Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….

20-11-2017, 08:15           
Eldar Yunusovun Bakı meriyasından başlanan macəraları: MTN-dən İsrailədək….
Məktəbəqədər uşaq müəssisələri Təhsil Nazirliyinin tabeliyindən alınıb, Bakı Şəhər İcra Hakimiyyətinin nəzdinə verilməsindən sonra, bu sahədə mövcud olan problemlər azalmaq əvəzinə, uzun illərdən bəri mövcud olan nöqsanların sırasına yeniləri də əlavə olunub. Məhz bundan sonra azyaşlıların uşaq bağçalarına qəbul prosesi bir xeyli çətinləşib.
Bu gün əksər məktəbəqədər uşaq müəssisələrində qəbulla bağlı süründürməçilik hökm sürür. Əksər bağçalarda bir qayda olaraq, yer olmadığı əsas gətirilir və uşaqlardan imtina olunur. Bəzi müdirlər isə, Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəhbəri Eldar Yunusovun qorxusundan bağçalara az uşaq götürməyə məcbur olduqlarını deyirlər. Az sayda uşaqlar təmənnasız götürülsə də, böyük əksəriyyət məhz pulla qəbul edilir.
Eldar Yunusovun “baxça biznesi”
Uşaqların bağçaya götürülməsi zamanı tələb olunan rüşvətin məbləği isə bu sahəyə rəhbərlik edən Eldar Yunusov tərəfindən müəyyən edilir. Valideynlərdən hər uşağa görə alınan təxminən 300-500 manat pulun bir hissəsi Eldar Yunusova, qalanı isə, bağça müdirlərinə çatır. Bundan başqa, hər ay körpənin valideynlərindən 20 manat, bəzən 30-40 manat pul alınır. Eldar Yunusovun nöqsanlı fəaliyyəti nəticəsində əksər uşaq bağçalarında məktəbəqədər pedoqoji prosesdən irəli gələn məqsəd və vəzifələr nəzərə alınmır.
Eldar Yunusovun rəhbərlik etdiyi dövlət müəssisəsində qohumlardan ibarət komanda yaratdığını bilməyən yoxdur. Yaxın qohumu olan Fuad adlı şəxsi Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsində baş mühasib təyin etməklə E. Yunusov bütün maliyyə məsələlərini nəzarətə götürüb . Məhz yaxın qohumunu idarənin maliyyə məsələlərinə rəhbər təyin etməklə E. Yunusov baş verən bütün qanunsuzluqları, şübhəli maliyyə əməliyyatlarını ört-basdır edə bilir. E. Yunusovun yaxın qohumu idarədə təkcə mühasibat işləri ilə məşğul olmur. Baxça müdirlərinə nəzarəti və onlardan alınan “haqq” məsələsini də Fuad həyata keçirir. Əgər qanunla nəzərə alsaq ki, dövlət müəssisəsində bir şöbəyə rəislik edənin yaxın qohumu həmin şöbədə baş mühasib olmamalıdır. Məgər bunun nə qədər qanuni olub-olmamasının hüquq-mühafizə orqanlarının araşdırması vacibdir. Açıq-aydın görünür ki, Eldar Yunusovun öz yaxın qohumunu baş mühasib təyin etməsi məqsədyönlüdür.
Əgər Eldar Yunusovun adi məmurun yaşayışından fərqlənən dəbdəbəli, zəngin həyat tərzinə baxsaq bunun heç də halal maaşdan qaynaqlanmadığını görərik. Çünki, sürdüyü bahalı avtomobili halal maaşla almaq üçün E. Yunusova yemədən-içmədən bir neçə onilliklər lazım olardı. Elə paytaxtın müxtəlif ərazilərində yerləşən çoxsaylı obyektlər də onun məmur fəaliyyətindən daha çox bizneslə məşğul olduğunu göstərir.
