikdə olan vətəndaşlarımız, ana-bacılarımız var. Bu torpağın qisası alınmalı olan şəhidlərini saymaqla bitməz. Amma nə olsun, bütün gün çalıb-oynayırıq, Qarabağ boyda dərdimiz var.
Cəbhə xəttindən şəhid xəbərləri gəlir. Televiziyalarda bu barədə heç bir məlumat verilmir. Yalnız xəbərlərdə bir kəlmə deyilər, ya deyilməz, vəssalam. Çox zaman isə televiziya xəbər vermir, insanlar internetdən, sosial şəbəkələrdən oxuduqda xəbər tutur ki, şəhidimiz var. Şəhidin kimliyi haqqında heç vaxt televiziyadan məlumat ala bilmirik. Ən uzağı sosial şəbəkələrdə həmin şəhidlərin yaxınları, dostları tərəfindən şəkillər, məlumatlar paylaşılar, elə tanıyarıq.
-Daha çox hansı kanalları izləyirsiniz, konkret olaraq hansı kanal "ürəyinizi bulandırır”?
Ən çox Tovuz TV-yə baxıram, çünki ancaq xəbərlər verilir. Bütün gün xəbər izləmək, istənilən halda şou-biznesə baxmaqdan yaxşıdır. Bir də İdman Azərbaycan kanalına baxıram. Digər kanalları açdıqda, görürsən ki, aparıcı efirdə şit, bayağı hərəkətlər edir, qeyri-etik ifadələr işlədir. Aparıcılar efirə dəvət etdiyi müğənnini lağa qoyur, bəzən də elə yüksəyə qaldırır ki, efirdən verilişi izləyənlərə "tərbiyə” verir. İnsanları bu şəkildə aşağılamaq olmaz. O qədər qeyrətli, namuslu ailələrə, şəhid ailələrinə belə hörmətsizlik etmək nəyə lazımdır?
Milyonlara nümunə çəkiləcək şəhid ailələrini efirə çıxartmaqdansa, hansısa müğənninin şəxsi həyatını araşdırıb, silsilə xəbərlər dərc edirlər. Niyə? Şəhid ailələri, qazilərlə bağlı verilişlər hazırlamaq, insanlara onları tanıtmaq daha yaxşı olmazmı? Elə şəhidlərimiz var ki, həyat yoldaşı 2-3 övladını tək böyüdür. Şəhid Fərid Əhmədovun iki övladı yadigar qalıb, onları kimsə tanımır. Sadə bir reportaj hazırlayıb, veriliş çəkib, onların güzəranı, yaşayışı haqqında insanlara məlumat vermək olmazmı?
Ümumən, televiziyalarımız çoxdur, amma normal veriliş, məlumat yayımlanmır. Gündə 5 dəfə Samiraldo, Tolik efirdə olur, ayda-ildə bir dəfə şəhidlərimiz, qazilərimiz, Azərbaycanın qeyrətli gəncləri efirə çıxarılmır. Bəs, onlara baxan gənclər neynəsin?
-Bayramlarda, əlamətdar günlərdə vətənpərvər verilişlər hazırlanır. Sizi belə verilişlərə dəvət ediblərmi?
-Bəli. Bəzi televiziyalarımız vətənpərvər mövzulara veriliş həsr etdikdə qonaq məni kimi dəvət edir. Əslində çatdırmaq istədiyim fikir mənim, ya konkret bir başqa qazimizin verilişə dəvət edilməsi deyil. Sadəcə davamlı olaraq belə müzakirələrin aparılmasına, fərqli strukturda vətənpərvər verilişlərin hazırlanmasına ehtiyac var.
Bir dəfə şəhid haqqında film çəkən rejissorun gileyinə şahid oldum. Çox acınacaqlı haldır ki, həmin rejissor telekanallara filmin yayımlanması üçün müraciət edib, pul istəyiblər. Bu qədərmi azğınlaşmışıq? Əslində bir film şəhid adı ilə bağlıdırsa, sorğu sualsız, bir qəpik də tələb edilmədən efirlərdə yayımlanmalı idi. Belə hadisələrlə üzləşdikcə çox pis oluram ki, vətən uğrunda canını qurban verənlərə dəyər bu qədərdirmi?
Məni televiziya dəvət edirlər. Verilişlərdə sadəcə həyatım, cəbhədə yaralanmağım, başıma gələnlər haqqında danışıram, gəncləri vətənpərvərliyə ruhlandırıram. 1-2 sual verirlər, vəssalam. Ürəkdolusu danışıb, fikirlərimi çatdıra bilmirəm.
