ABŞ-də süni intellekt kollec məzunlarının işini əllərindən almağa başlayıb
Dünən, 16:58
ABŞ-də şirkətlər kollec və universitet məzunlarının başlanğıc səviyyəli vəzifələr üçün işə qəbulunu azaldaraq, onların əvəzində isə süni intellektdən (AI) istifadə etməyə üstünlük veriblər.
Bu barədə "The Wall Street Journal" (WSJ) nəşri məlumat verib.
Nəşrin məlumatına görə, rəhbər işçilər daha təcrübəli mütəxəssislərin axtarışına diqqətlərini yönəltmək istəyirlər. Jurnalistlərin sözlərinə görə, uzun illər ərzində məzunlar cüzi maaşla işləyirdilər, təlim keçmək, təcrübə qazanmaq və sonradan əmək bazarında möhkəmlənmək üçün bir neçə illərini şirkətdə keçirirdilər.
Nəşrin müəllifləri əlavə ediblər ki, süni intellektin yaranması işəgötürənlər və məzunlar arasında bu sözsüz razılaşmanı məhv edə bilər.
WSJ qeyd edib ki, gənc mütəxəssislərin işə götürülməsinin azalması ilə əlaqədar şirkətlər 5-10 ildən sonra rəhbər vəzifələr tutmağa hazır olan işçilərin sayını azaldır.