Ürəyimi eşit, dünya! - Telli PƏNAHQIZI
26-12-2018, 09:49
O gecə; yağışlı, çiskinli o qış gecəsi şəhərimizin möhtəşəm teatrlarından birinin Azərbaycan Dövlət Musiqili Teatrının gül-çiçəyə bürünmüş səhnəsinin tən ortasındakı ekranda təbəssüm dolu fotoşəkli ilə, sanki qonaqlarını salamlayırdı Nurəngiz Gün...
O gecə salon dolu tamaşaçı Azərbaycan Radiosunun diktorlarından biri, gözəlliyi, cazibədarlığı ilə dövrünün məşhur simalarından biri, sonralar AzTV-də müxtəlif verilişlərin aparıcısı kimi tanınan gözəl xanım, bədii yaradıcılığını zamanın "senzura" sınağına təslim etmək istəmədiyindən düz 40 il gözləməyə səbri çatan və "ürəyini Tanrıya əmanət edib, onun yaratdığı buludlarla qol-boyun olmağı, dünyanın dərdlərinə, əzablarına rişxənd etməyi, bütün haqsızlıqlara yuxarıdan baxmağı, cılızların özünütəsdiq inadına gülməyi bacaran, bir şairin görüşünə gəlmişdi.
Ovcumda sirr,
Barmaqlarımda qabar,
Ürəyimdir... varım-yoxum
Yol gedirəm, saplağından qırılanadək!
- deyən Nurəngiz Günün poeziya aləmi ilə tanışlığın sehri ilə hər şeyi - gündəlik qayğılarını, bir az əvvəl basırığından bezib deyindikləri şəhərin yağışlı-küləkli havasını, bu tədbirdən sonra evə getməyin narahatlığını belə unutmuşdular, oxucu və dinləyicilər ömrü və həyatı nağıl, əfsanə kimi xatırlanan insanlarla eyni qədər paylaşan bu xanımın sənət dünyasının nuruna düşmüşdü.
O gecə Nurəngiz xanım öz yaradıcılığı, öz arzu və xəyalları ilə hər kəsə bir nəfəs daha yaxın, bir köynək daha doğma idi.
O gecə Nurəngiz Günsüz qeyd etdiyimiz 80 illik yubiley tarixi tez-tez xatırlanırdı, təkcə səhnəki ekran görüntüsünün bir küncündəki qürurlu rəqəmin təsəllisi deyildi, bu, həm də 4 il əvvəl dünyasını dəyişmiş bir xanım şairimizin, həmkarımızın, hər zaman göz önündə olan və gözəlliyi göz qamaşdıran bir insanın, hər zaman yeri görünən bir söz, sənət sahibinin varislərinin, ilk növbədə, doğmalarının və onun yaradıcılığını ehtiramla xatırlayanların qədrbilənlik hesabatı idi.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkil etdiyi bu gecədə şairənin yaradıcılığı ilə tanış olan, onun şeirlərini dinləyən tamaşaçılar, xüsusilə də gənclərlə bir daha əmin oldu ki, qadınlar təkcə bu torpağı, bu Vətəni qoruyacaq övladların anası deyil, həm də onun dərdlərinı şah damarından da yaxın bilən bir vətəndaşdır...
Nurəngiz xanımın yaradıcılığındakı azadlıq ruhu, fikir, məfkurə genişliyi onun nəslindən gələn, qan yaddaşında yaşayan və zaman-zaman baş qaldıran istiqlal amalından, mübarizə əzmindən qaynaqlanırdı. Azərbaycan Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz bir vaxtda biz bu azadlığın qazanılmasında canından keçən minlərlə mücadilə və mübarizə aşiyanları arasında Nurəngiz xanım doğmalarının, əzizlərinin də adına rast gəlirik. Ona görə də şairin vətənpərvərlik şeirləri ilə yaxından tanış olduqdan sonra inamla deyirik ki, əcdadlarının, ömrü istiqlal savaşının içindən keçən doğmalarının mübarizə əzmi illər sonra onun da yaradıcılığına sirayət edib, ona öz fikirlərini fərqli bir üslubda ifadə etmək bacarığı verib dedi Milli Məclisin Mədəniyyət komissiyasının sədri, akademik Rafael Hüseynov: - Onun şeirlərində də, bu şeirləri öz ifasında səsləndirməsində də, davranışında, həyata baxışında da bəzən kimlərisə narahat edən bir sərbəstlik, ruh azadlığı, duyğu müstəqilliyi var idi ki, bu da Nurəngizi həməsrlərindən, müasirlərindən fərləndirirdi. O, 40 illik yaradıcılıq yolunu hansı əzmlə başlamışdısa, sonacan da o səmimiyyət və fədakarlıq yoluna sadiq qaldı, hər kəsin düşüncəsində öz yolu, öz cığırı ilə seçilən bir qələm sahibinin xoşbəxtlik abidəsinə çevrilib getdi!
