Cəlilabad Qaz İstismarı Sahəsində özbaşınalıq

10-11-2017, 09:16           
Cəlilabad Qaz İstismarı Sahəsində özbaşınalıq
Şikayətçi Xuraman Əkbərova iki övladı və onkoloji xəstə anası ilə soyuqda qaldıqlarını yazır:

«Hörmətli redaksiya!

Bildirmək istəyirəm ki, mən – Əkbərova Xuraman Sərraf qızı Cəlilabad rayon Səttarxan küçəsində iki övladım və onkoloji xəstə olan anamla birlikdə yaşayırıq. Bir neçə gündür ki, «Azəriqaz» İstehsalat Birliyinin Cəlilabad Qaz İstismarı Sahəsinin əməkdaşları evimə gələn qaz xəttini kəsərək bizi soyuqda qoyublar. Səbəbi isə budur ki, evimə çəkilmiş 333-10-44-00-1000-80 nömrəli sayğacım qaynım Abışov Habil Xoçaxan oğlunun adına olmasıdır. Qaynım Habil Abışovun özünün yaşadığı mənzildə 233-10-43-342-00-000 nömrəli sayğacının «Azəriqaz»a 336 AZN borcu var. Ona görə də «Azəriqaz»ın əməkdaşları qaynımın borcunu ödətdirmək üçün gəlib mənim də evimin qaz xəttini kəsiblər.

Mən öz qaz borcumu hər ay vaxtlı-vaxtında ödəyirəm. Bununla bağlı mən Cəlilabad Qaz İstismarı Sahəsinin rəis əvəzi Rafiq Məhərrəmovun qəbulunda olduq. Rafiq Məhərrəmov isə bizə bildirdi ki, qaz xəttinin kəsilməsinə görə şikayət etdiyimiz üçün xətti birləşdirmək fikri yoxdur. Dedi ki, şikayət məktubumuza təkzib yazaraq, səhv etdiyimi bildirin. Mən isə bununla razılaşmadım. Çünki səhv mənim yox, qaz idarəsinin işçilərinindir.

Hörmətli redaksiya!

Sizdən xahiş edirəm, qaz xəttimizin birləşdirilməsi üçün şikayətimi aidiyyəti qurum rəhbərlərinin diqqətinə çatdırasınız. Çünki artıq havalar soyuyub, dörd nəfər evin içində soyuqdan donuruq».

Məsələ ilə bağlı şikayətçinin bizə təqdim etdiyi Cəlilabad Qaz İstismarı Sahəsinin rəis əvəzi Rafiq Məhərrəmovun mobil telefonuna zəng etsək də, çox təəssüf ki, zəngimiz cavabsız qaldı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
tezadlar.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.