Biz düzgün təbliğat apara bilmədiyimiz üçün bu gün gənclik də vətənpərvərlik hissinə dırnaqarası yanaşır. Gənclər cəbhə xəttində hərbi xidmət keçmək istəmir ki, ölsəm anam gözü yaşlı qalacaq. Həmin gənclərə reallığı aşılamaq, düşmənin torpaqlarımızı işğal etməsini, Xocalı soyqırımını elə çatdırmaq lazımdır ki, onlar vətəni qorumağı özünə borc bilsin. Xalqımızın başına gətirilən faciələrdə, Birinci Qarabağ müharibəsində sağ qalan elə cavanlar oldu ki, indiyə qədər də ailəsinin, ata-anasının, qardaş bacılarının harada olduğunu bilmir. Müasir, bütün gün televiziyada çalıb-oynamağı görən gənclər isə bunlardan uzaqdır. Tək belə hallar deyil, bütün müsbət adət-ənənələrimiz, dəyərlərimiz gənclərə çatdırılmalıdır.
Bu gün bir tendensiya yayılıb ki, ancaq avropalaşmadan danışırlar. Lakin Avropanın müsbət cəhətlərini nümunə götürməkdənsə, efirdə kişilərin sırğa taxması, qaş alması, özünü yarı qadın, yarı kişi halına salması kimi düşüncələr nümayiş olunur.
-Son vaxtlar Türkiyənin hərbi serialları, savaş filmləri ölkəmizdə də maraqla izlənir. Amma özümüzdə belə filmlərə rast gəlmirik. Bu istiqamətdə hansı işlər görülə bilər?
Dövlət üzərinə düşəni edib. Televiziya kanalları açılıb, serialların, filmlərin çəkilməsi üçün maliyyə ayrılıb. Amma bu işlərin icraçıları heç nə edə bilmir. Ancaq şou-xəbərlər yayımlayırlar, guya bu, reytinqlidir. Bəhanədir. Televiziya işçiləri şou nümayəndələrini asanlıqla tapır. Bir şəhidin ailəsindən, evindən reportaj hazırlamaq üçün çox hallarda regionlara getmək lazım olur. Amma şou nümayəndələri Bakıdadır, efirə çıxmaq üçün də "ölürlər". Bir zəngə baxır ki, müğənnilər efirə çıxsın, qalmaqal etsin.
Filmlərin çəkilməsinə əl qoyanlar yoxdur. Bəhanə gətirirlər ki, filmin çəkilməsi bahalıdır, üstəlik izlənmir. İnanın, şəhid, vətən, hərb haqqında bir sanballı film ortaya qoyulsa, hər kəs üçün maraqlı da olar, izlənilər də. Türklər öz filmlərində Mübariz İbrahimova yer vermişdilər. Qardaş ölkə bizim qəhrəmanımız haqqında film çəkir, insanlara onun qəhrəmanlıqlarından danışır. Niyə özümüz öz qəhrəmanımızı təbliğ edə bilmirik?
-Əslində bu gün gənclərin vətənpərvərlik hissindən bir qədər uzaq olmasını qazilərə lazımi dəyər verilməməsi ilə də əlaqələndirirlər. Sizcə də belədirmi?
-Ötən günlərdə "Qarabağ əlillərinə dərman və ictimai nəqliyyat niyə pulsuz olmalıdır?” başlıqlı bir xəbər oxudum. Əslində dövlət avtobusları, taksiləri, aptekləri olmalıdır və qazilər də bundan istifadə etməlidir.
Türkiyədə qazilərə edilən hörmətlə bağlı dəfələrlə yazılar oxumuşuq, sosial şəbəkələrdə məlumatlar qarşımıza çıxıb. Mən daha dəqiq öyrənmək üçün bir türk tanışımla söhbət etdim. O dedi ki, Türkiyədə qazi, özəl, yaxud dövlət fərqi yoxdur, taksidən pulsuz istifadə edir. Qazi taksiyə oturur, mənzil başına çatdıqda gediş haqqını ödəmir, sadəcə vəsiqəsini taksi sürücüsünə göstərir. Sürücü isə vəsiqənin kopiyasını götürüb, yerli bələdiyyəyə təqdim edir və qazini haradan hara çatdırması barədə məlumat verir. Qazinin gediş haqqını isə taksi sürücüsünə bələdiyyə ödəyir. Apteklərdə, tibbi müayinələrdə də bu cür normalar tətbiq edilir.
Həmin müsahibəni əsas götürüb, ölkəmizlə Türkiyəni müqayisə etdikdə görərik ki, qazilərə 20 qəpiklik gediş haqqı çox görülür. Söhbət vətən uğrunda döyüşənlərə verilən dəyərdən gedirsə, 20 qəpik nə böyük məbləğdir? Qazi hər gün taksidən, yaxud dərmanlardan istifadə edəsi deyil ki?! Bir qazinin istifadə etdiyi bu xidmətlər ayda maksimum 100 manat ola bilər. Bu çoxdurmu?