Müəmmalı İsrail səfərlərinin sirli pərdəarxası
Mötəbər mənbələrin bildirdiyinə görə, Eldar Yunusov ildə bir neçə dəfə İsrailə müəmmalı səfərlər edir. Bu səfərlərin sayını bilmək üçün onun xarici pasportuna vurulan möhürləri saymaq kifayətdir. E. Yunusovu İsrailə bağlayan heç də bu ölkənin təbiəti və yaxud tarixi abidələri deyil. Bu səfərlər onun bu ölkədə tək biznes maraqlarını təmin etmək məqsədi daşımır. İsraildə olarkən onun keçirdiyi gizlin, müəmmalı görüşlərin də araşdırılması zəruridir. Bir məmurun belə gizlin görüşləri sıradan bir fakt hesab olunmamalıdır. Etibarlı mənbənin verdiyi məlumatlara əsasən E.Yunusov eyni zamanda Bakı Şəhəri İcra Hakimiyyətində İqtisadiyyat komitəsinin sədri vəzifəsini icra edir. O, bu vəzifəni daşımaqla başçısı ilə olan münasibətlərinin daha yüksək səviyyəyə çatmasına nail olmuşdur və o bundan da məharətlə istifadə edərək “sirli” qazanclara sahib çıxmışdır.
MTN bağlantıları
Bu gün cidd-cəhdlə gizlətməyə çalışsa da Eldar Yunusovun zamanında MTN şefi Eldar Mahmudovla olan sıcaq münasibətləri də hər kəsə bəllidir. Bununla əlaqədar cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalarda rastlaşdığımız digər bir məlumatda Eldar Yunusovun vəzifə fəaliyyətindən deyil, bir qədər fərqli məqamlardan bəhs olunur. Daha dəqiq desək, mənbə idarə müdirini keçmiş MTN rəhbərliyi ilə işbirliyində ittiham edir: “Eldar Yunusovun oğlu bu ilin yayında hərbi xidmətini başa vurub. Maraqlıdır ki, idarə müdirinin oğlu hərbi xidmətini ordu sıralarında deyil, keçmiş MTN-nin hərbi hissəsində, mühafizə taborunda aparıb. Həm də bu xidmətin ilk beş ayı, məhz Eldar Mahmudovun rəhbərlikdə olduğu dövrə təsadüf edib. Amma bu “təsadüf” heç də təsadüfən baş verməyib. Belə ki, Eldar Yunusovun keçmiş MTN şefi ilə əlaqələri, onun oğlunun məhz bu hissədə qulluğa göndərilməsində əsas həlledici amil kimi çıxış edib. Həm də bu göndəriş ona havayı başa gəlib. Halbuki, bu taborda hərbi xidmət aparmaq üçün 10-15 min manat civarında “şirinlik” tələb olunurdu. Amma Eldar Yunusov da öz himayədarına borclu qalmayıb. Belə ki, növbəti beş ay ərzində idarə müdirinin keçmiş MTN rəhbərinin göstərişi ilə “çevirdiyi” işlər, sonuncuya yüz minlərlə pul qazandırıb. Öz növbəsində Eldar Yunusov da adaşının nüfuzundan kifayət qədər yararlanıb. Belə ki, hələ bir müddət əvvələ qədər özünü Eldar Mahmudovun adamı kimi tanıtmaqdan qürur duyan idarə müdiri, bu adın ona verdiyi “imtiyazlar” sayəsində bir çox əməliyyat və maxinasiyalarda sözükeçən tərəf kimi çıxış etmiş və nəticədə külli-miqdarda pullar qazanmışdır. Bu gün isə, artıq məlum səbəblərdən Eldar Yunusov keçmiş əlaqələrini büsbütün danmağa çalışır…”
Desək ki, bu ittihamlar bizi Eldar Yunusovun vəzifə fəaliyyətində müşahidə olunan nöqsanlardan az maraqlandırır, bu heç də həqiqətə uyğun olmaz. Hər halda, daha doğrusu hər iki halda Eldar Yunusovun özünün bu məsələlərə aydınlıq gətirməsi daha məqsədəuyğun olardı.
***
Ölkəmizin, dövlətimizin gələcəyi məhz məktəbəqədər təhsil müəssisələrində yetişir. Lakin, Eldar Yunusovun yarıtmaz fəaliyyəti bu sahəni məhvə sürükləyir, körpələrimizin təlim-tərbiyə ocaqlarını rüşvət yuvasına çevirir. Rəhbərlik etdiyi sahəyə gəlirli obyekt kimi yanaşması təhsilimizin təməl pilləsini çıxılmaz dalana dirəyib. Nədənsə hamının gördüyü, bildiyi bu faktları aidiyyatlı qurumlar görməzdən gəlirlər. Bu isə daha çox suallara meydan açır. Araşdırmamız davam edir.
mənbə:cumhuriyyet.az
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.