Beyləqanda vəziyyət düzəlmir - Narazılıq
11-09-2015, 11:55
Son zamanlar mətbuatın gündəmini zəbt edən şəxslərdən biri də Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, onun və tabeliyində çalışan bir sıra yerli məmurların yol verdikləri nöqsanlar artıq rayon sakinlərinin ciddi narazılığına səbəb olduğundan əhali onları narahat edən problemlərlə bağlı yuxarı instansiyalara şikayət xarakterli müraciətlər ünvanlamağa başlayıblar.
Mövzu ilə əlaqədar əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, dövlət büdcəsindən Beyləqan rayonuna ayrılan subsidiyalar lazımi ünvana çatmır. Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, bir müddət öncə istifadəyə verilən Beyləqan şəhər stadionu ətrafında yaranan qalmaqal Vaqif Abdullayevə ciddi problem yarada bilər: "Deyilənlərə görə, icra başçısı stadionda təmir-bərpa işləri görən şirkətin pulunu ödəməkdən imtina edir. Belə ki, ötən ilin fevral ayında Vaqif Abdullayev İSPİK şirkətinin rəhbəri Qabil Mustafayevi qəbul edib və stadionun bərpa işlərini onlara təklif edib. Beləcə, şirkət 2014-cü ilin aprel ayında bərpa işlərinə başladı. Şirkət icra başçısına 895 min manatlıq smeta təklif edib və Vaqif Abdullayev bununla razılaşıb. Lakin nədənsə tərəflər arasında heç bir rəsmi müqavilə imzalanmayıb və şirkət 2014-ün aprelində işə başlayaraq iyun ayında işi yekunlaşdırıb. Sonda isə Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən şirkətə vəd edilən 895 min manatın əvəzində 632 min manat verilib. Deyilənlərə görə, İSPİK şirkətinin rəhbərliyi artıq üzləşdikləri problemlə bağlı hüquq-mühafizə orqanlarına, eləcə də digər müvafiq qurumlara müraciət edib. Bu isə sonda Vaqif Abdullayevin ciddi şəkildə cəzalandırılması ilə nəticələnə bilər".
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Aşağı Şorca kəndindən olduğunu vurğulayan məlumatlı şəxs bildirir ki, Vaqif Abdullayev rəhbərlik etdiyi rayonun inkişafı üçün deyil, məhz maraqlarının təmin olunması üçün çalışır: "Onun icra başçısı kimi fəaliyyəti beyləqanlıların kəskin narazılığına səbəb olur. Çünki ölkə başçısı tərəfindən təsdiq edilən Dövlət Proqramları çərçivəsində Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatdankənar xərclərə sərf olunur. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib. 2012-ci ildən indiyə qədər tikinti-abadlıq işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır. Bu sahənin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur. Deyilənlərə görə, Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri hesabına əldə edib. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımi şərait qurub, hətta hərəsinə bir villa da alıb".
Vaqif Abdullayevin həyata keçirdiyi idarəçiliyin bu gün Beyləqanı sağalmaz dərdə saldığını deyən məlumatlı şəxs qeyd edir ki, bu yaxınlarda rayonun Dostluq kəndi B.Sərdarov küç ev-37 ünvanında yaşayan Musa Fərman oğlu Zalov üzləşdiyi problemlə əlaqədar mətbuata müraciət edib. Belə ki, "Bu gün Beyləqanda hər cür qanunsuzluqlar, ədalətsizliklər baş alıb gedir. Baş verənlərlə bağlı səlahiyyətli orqanlara silsilə müraciətlər ünvanlasaq da, nədənsə Vaqif Abdullayev barəsində müvafiq ölçü götürən yoxdur" deyən rayon sakininin sözlərinə görə, Dostluq kəndi ərazisində vəziyyət olduqca acınacaqlıdır: "Çünki vaxtilə sovxozun ərazisi olan sahələr, hansı ki, islahat komissiyasının qərarı ilə sadə vətəndaşlara verilən pay torpaqları, icra hakimiyyətinin saxta sərəncamları əsasında imkanlı şəxslərə verilib. Hətta həmin şəxslərə torpaq mülkiyyətinə dair saxta dövlət aktları da verilib. Məsələn, Zöhrab həkimə, Vəli Mahmudova, Şirəli Mahmudova, Qasım Cavadova, Oruc Ağayevə, Nadir adlı şəxsə və digərlərinə verilib. Hazırda burada sotu 1000 manat olmaqla, cəmi 48 həyətyanı torpaq sahəsi satılıb. Torpaqların alqı-satqısını rayon rəhbərliyi ilə bərabər, sovxozun direktoru olmuş Natiq Mirzəyev, bələdiyyənin sədri B.Balakişiyev və məhkəmənin sədri Maşallah Şirvanov da həyata keçirib. Bundan başqa, elə ki, ölkə başçısının tapşırığı əsasında nazirlər, komitə sədrləri və digər vəzifə sahibləri bölgələrə gedib əhali ilə görüşürlər, onların problemləri ilə maraqlanırlar, bu zaman bizim istəyimiz gözümüzdə qalır. Çünki 30 may 2015-ci il tarixdə Bərdə şəhərində daxili işlər nazirinin, 24 iyul 2015-ci il tarixdə İmişlidə baş prokurorun qəbuluna getsək də, Beyləqan rayon prokuroru Azər Qasımov, rayon polis şöbəsində müavin vəzifəsini daşıyan İlham Məmmədov və polis şöbəsində vəzifə daşıyan digər şəxslər Vaqif Abdullayevdən aldıqları tapşırıqlar əsasında beyləqanlıları görüşə buraxmadılar". Musa Zalov bildirir ki, "Dosluq" sovxozunun mədəni otlaq adlanan ərazisindən 264 hektarı, Haramı qışlağı vaxtilə soxozun mərkəzi olub, oradan isə 280 hektar ərazi bilərəkdən xəritədən çıxarılıb.: "Belə bir qeyri-qanuni addımlar vaxtilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin müdiri olmuş Rəfael Pəsiyevin və onun işçisi, eyni zamanda "sağ əli" hesab olunan Tofiq Quliyevin "xidmətləri" sayəsində baş tutub. Sovxozun mədəni otlaq sahəsində 110 hektardan çox sahə sovxozda işləməyən, yaşamayan, sovxozla heç bir əlaqəsi olmayan pullu şəxslərə sənədsiz verilib. Halbuki ölkə başçısı tərəfindən hələ 01 oktyabr 2007-ci il tarixdə fərman verilib ki, dövlət torpaqları vəzifə sahibləri tərəfindən heç cürə zəbt oluna bilməz. Lakin buna baxmayaraq, bu gün Beyləqanda ölkə rəhbərinin verdiyi fərmanı bir kimsə saya salmır. Nəticədə torpaq növbəsində olanlar yox, pulu çox olan adamlar hektarlarla sahələrə sahib olurlar. Həmin şəxslər də, çox zaman ələ keçirdikləri torpaq sahələrində tikinti işləri aparıb sonradan baha qiymətə satırlar. Bu da öz növbəsində kütləvi narazılıqların əmələ gəlməsinə səbəb olur…" Görünən odur ki, Beyləqan rayon sakinləri icra başçısı Vaqif Abdullayevin əməllərindən, yol verilən nöqsanlardan cana doyduqları, həmçinin müvafiq qurumların olub-bitənlərə lazımi reaksiya vermədikləri üçün daha sərt addımlara baş vurmaq niyyətindədir. Əgər bu baş verərsə, o zaman icra başçısı kreslosu ilə vidalaşmalı olacaq…
Vertikal.az