Binəqədi icra başçısı Hacı Madərin bacısı oğlu ilə əlbir olub uşaqların oyun yerini əllərindən alır
12-08-2015, 21:26
Binəqədi rayonu, 8-ci mikrorayon, Azadlıq prospekti 32 ünvanında yerləşən yaşayış binasının sakinləri məhəllələrindəki bağçanın hasarlanmasından şikayətçidirlər.
Belə ki, həmin ərazini Cavid Babayev adlı şəxs hasarlayıb və orada 2 fərdi yaşayış evi tikmək istəyir. Cavid Babayev ərazinin ona məxsus olduğunu və müvafiq qurumdan icazə aldığını deyir. Lakin sakinlər bunun qanunsuz və burada inşa olunacaq hər hansı bir tikintinin prezidentin sərəncamına zidd olduğunu bildirirlər.
Musavat.com bu məsələ ilə bağlı artıq 2 dəfə oxucularına məlumat çatdırıb
Adıçəkilən ünvandakı hasarlanan ərazidə tikiləcək olan iki ədəd yaşayış binası deputat Hacı Madər Musayevin bacısı oğlu Emin adlı şəxslə bağlıdır. Amma bunu gizlətmək üçün sənədlər Cavid Babayev adlı şəxsin adına düzəldilib.
Bir müddət öncə sakinlərin şikayəti əsasında həmin əraziyə yollanaraq, orada gedən tikinti işləri ilə maraqlanmışdıq. Həmin günlərdə ərazidə hasarlanma işi getmirdi. Amma sakinlər qısa müddət ərzində burada tikinti işlərinin başlayacağı ilə bağlı məlumat vermişdilər. Elə də oldu....
Avqustun 11-də gündüz saatlarında Cavid Babayev adlı şəxs özü ilə fəhlələri gətirərək, ərazini hasarlayıb. Sakinlər buna nə qədər etiraz etsələr də, faydası olmayıb. Hətta ərazidə yaşayan bina sakinlərindən bəziləri hasarları sökməyə də cəhd ediblər: "Biz bu hasarları bir neçə il öncə də sökmüşük. O zaman da buranı kiməsə satmışdılar. Hasar çəkdilər, biz sökdük. Şikayət etdik, tikinti dayandı. İndi isə yenə buranı kiməsə satıblar. Bəs, uşaqlar harada gəzsinlər, oynasınlar? Abadlaşdırmaq əvəzinə, söküb, dağıtmağa üstünlük verirlər. Bir nəfərin cibi dolacaq, pullanacaq deyə bu qədər insanın haqqına girmək olmaz. Ərazini yaman günə salıblar. Əvvəllər bura daha təmiz və səliqəli idi".
Şikayətçilər deyirlər ki, qanunsuz tikintiyə icazəni birbaşa icra başçısı özü verib: "Bu işlərin başında deputat, onun bacısı oğlu və Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov dayanır. İcra başçısından xəbərsiz rayonda daşı-daş üstə qoymaq olmur. Əllərində sadəcə layihə ola-ola tikinti aparırlar. FHN əməkdaşları dedilər ki, onların bu tikinti ilə bağlı rəyləri yoxdur. Deməli, hər şey qanunsuzdur. İH-nə göndərdiyimiz şikayət məktubuna cavab olaraq, yazdıqları sənəddən də bunu anlamaq olur.
Məktubda qeyd edilir ki, "Binəqədi rayonu, 8-ci mikrorayon, Azalıq prospekti 32 saylı yaşayış binasının arxasında Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 15.12.2014-cü il tarixli, 18/03-8/3463 saylı məktubu ilə razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq, Babayev Cavid Şahmurad oğluna 2 ədəd 4 mərtəbəli fərdi yaşayış evinin tikintisinə icazə verilib. Lakin sizin narazılığınız nəzərə alınaraq, yaşıllıq sahəsinin ətrafında özbaşına çəpərlənmiş torpaq sahəsinin hasarı sökülüb və sahə əvvəlki vəziyyətinə qaytarılıb. Həmçinin narazılığa səbəb ola biləcək hallara yol verilməməsi məqsədilə sözügedən ərazi nəzarətə götürülüb".
Deməli, onların hər şeydən xəbərləri var. Bu məktub bizə aprelin 30-da gəlib. Bəs, indi necə oldu ki, burada tikintiyə icazə verdilər? Yəqin ki, nəyinsə qarşılığında öz aralarında anlaşıblar".
Bina sakinləri tikintinin prezidentin son sərəncamına zidd olduğunu vurğulayırlar: "Prezidentin sərəncamı var. Orada da deyilir ki, "Mövcud yaşayış binalarındakı sakinlərin normal yaşayışı üçün ərazisi və şəraiti olmayan həyətlərdə, habelə idman meydançalarında, təhsil və səhiyyə müəssisələrinin ərazilərində, həyətlərə giriş və çıxış yollarında yeni binaların və digər təyinatlı qurğuların tikintisi qadağan edilir".
Biz prezidentə inanırıq. Mehriban xanımın uşaqlara qayğısını bilirik. Biz əminik ki, o, bizim də uşaqlarımıza qayğı göstərəcək. Burada tikinti aparılmasına mane olacaq".
Məsələ ilə bağlı Binəqədi rayon İcra Hakimiyyətinin mövqeyini almaq üçün onlara növbəti dəfə sorğu göndərmişik.