Gecədə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar unudulmaz şairənin yaradıcılığından danışdı, onun insani keyfiyyətlərini dilə gətirdi, onunla bir vaxtlar radioda bərabər çalışdıqları günləri xatırladı:
- Ədəbiyyata "Tanrı" povesti ilə gələn Nurəngiz Gün sonralar həm də istedadlı şair, publisist və gözəl insan kimi tanınıb. Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan istedadlı şairin şeirlərində qəm və kədər notları üstünlük təşkil edir. Onun şeirlərindəki kədər motivlərinin xalqımızın başına gətirilən müsibətlərdən qaynaqlandığını söyləyən Anar qeyd etdi ki, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ dərdi şairin yaradıcılığında yeni bir səhifə açdı. O, xalqının başına gətirilən bu müsibətləri şəxsi facəsi kimi qələmə aldı. Sonralar "Xocalı simfoniyası" əsəri o dəhşətli faciənin ildönümü günlərində televiziya ekranlarında nümayiş etdirilirdi. Düşünürəm ki, bu simfoniya bir azərbaycanlı ananın, bir qadının, bir vətəndaşın dünyaya etirazı, insanlığın törətdiyi ağlasığmaz faciələrə nifrətinin əks-sədası kimi dəyərləndirilməlidir.
Nurəngiz xanımın yaradıcılığında xalqımızın müxtəlif dönəmlərdə üzləşdiyi müsibətlərə münasibət var və bu nümunələri həyəcansız oxumaq, onlara biganə qalmaq olmur. "Xocalı simfoniyası"nda şair yaşadığımız ağrını, yaddaşlarda qara nöqtəyə çevrilən o müdhiş soyqırımın qanlı xəritəsini cızmağa nail oldu, böyük bir vətəndaşlıq əzmi sərgilədi, haqq səsini ucaltdı, qəlbində gəzdirdiyi sərhədsiz və ölümsüz bir sevgi - torpaq, vətən, millət eşqi naminə:
İnsandır düşüncəm də, nəfəsim də,
İnsandır nəğməm də, titrəyən səsim də,
İnsansız nə dəniz, nə sahil, nə qaya,
İnsanlarsız nəyə lazımsan, dünya?
- dedi.
Şairənin keçdiyi həyat və yaradıcılıq yolunu əks etdirən videoçarxda nə qədər tanış və doğma simalar gördük. Səhnədə, bu şəkillərin fonunda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyorları şairənin şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.
- Nə yazmışam, nə demişəmsə hamısı elimə-obama məhəbbətdən barınıb-deyirdi Nurəngiz Gün. O, tükündən-dırnağına, hissindən-duyğusuna sevgi şairi idi. Bu məhəbbət Vətənə bağlılığı, övladına sevgisi, sevən bir qadının çırpıntıları ilə yoğrulmuş duyğu seli idi. Ancaq bu çoxşaxəli sevgi burulğanında tənha bir qadının faciəsi, sozalmayan, korşalmayan ağrıları var idi. Onun həyatı kimi, yaratdıqları da azad və Tənha Qu quşunun nəğmələrini xatırladırdı. "İçini yeyən kimsəsizliklər", "Boyu biçimində ayrılıqlar" yaşayırdı.
Ürəyimin düz içində bir ney oxuyur,
Ürəyimin içini bir ney ovur-ovxuyur...
Neydə nəfəs yaşayırdı,
Neydə bir qərib səs vardı.
atamsız qalmışdı
divardan asılmış
bu susqun,
bu çaşqın sarı ney.
Anamsız qalmışdı bu ev,
bu yurd, bu güney!
Və ya:
Dünya başımın içində.
başım dünyadan ağır.
Qoydum ağlığımı qollarım üstdə,
Gördüm qollarıma yağış yağır...
Bu şeirləri oxuduqca istər-istəməz nə vaxtsa yazdığım bu misraları xatırladım:
Allah, ürəyimə yazığın gəlsin,
Belə sevmək olmaz dəlicəsinə!
Bəli, məhz bu həyatı, bu ağlı-qaralı dünyanı, fərqli düşüncə tərzinə və əməllərə məxsus insanları görüncə bir daha əmin olursan ki, şair ömrü yaşamaq, həyatın sınaqlarına, tale imtahanlarına dözmək o qədər də asan məsələ deyil. Ancaq təsəllini yenə bədii sözün qüdrətində tapır, özünü sözlə ovudursan Nurəngiz Gün kimi, onun pıçiltıları ilə duyğulanırsan:
Adicə küldür,
Barmaqlarım arasından tökülür.
Odunu pay vermişəm -
Külü ilə oynayıram.
Hamıya yanan canım!
İndi özüm yanıram
Ocağımı sönmüş görüb...
İnsan! Səndən utanıram!
Sənətdə öz yolu, öz cığırı olan şairənin 80 illik yubiley gecəsində onun şeirlərinə yazılmış mahnıları istedadlı müğənnilərimiz Aygün Kazımova, Gülüstan Əliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nazpəri Dostəliyeva, Lalə Məmmədova və Xatirə İslam ifa etdilər.
...O gecə hər kəsdən çox həyəcan keçirən Millət vəkili Jalə Əliyeva anasının xatirəsinə, yaradıcılığına göstərdikləri böyük sevgi və diqqət üçün salona toplaşanlara və tədbirin hazırlanmasında əməyi olanlara minnətdarlığını bildirdi.
Qulağımda onun nəğmələri, ağlımda şeirlərinin misraları, yaddaşımda ara-sıra telefonda eşitdiyim şaqraq gülüşü və ecazkar səsi. Bu səsin işığına pıçıldadım: Sən bir mələk idin, gözəlliyin, istedadın, mübarizə əzmin, çılğınlığın, səmimiyyətinlə. Yadıma səhnədəki o gülümsər şəklin düşdü və:
Gördüm ağ qanadlı mələklər kimi,
Bizim içimizdən uçub getmisən!
- dedim onun xəyalına.
Məkanın, məqamın yüksək, 80 yaşın mübarək olsun, çərçivələrə, qəliblərə sığmayam gözəl!
edebiyyatqazeti.az