Cavid onu söyən Vurğun haqda nə demişdi?

25-10-2015, 10:40           
Cavid onu söyən Vurğun haqda nə demişdi?
Bu gün böyük dramaturq, şair Hüseyn Cavidin doğum günüdür. Axar.az xatırladır ki, Cavid Əfəndi 1882-ci il oktyabrın 24-də Naxçıvanda dünyaya gəlib. Ədəbiyyat tariximizdə ilk mənzum faciə (“Şeyx Sənan”) və ilk mənzum dramın (“Ana”) müəllifi olan Hüseyn Cavidin yaradıcılığı lirik şeirlər, lirik-epik, epik poemalar, dram əsərləri ilə zəngindir. Şairin “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub. XX əsr Azərbaycan romantizminin ən böyük nümayəndəsi hesab olunan Cavid daha çox dramaturq kimi tanınmış, teatrda “Cavid mərhələsi” başlatmışdı. Cümhuriyyətin yıxıldığı ildə yazdığı “İblis” faciəsində Hüseyn Cavid Sovet totalitar rejiminin iç üzünü açıq-aydın göstərib. Cavid təkcə ədib kimi yox, insan kimi çox böyük idi. 20-30-cu illərdə daha çox tarixə müraciət edərək “Peyğəmbər”, “Topal Teymur”, “Səyavuş”, “Xəyyam” kimi tarixi dramlar yazır. Bu dramlarda, xüsusilə, “Peyğəmbər” əsərində Cavidin tarixi şəxsiyyətlərə tamamilə fərqli baxış bucağını görmək mümkündür. Hüseyn Cavidin istedadlı gənclərə xüsusi məhəbbəti vardı. O, Mikayıl Müşfiqi, Səməd Vurğunu xüsusi ilə çox sevirdi. Bir dəfə Cavidin yanına çoxlu gənc şair gəlir. Ona pərəstiş edən şairlərdən biri deyir: − Cavid müəllim, sizin yanınıza çox adam gəlir. Onlar sizin işləməyinizə mane olmurmu? Siyahı tərtib edin, kim lazımsa, ancaq onları buraxın. Cavid gülümsəyir: − Onda siyahıya iki gəncin adını yazın: Mikayıl Müşfiq, Səməd Vurğun… − Bəs niyə Səməd Vurğun? − Səmədin şeirləri rəvandır, bulaq kimi axır… Onun simasında mən gələcəyin böyük sənətkarını görürəm… − Cavid müəllim, axı, o, səliqəsizdir, geyinib-kecinməyinə fikir vermir. Hüseyn Cavid gülür: − O da şairin bir məziyyətidir. Hüseyn Cavid sevgi və gözəllik şairi idi, amma bu sevgidə bayağılıq, yoruculuq olmadığına görə o, bu gün də müasirdir. Tanrısı gözəllik, sevgi olan şair humanist, tolerant düşüncə sahibi olub. Ömrünün sonuna qədər ideallarına sadiq qalan Cavid əfəndini yaşamağa qoymadılar. Totalitar quruluşun “uğur”larından yazmaq istəməyən Hüseyn Cavid Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırır və buna görə də Sibir buzlaqlarına, Maqadana sürgün edilir. 1941-ci il dekabrın 5-də gözlərini əbədi yumur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.