“Kral” kolbasa şefinin qəfil media-tur təşkilinin sirri - Təfərrüat
11-05-2018, 07:25
Bir neçə gün əvvəl saytların birində “Kral” kolbasalarının reklam yazısı dərc olunmuşdu
İstehsal müəssisəsinə media-tur təşkil edən şirkət prezidenti Yavuz Həsənov jurnalistlərlə görüşündə bildirib ki, məqsədi insanları halal və ekoloji təmiz ət məhsulları ilə təmin etməkdir.
Maraqlıdır ki, bu media-tur FİA.Az-da dərc olunan məqalədən sonra təşkil olunub. Amma şirkət rəhbəri jurnalistləri başına toplayaraq onlara halal məhsuldan danışıb.
Və nə saytımızda gedən yazı ilə bağlı münasibət bildirilib, nə ictimaiyyətin narahatlığına səbəb olan mətbuatdakı iddialara aydınlıq gətirib.
O, hər kəsi əmin edir ki, “Kral” məhsulları tam halaldır və bu ət məhsullarının istehsalında donuz ətindən və mənşəyi bəlli olmayan ətlərdən qəti şəkildə istifadə edilmir.
İctimaiyyət də bilsin ki, şirkətin Beyləqan rayonunda fermer təsərrüfatı vardır ki, istehsal üçün ət əsasən oradan tədarük edilir.
Amma mətbuatda yer alan məlumatlar bunların tam əksini deyir. şirkətin bahar kampaniyası ilə bağlı qorxunc xəbərlər gəlir.
Belə ki, azeuronews.com “Kral”ın məhsulları satılmadığı üçün vaxtı keçməkdə olan kolbasa-sosiskaları tələm-tələsik ucuz satışa çıxardığını yazıb.
1 kilo “Kral” sosiskası alana üstündə 1 ədəd kolbasa da verilir - cəmi 9 manat, 18 qəpiyə. Görəsən, bir kolbasa və sosiskanın əti, maya dəyəri neçəyə başa gəlir ki, 9 manatdan təklif olunur?
Azərbaycanda sosiskanın kilosu 9-12 manat arasında dəyişir. Kolbasa məmulatlarının da ucuzu 6-7 manatdan başlayır. Daha keyfiyyətli kolbasa istəyirsənsə, 15-18 manata satılır.
Di gəl, “Kral” firması tələbat olmayan mallarını sırımaq üçün vaxt keçməkdə olan sosiska-kolbasanı bir yerdə 9 manata satır.
Məhz bu məlumatlar saytlarda yer alandan sonra “Kral” şefi meda-tur təşkil edib.
Guya fəaliyyətini təmizə çıxarmaq istəyib. Ancaq yazı dərc olunan media orqanları dəvət edilməyib ki, suallarımızı cavablandırsınlar.
Amma məqalənin çap olunmadığı saytlar, portallar reklam yazısı üçün dəvət olunaraq bəh-bəhlə tərif materialı işıqlandırıblar.
İlk dəfə görünür ki, tənqidi yazının yayıldığı portallar dəvət olunmasın, onların suallarına cavab verilməsin.
Görünür ki, “Kral” rəhbəri hansısa xoşuna gəlməyən suallarla qarşılaşmaqdan çəkinib.
FİA.Az-ın media üzərindən məlumatına görə, Rusiya Tibb Elmləri Akademiyasının Qida İnstitutunun alimləri həmin kombinatdakı ət məhsulları nümunələrini tədqiq ediblər və tərkibində insan əti olduğu qənaətinə gəliblər.
Bildirilir ki, insan əti nümunələri iki növ kolbasada – “Kral” və “Dənəvər servalat”da tapılıb. Ekspertlər kolbasanın tərkibinə insan ətinin təsadüfən düşməsi ehtimalını istisna ediblər. Onlar hesab edir ki, məhsulların tərkibinə kimsəsiz meyitlərin əti vurulur.
Yaxşı bəs mədəmizə ötürdüyümüz kolbasa və sosislər nə dərəcədə keyfiyyətlidir. Nəzərə alsaq ki, yerli istehsal son illər bazarın 80 faizini ələ alıb narahatçılıqlar bir az da artır. Çunki yeni bazar həmişə hərcmərcliyə yol açır. Bu yöndə faktlar, şikayətlər də az deyil.
Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda kolbasa istehsalında mənşəyi bəlli olmayan, xəstə heyvan ətlərindən, bir sıra hallarda hətta ət əvəzinə heyvanların süd vəzi, yeli, dili, başı, hətta karton, kartof qabığından istifadə edilir.
“Kral” rəhbəri bildirir ki, kolbasalar halaldır, donuz piyindən istifadə olunmur. Ancaq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) sədri Ramiz Həsənovun mətbuata verdiyi açıqlama da buna bariz nümunə idi.
Komitə sədri Azərbaycanda halal kolbasa və sosiska istehsal edən müəssisələrin olmadığını bəyan edərək hər kəsi təəccübləndirmişdi.
Bu fikirlər “halal” məhsul axtaran, lakin bununla bağlı ciddi şübhələri olan insanların haqlı olduğunu sübut etməklə yanaşı “halal” adı ilə məhsul alan insanların da aldadıldığını göstərdi. Şirkəti dinləməyə hazırıq.
teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
teref.az