Elxan Məmmədovun pul ayırdığı saytlar "yoxa çıxıb": Baş katib AFFA-nın milyonlarını göyə sovurur
14-11-2017, 08:31
Ötən il idman mediasına dəstək məqsədilə AFFA yanında Media Komitəsi yaradıldı. Bu komitənin yaradılmasında əsas məqsəd idman mətbuatında araşdırma, təhlil tipli yazıların artması, jurnalistlərin peşəkarlıq səviyyəsinin artması və Azərbaycan futbolunun inkişafına dəstək idi. Ancaq zaman onu göstərdi ki, bu komitə idmanımızın inkişafına yox, bir neçə şəxsin müdafiəsinə və siğortalanmasına hesablanıb.
AZXEBER.COM adıçəkilən komitənin maliyyə ayırdığı saytlardan bəzilərinin monitorinqini aparıb.
Araşdırma nəticəsində məlum olub ki, komitənin pul ayırdığı saytlardan bəziləri ümumiyyətlə mövcud deyil, bəziləri isə uzun müddətdir ki, yenilənmir.
Komitənin 17 oktyabr tarixində keçirilən iclasının sonunda idarə heyətinyusport.az və extratime.az saytlarına toplam 4 min manatdan çox pul ayırıb. Ancaq adıçəkilən saytların hər ikisi uzun müddətdir ki, fəaliyyət göstərmir, saytlarının domenlərinin vaxtı bitib. Maraqlıdır ki, bu saytlara maddi yardım olunması və onların layihə keçirəcəkləri ilə bağlı məlumat MK-nın rəsmi press-relizində də qeyd olunub. Belə olan halda ortaya sual çıxır: Görəsən bu komitənin ideya müəllifi Elxan Məmmədov pul ayırdığı saytlara heç bir dəfə də olsun daxil olubmu? Olmayıbsa, bu pulun qaynağı haradır? 4 min manatı havaya atmağın mənası nədir?
Məsələ ilə bağlı adıçəkilən AFFA yanında Media Komitəsinin idarə heyətinin üzvü Mahir Rüstəmli AZXEBER.COM-a deyib ki, press-relizdə yanlışlıq olub və saytın adı newsport.az olmalıdır, digər saytın isə hostinqində dəyişikliklər gedir.
İdman mütəxəssisləri isə hesab edir ki, bu komitə idman mətbuatına dəstək məqsədilə deyil, məhz bir neçə şəxsi müdafiə etmək üçün yaradılıb. Bu adamların başında isə AFFA baş katibi Elxan Məmmədov gəlir. Bu layihə adı dəfələrlə maliyyə qalmaqallarında hallanan Məmmədovun özünü siğorta cəhdidir və komitə də məhz onu müdafiə etmək üçün yaradılıb. Maraqlıdır ki, tanınmış idman jurnalisti, ATV İdman Xəbərlərinin aparıcısı İlkin Xəlilov komitənin saytlara pul paylamasına belə reaksiya verib: "Burada deyəsən pul paylayırlar, nə əladır, növbəti layihəyə qədər mən də bir idman saytı yaradacam".
Onu da qeyd edək ki, məhz Məmmədovun bu layihəsindən sonra onun əleyhinə mediada ifşaedici məlumatlar azalıb. Media Komitəsi həm də jurnalistlərin xarici ölkələrə səfərini təşkil edir. İdman jurnalistləri də maddi asılılığa görə onların çaldığı havanı oynamağa məcburdur. İdman mətbuatında reklam bazarının olmaması, klubların tapşırıq ilə reklam verməsi qələm adamlarını aciz hala salıb, bundan da maksimum faydalanan Elxan Məmmədov və onun komandası olur.
Məmmədovun Azərbaycan futbolu ilə bağlı yarıtmaz siyasəti bununla da yekunlaşmır. "Kəpəz" klubunda yoxlamalar və onun hər kəsə bəlli nəticəsi, baş məşqçi Şahin Diniyev açıqlaması, oyun alqı-satqıları, Rövnəq Abdullayevin qovduğu hakimə yeni vəzifə verməsi də gündəm mövzularındandır və bütün bunlar onu göstərir ki, futbolumuz bu şəxslərdən azad olmayana qədər problemlər də bitməyəcək.
teref.az olaraq adları çəkilən şəxs və qurumların fikirlərini işıqlandırmağa hazırıq!
teref.az