Hardan çıxdı bu bəd xəbər Türk yağıdan üzr istəməz.
26-11-2015, 16:03
Zəlimxan YAQUB
Hardan çıxdı bu bəd xəbər
Türk yağıdan üzr istəməz.
Dağılar kənd, batar şəhər
Türk yağıdan üzr istəməz.
Düzü tərsə yazanlar var,
Doğru yoldan azanlar var,
Türkə quyu qazanlar var,
Türk yağıdan üzr istəməz.
Haqqı nahaq yazanlar var,
Səfimizi pozanlar var.
Qır qaynadan qazanlar var,
Türk yağıdan üzr istəməz.
Birləşdirər bölgələri,
Nurlandırar kölgələri.
Qılınc çəkər bilgələri,
Türk yağıdan üzr istəməz.
Ata çoşqun, ana dolu,
Qeyrət axıb qana dolu.
Baş qaldırar Anadolu
Türk yağıdan üzr istəməz.
Sınmaz, görsə sınaq, qala,
Qıymaz bizə qınaq qala,
Silkələnər Çanaqqala,
Türk yağıdan üzr istəməz.
Oğuz olar, qopuz olar,
Qopuz dönüb toppuz olar,
Biri doxsan doqquz olar,
Türk yağıdan üzr istəməz.
İstər ala, sata türkü,
Tapar hərdən xata türkü,
Min-min olar Atatürkü,
Türk yağıdan üzr istəməz.
Yaxşı bilir doğu batı,
Hardan gəlib türkün zatı
Əldən verməz ehtiyatı,
Türk yağıdan üzr istəməz.
Tilovudu, qarmağıdı,
Şər yoluna varmağıdı,
Barmaq iblis barmağıdı,
Türk yağıdan üzr istəməz.
Əldən əyri, ağıldan çaş,
Şeytanındı atılan daş,
Dünya alt-üst olar, qardaş,
Türk yağıdan üzr istəməz.
Şəhid ruhu şəhid canı,
Şəhid bəyi, şəhid xanı,
Sel-sel olar şəhid qanı,
Türk yağıdan üzr istəməz.
Məzar olar, beşik olar,
Səngər olar, keşik olar,
Bağrı deşik-deşik olar,
Türk yağıdan üzr istəməz.
Dağ uçar, dərə tökülər,
Şər suyu şərə tökülər,
Göy qopar yerə tökülər
Türk yağıdan üzr istəməz.
Axtarın, tapın zatını,
Öyrənin yeddi qatını,
Varaqlayın həyatını
Türk yağıdan üzr istəməz.
Dünya boyda həqiqətdi,
Tanrı payı bir millətdi.
Basılmazlıq, qətiyyətdi,
Türk yağıdan üzr istəməz.
Nə köhləni, nə nalı var,
Qana batmış bir halı var.
Külə dönmüş Xocalı var,
Türk yağıdan üzr istəməz.
Ey yağıdan üzr istəyən,
Ərzurumda, Qarsda, Vanda,
Qarabağda Naxçıvanda,
Lənkəranda, İrəvanda
Şəhid qanı göl-göl olan,
Hər bir yurdda, hər bir yanda,
Qanadları sındırılan,
Körpələrdən üzr istə!
Beli sınan, tağı çökən,
Körpülərdən üzr istə!!!
Gözü yolda ər gözləyən,
Sonalardan üzr istə!
Oğlu ölən, odu sönən,
Analardan üzr istə!
Şəhid olan hər kişidən,
Hər qadından üzr istə!
Süngülərin ucundakı
Qundaqların, bələklərin
Fəryadından üzr istə!
Əgər qanın təmizdirsə,
Get evində öz anandan,
Arvadından üzr istə!!!
Bu torpağın hər qarışı,
Sakaryadı, Malazgirtdi.
Hər qalası bir ordudu,
Hər qayası bir igiddi,
Əyil türkün torpağına,
O torpaqdan üzr istə!
Türkün ana dövlətinə
Dalğa-dalğa işıq verən
Min illərdi sönməz olan
Gur ocaqdan üzr istə!
“Şühəda gövdəsi bir baxsana
dağlar, daşlar.
O rükü olmasa
Dünyada əyilməz başlar.
Vurulub tərtəmiz alnından
uzanmış yatıyor.
Bir hilal uğruna, Ya Rəbb
Nə Günəşlər baxıyor!” *
Öp bu şerin ər sətrini,
Hər varaqdan üzr istə!
Əyil Türkün bayrağına,
İstiqlalla bütünləşən
Ay-Ulduzla Vətənləşən
O bayraqdan üzr istə!!!
O torpaqdan üzr üstə!!!
22.12.2008
Ortaqdeyerler.com