Elmar Vəliyevin söyüşləri orduxanlardan nəylə fərqlənir? - Gərginlik...
26-03-2018, 20:14
Martın 14-ü Gəncədə keçirilən tədbirdə düşən dava şəhərdə indiyə qədər ağız-ağız dolaşır
FİA.Az xəbər verir ki, şəhər icra başçısı Elmar Vəliyev sakinlərlə görüşdə bəzi məmurları ağır söyüşlərlə aşağılayıb.
Bu barədə müxtəlif saytlarda həmin gün xəbər yayılıb. Tədbirdə icra başçısı kommunal məsələlər üzrə müavini Mikayıl Zeynalovu ictimaiyyət qarşısında çox pis söyərək təhqir edib.
Zalda qadın, ağsaqqal, cavan olmasının fərqinə varmadan E.Vəliyev M. Zeynalovu söyüşlə zaldan qovub. Bundan əlavə, qaz pulu ilə bağlı bir nəfər şəhər sakini müraciət edib.
Limitə düşdüyünü deyəndə, E.Vəliyev Qaz İdarəsi müdirini ayağa qaldırıb, olmazın sözlərlə təhqir edib.
İdarə rəisi izah etməyə çalışıb ki, abonent qaz pulu üzrə qoyulan limiti keçib deyə limitə düşüb.
Saytlar yazır ki, E.Vəliyev qışqıraraq onu abonentin kartını limitə salmaqda ittiham edib. İdarə rəisi isə xatırladıb ki, bu barədə prezident fərmanı var.
Ancaq icra başçısının gözü dönüb və heç bir izahat dinləmədən məmurları tək-tək aşağılayıb.
Bəzi saytlar həmin söyüşləri də yazıblar. Lakin etik olmadığı üçün biz onları yazmağa lüzum bilmədik. Ümumiyyətlə, Gəncə “xan”ı məmurlara qarşı kobud rəftarı ilə xarakterizə olunur.
Məgər ölkə rəhbəri İlham Əliyev deməyibmi ki, məmurlar özlərini xalqa əxlaqlı, mədəni göstərməli, onlarla etik normalar çərçivəsində münasibət qurmalıdır?!
FİA.Az xəbər verir ki, hazırda Avropada orduxan kimilər hakimiyyətdəki məmurların, dövlət rəhbərliyinin ünvanına təhqiramiz ifadələr işlədir.
Onlar kişiliyə sığışmayan söyüşlər yağdırırlar və mübarizəyə yaraşmayan hərəkətlər edirlər. Prezident isə hər zaman bildirib ki, məmurlar çıxışlarında diqqətli olmalıdırlar.
Ancaq Gəncənin icra başçısı yerli məmurları təhqir etməklə orduxanlara bənzər addımlar atmış olur. Çünki məmurlar qanunu pozursa, vətəndaşa qarşı hərəkətə yol verirsə belə, bu əsas vermir ki, onları söyüşlərlə aşağılayasan. Bunun üçün cəza metodları var, töhmət vermək olar, işdən çıxarmaq mümkündür.
Ancaq seçki ərəfəsində E.Vəliyev Gəncədə gərginlik yaradır, vətəndaşların qarşısında məmurları söyür, qıcıqlandırıcı çıxışlar edir. Bu da dövlət rəhbərliyinə qarşı təxribat kimi qiymətləndirilə bilər.
Üstəlik, həmin tədbirdə icra başçısı ağzından çıxarıb ki, “Gədəbəy, Daşkəsən rayonlarından olanları yüz dəfə demişəm Gəncəyə “propiska” etməyin.
Qoy getsin dağlarda qoyunlarını otarsın. Nə var şəhərdə? Gəlirlər axışırlar şəhərə. Sonra da məndən torpaq istəyirlər”.
Bu zaman yerdən bir nəfər Gədəbəyli sakin ayağa qalxaraq deyib ki, “Elmar müəllim, o rayonların insanları bu respublikanın vətəndaşları deyilmi?
Harada istəsələr, orada da yaşaya bilərlər. Sən kimsən ki, vətəndaşlar arasında ayrı-seçkilik yaradırsan?”
Bundan sonra başçı özünü cilovlayıb deyib ki, “mən elə demədim, yəni deyirəm ki, nə var buralarda, təmiz dağ havası, gözəl təbiət, get yaşa da özün üçün o dağlarda”.
Sonra bir nəfər vəzifəli şəxsə deyib ki, “sən kommunalın işçilərinin hərəsinə 150-200 manat pul verməlisən. Nə baxırsan? Get ver, canın çıxmaz”.
Göründüyü kimi açıq aşkar çəkinmədən kimlərəsə haqq qoyur və üstəlik çox qaba, kobud tərzdə əmrlər verir, özünü orta əsrlər şahı kimi aparır, gərginlik yaradır.
Bu da Gəncə camaatının narazılığına səbəb olur.
Bütün bunlarla bağlı Gəncə ŞİH-nin mövqeyini dərc etməyə hazırıq.