ŞƏRQ - QƏRB NƏŞRİYYATINDA ƏMƏLİYYAT? – “Saxlanılanlar olub”

9-11-2017, 11:47           
ŞƏRQ - QƏRB NƏŞRİYYATINDA ƏMƏLİYYAT? – “Saxlanılanlar olub”
Rus dilindəki versiyasında uydurma "Böyük Ermənistan” xəritəsinin çap olunduğu X sinif "Ümumi tarix” dərsliyilə bağlı bir müddət davam edən ictimai müzakirələr bitsə də, faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırmalar davam etdirilib. Bu barədə "AzPolitika.info”ya özəl mənbələrdən məlumat daxil olub.
Xatırladaq ki, X sinif "Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan” ərazisini əks etdirən xəritə cap olunub. Azərbaycan, Türkiyə, İran və Gürcüstanın torpaqlarını əhatə edən "Dənizdən-dənizə Böyük Ermənistan” dövlətinin təsvir olunduğu uydurma xəritəni kitaba salan tarixçi Kamran Əsədov olub.

Sözügedən hadisə, təbii olaraq, ölkədə ciddi reaksiya doğurdu, Təhsil Nazirliyi, kitabın çap olunduğu "Şərq-Qərb” nəşriyyat evi və kitabın müəllifləri sərt tənqid edildilər. Hətta Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Elmi Şurası X sinif "Ümumi tarix” dərsliyinin rusca versiyasında uydurma "Böyük Ermənistan” ərazisini əks etdirən xəritənin verilməsi ilə bağlı sərt bəyanatla çıxış edərək, bunun Azərbaycan dövlətinə qarşı təxribat və xəyanət olduğunu bəyan etdi.

Öz növbəsində Təhsil Nazirliyi isə həmin dərsliyin Azərbaycan dilində olan orijinalında və gürcü dilinə tərcüməsində səhvə yol verilməsə də, rus dilində olan variantında "texniki səhv”in olduğunu etiraf etdi: "Aşkarlanmış səhv dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı tərəfindən aradan qaldırılıb və dərslik yenidən çap olunaraq, məktəb kitabxanalarına təhvil verilib”.

Nazirlik kitabın çapında səhv olduğunu etiraf etsə də, uydurma xəritənin kitaba düşməsinin səbəbkarı olan Kamran Əsədov özünə haqq qazandırmağa, hətta həmin xəritənin "25 ildir ki, dərsliklərdə istifadə olunduğunu” deyərək, həqiqəti əks etdirdiyini sübut etməyə çalışdı.
Aşkarlanmış bu biabırçı, təxribat xarakterli səhvlə bağlı dərsliyi nəşr və çap edən "Şərq-Qərb” nəşriyyatı isə heç bir açıqlama verməməyi üstün tutdu. Lakin belə aydın olur ki, bu sükutun arxasında çox ciddi proseslər gedib. Belə ki, "AzPolitika.info”ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanları qeyd olunan faktla bağlı "Şərq-Qərb” nəşriyyatının rəhbərliyini istintaqa cəlb edib. Hətta saxlanılanların olduğu da bildirilir.

Onu da qeyd edək ki, bu, "Şərq-Qərb” nəşriyyatının yeganə biabırçı səhvi deyil. Məsələn, elə bu yaxınlarda nəşriyyatın 10-cu sinif "Gənclərin çağırışaqədərki hazırlığı” dərsliyində erməni snayperinin fotosunu Azərbaycan əsgəri adı ilə verdiyi aşkarlanmışdı. Bundan əvvəl isə orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş gündəliklərdə iki dövlət bayramının tarixi səhv qeyd olunmuşdu. Dövlət Müstəqilliyi günü kimi 9 noyabr, Dövlət Bayrağı günü kimi isə 18 oktyabr qeyd edilmişdi.

Görünür nəşriyyatın bu cür "səhvlərinin” çoxluğu hüquq-mühafizə orqanlarının da diqqətini cəlb edib.

Bu məlumatla bağlı "Şərq-Qərb” nəşriyyatının rəhbərliyi ilə danışmaq cəhdlərimiz baş tutmadı. Hər dəfə nəşriyyatdan bildirdilər ki, rəhbərlikdən heç kim yerində deyil.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.