“Atasığorta” qanunsuzluqda ittiham olunur - İDDİA
11-11-2017, 11:02
Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi Cəmiyyətinin sədri Nicat Nəzərov “Yeni Müsavat”ın redaksiyasına üz tutaraq sığorta şirkətində üzləşdiyi haqsızlıq barədə məlumat verərək, problemini ictimailəşdirməyə çalışıb. 2014-cü ildə QHT yaradaraq, orta və kiçik sahibkarlara vergi məsələsində hüquqi yardım edən N.Nəzərovun bu dəfə özünün hüquqları pozulub.
Belə ki, bu ilin oktyabr ayının 25-də yaşanan kiçik bir avtomobil qəzasından sonra vətəndaş sığorta şirkətindən avtomobilinə dəymiş ziyanın pulunu ala bilməyib: “Oktyabrın 25-də A.Kumanbayev küçəsində Rəsulov Rəsul Həsən oğlu adlı sürücü "Toyota" markalı “90 DT 733" nömrə nişanlı avtomobili ilə, mənim "Mercedes C Class" markalı “90 HL 033" nömrəli avtomobilimi vurub. Burada mənim günahım olmayıb, digər sürücünün günahından baş verdi. Mən yol kənarında avtomobilimi saxlayıb yolun digər tərəfinə keçmişdim ki, bankomata pul ödəyəm. Digər sürücü avtomobilini arxaya verəndə mənim maşınıma dəyib. Bunu həmin sürücü özü də etiraf etdi. Biz dərhal 102 xidmətinə və sığorta xidmətinə zəng elədik. Sığorta şirkəti olan ”Atasığorta" gəlib hadisəni qeydə aldı. Daha sonra Dövlət Yol Polisinə arayış üçün getdim. Orada mənə bildirdilər ki, sığorta şirkəti öz avtomobilində dinləmə cihazı yerləşdirib, siz avtomobildə nə söhbət etmisinizsə qeydə alınıb. Avtomobildə dediyiniz sözlərə görə, sizə sığorta pulu verilməyəcək".
Şikayətçi deyir ki, bu faktın özü ümumilikdə maraqlı bir məsələdir və birbaşa qanun pozuntusudur: “Mən bu hadisəni araşdırdıqdan sonra məlum oldu ki, bir sıra sığorta şirkətləri qanunsuz olaraq öz avtomobillərində dinləmə cihazları yerləşdirirlər, vətəndaşların öz aralarındakı dialoqları, razılaşmaları qeydə alırlar və bundan istifadə edirlər. Sığorta şirkətinə müraciət etdikdə də, eyni əməkdaş məni qarşıladı və bildirdi ki, biz sizə sığorta verməyəcəyik. Bu sığortanın dəyəri ümumilikdə çox böyük bir məbləğ deyil, təxminın 400 manatdır. Xarici təcrübədə, Rusiyada, Gürcüstanda bu cür kiçik sığorta hadisələri çox qısa bir müddətdə həll edilir. "Atasığorta" isə mənə bu pulu verməkdən imtina etdi. Avtomobildəki danışığımıza gəlincə, mən orada heç nə danışmamışam, qarşı tərəflə aramızda hər hansı dialoq olmayıb. Mən hesab edirəm ki, vətəndaşların səslərinin gizli şəkildə dinlənməsi bizim konstitusion hüquqlarımızı pozur".
N.Nəzərovun sözlərinə görə, sığorta şirkəti onu süründürməçiliyə salıb: “Polis mənə avtomobilimin təmiri ilə bağlı arayış vermişdi. Digər bir arayışı isə sığorta şirkəti oraya göndərməli idi. Mən işin üstünə çox ciddi düşdüm. Sığorta şirkətindən tələb etdim ki, ərizə formasını həmin gün versinlər və şəxsən özüm doldurdum. Onlar demişdi ki, sizə 3 iş günü ərzində cavab verəcəyik. Mən isə elə həmin gün mənə bir sənəd verilməsini tələb etdim ki, 3 gün sonra təkrar müraciət edim. Ancaq o gündən bu günə qədər sığorta şirkətindən mənə heç bir zəng olunmayıb. Dəfələrlə özüm zəng eləmişəm, ancaq nəticəsi olmayıb. Bu şirkətin rəsmi internet səhifəsində sığorta yığımları və ödənişləri ilə bağlı rəsmi statistik göstəriciləri var. Bu ilin 9 ayı üçün edilən ödənişlərə baxsanız görərsiniz ki, təqribən 70 faiz mənfəətlə çıxıblar. Maddi imkanı aşağı olan insanları isə bax bu cür süründürməçiliyə salırlar. Sığorta şirkəti həmçinin elə hesab edir ki, mən digər avtomobili vurmuşam, o məni yox. Ancaq ərazidə müşahidə kameraları var, hadisə şahidi olan insanlar var.
Bəhanələr isə ondan ibarətdir ki, biz sənədləri poçt vasitəsilə DYP-ə göndərəcəyik, bu 10 gün çəkir. Onlar baxıb cavab verəcəklər, bu da 10 gün vaxt istəyir. Qanunla mən 3 gün ərzində onlardan rəy almalı idi. Buna nəzarəti isə Maliyyə Nazirliyinin müvafiq qurumu həyata keçirir".
Şikayətçi onu da vurğuladı ki, hadisədən 15 gündən çox vaxt keçməsinə baxmayaraq, hələ də avtomobilinə dəyən zərərin qiymətləndirməsini əldə edə bilməyib: “Buna baxmayaraq, özüm avtomobilimi düzəltdirmişəm, müvafiq qəbzləri də almışam. Sığorta şirkəti hətta avtomobili qiymətləndirmə üçün aparmağı belə öz üzərlərinə götürmürlər. Qiymətləndirmə yerində isə qeyri-peşəkar adamlar işləyir. Onlar ümumiyyətlə usta deyillər, dəllaldırlar. Çalışırlar ki, qiymətləndirməni minimumla hesablasınlar. Sığorta şirkətinin mənə qarşı etdiyi sürücündürməçilik, mənim fəaliyyətimlə də əlaqədar ola bilər. Çünki biz vergi ödəyicilərinə hüquqi yardım göstəririk. Hadisə təsadüfi olsa da, sığorta probleminin yaşanması təsadüfi deyil. Mənim vergi orqanları, bank sektoru ilə bağlı mütəmadi yazılarım çap olunur. Hesab edirəm ki, baş verənlər bununla bağlı ola bilər”.
Məsələ ilə bağlı suallarımıza “Atasığorta” şirkətindən cavab almağa çalışsaq da, zənglərimizə cavab verilmədi. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. \\musavat.com\\