Piriyevin oğlu beynəlxalq axtarışa verildi - 170 milyon dollarlıq kreditə görə

14-08-2015, 14:57           
Piriyevin oğlu beynəlxalq axtarışa verildi - 170 milyon dollarlıq kreditə görə
“AzMeCo” metanol zavodunu inşa edən və Britaniyanın keçmiş baş naziri Toni Bleyeri Bakıya gətirən iş adamı kimi tanınan Nizami Piriyevin oğlu Nəsib Piriyev Azərbaycan Beynəlxalq Bankı ətrafında davam edən istintaq çərçivəsində axtarışa verilib.

Bu barədə hüquq-mühafizə orqanlarından APA-ya bildiriblər. Nizami Piriyevin vəkili Kamandar Nəsibov virtualaz.org saytına Nəsib Piriyevin beynəlxalq axtarışa verildiyini təsdiqləyib. Nəsib Piriyev “Azerbaijan Consulting Group”, “PNN Group” və bir sıra başqa şirkətlərin sahibidir. O, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib. N.Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq ölkəyə qayıtmadığı bildirilir.

Xatırladaq ki, Nizami Piriyevin "PNN Group" şirkəti Azərbaycan Beynəlxalq Bankından 500 milyon dollara yaxın kredit götürüb. Bu kredit Bakının Qaradağ rayonunda “AzMeCo” metanol zavodunun tikintisinə sərf edilib. Lakin zavod qısa müddət fəaliyyət göstərdikdən sonra bu ilin əvvəllərində əsas xammal-təbii qaz olmaması üzündən dayanıb.
Daha sonra Beynəlxalq Bankdan kredit götürən oliqarxların həbsi kampaniyası çərçivəsində Nizami Piriyev də həbs edilərək DİN Baş Mütəşəkki Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Məhkəmə onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Bu ilin mayında SOCAR Piriyevin zavodunun işə salınmasına və Rusiyadan zavoda qaz alınmasına, onun borclarının qaytarılacağına təminat verəndən, illik faiz borcu olaraq 50 milyon dolları ödəyəndən sonra iş adamı həbsdən buraxılıb. İyun ayında metanol zavodu işini bərpa edib və 14 milyon dollarlıq metanol istehsal edərək satıb. Habelə SOCAR “Qazprom”la zavodun təbii qazla təminatına dair razılaşma əldə edib.

Bəs Piriyevin oğlunun bu anlaşmadan sonra axtarışa verilməsi anlaşmanın pozulması deməkdirmi?

Vəkil Kamandar Nəsibov virtualaz.org saytına bildirib ki, Nəsib Piriyev metanol zavodu üçün götürülmüş kreditə görə yox, tamam ayrı məsələyə görə beynəlxalq axtarışa verilib. Vəkilin bildirdiyinə görə, Nəsib Piriyev sahibi olduğu “Azerbaijan Consulting Group” (ACG) şirkətinin adına Beynəlxalq Bankdan 170 milyon dollar kredit götürüb və məhz bu kreditə görə beynəlxalq axtarışa verilib. Həmin şirkətin icraçı direktoru Elxan Yavuz isə 3 aydan çoxdur bu iş üzrə həbsdədir və “Bandotdel”də saxlanılır. Nəsib Piriyevin isə hazırda Londonda olduğu bildirilir.

Kamandar Nəsibov onu da deyib ki, Nizami Piriyev oğlunun Beynəlxalq Bankdan götürdüyü kreditlə heç bir əlaqəsinin olmadığını, onun öz biznes fəaliyyətində tam müstəqil olduğunu bildirir. Xatırladaq ki, atası həbs olunanda N.Piriyev London qiymətli kağızlar birjasına "PNN Group" şirkətinin adından 1 milyard dollarlıq bond buraxdığını elan etmişdi. Daha sonra məlum olmuşdu ki, bu məlumat qondarmadır və heç bir bond buraxılmayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.