Tarix yaddaşımız - PEÇENEQLƏR (KƏNGƏRLƏR)

7-12-2015, 12:40           

PEÇENEQLƏR (KƏNGƏRLƏR)
Gürcü mənbələri indiki Borçalı ərazisində məskunlaşan Türk tayfalarından biri kimi tez-tez peçeneqlərin adını çəkirlər. III əsrdə Balxaş gölü sahillərində güclü Kanqlı dövlətini qurmuş peçeneqlər daha sonra Göytürk imperatorluğunun yaranmasında yaxından iştirak etmişdilər. Göytürk imperatorluğunun parçalanmasından sonra peçeneqlər Xəzər xaqanlığının mərkəzi əyalətlərində məskunlaşdılar. Xaqanlığın mühüm strateji əhəmiyyət daşıyan Ağ qala (Sarıkel) şəhərinin qorunması peçeneqlərə tapşırılmışdı. Xəzər xaqanlığı zəiflədikdən sonra peçeneqlər qərbə doğru irəliləyərək, macarları Don-Dnestr bölgəsindən sıxışdırıb çıxartdılar. X əsrin ortalarında peçeneqlər artıq Volqadan Dunay çayına qədər uzanan düzənliklərdə hakim oldular. Bizans mənbələrinə görə, peçeneqlər 8 qola ayrılırdılar. Onlardan çorlular, qullular, talmatlar, səpənlər Dnepr və Volqa çaylarının arasındakı düzənliklərdə, hopanlar Dunayın şimal sahilləri ətrafında, irtımlılar Dnepr və Buq çayları arasında, gilalar indiki Macarıstanda, haravaylar isə Azov dənizinin şimal sahillərində yaşayırdılar. Bütün bu 8 tayfa kəngərlər tərəfindən idarə olunurdular. Peçeneqlərlə Qərbi Avropada da yaxşı tanış idilər. Məsələn, «Roland haqqında dastan»da «məğlubedilməz peçeneq orduları»ndan bəhs olunur.
Şərqi Avropa düzənliklərinə tam sahib olan ruslarla ilk qarşılaşmaları 915-ci ilə aid edilir. Rus salnaməçilərinin yazdığına görə, «Kiyev knyazı ilə barışıq imzalayan peçeneqlər Dunaya doğru getdilər». Bizans tarixçiləri rusların peçeneqlərsiz heç nəyə qadir olmadıqlarını - nə ticarət etməyi, nə də vuruşa bilmədiklərini yazırıdılar.
944-cü ildə Kiyev knyazı İqor peçeneqlərlə hərbi ittifaq quraraq, Bizans üzərinə birgə yürüş təşkil etdi. Yürüşün qarşısını almaq üçün Bizans imperatoru Roman müttəfiqlərə «qızıl doldurulmuş arabalar vermək məcburiyyətində qaldı».
Peçeneqlər Kiyev knyazı Svyatoslavın 965-ci ildə Xəzər xaqanlığı üzərinə yürüşündə də fəal iştirak etdilər. Svyatoslavın 3 il sonra Xəzər xaqanlığı üzərinə peçeneqlərsiz yürüş təşkil etməsi ona baha başa gəldi. Kiyevi mühasirəyə alan peçeneqlər şəhər əhalisindən xeyli xərac aldılar. 971-ci ildə Svyatoslav yenə peçeneqlərdən xəbərsiz Dunay Bulqarıstanına qarətçi yürüş təşkil etdi. Dikbaş Kiyev knyazının bu hərəkətinin cəzası daha ağır oldu. Çoxlu qənimətlə Dunay Bulqarıstanından qayıdan Svyatoslav Dnepr astanalarında peçeneqlər tərəfindən mühasirəyə alınaraq, drujinası ilə birlikdə məhv edildi. Peçeneq hökmdarı Kür xan Svyatoslavın başından piyalə düzəltdirdi.
Svyatoslavdan sonra Kiyevdə hakimiyyətə gələn oğlu Vladimirin cənub sərhədlərini möhkəmləndirmək üçün gördüyü bütün tədbirlər qəhrəman peçeneqlərin yürüşlərinin qarşısını ala bilmədi. Peçeneqlərdən vassal asılılığını qəbul edən Vladimir öz oğlu Svyatopolku xan sarayına girov olaraq göndərdi. Svyatoslavın ölümündən sonra Kiyev taxtına peçeneqlərin köməyilə, xan sarayında türk tərbiyəsi görmüş Svyatopolk çıxarıldı.
Peçeneqlər Kiyev knyazlarının cənuba doğru yürüşlərinin qarşısını almaqla slavyanların Qara dəniz sahillərini işğal etmələrinə imkan vermədilər.
Peçeneqlər 8 tayfadan ibarət idilər. Hər tayfanın tərkibində isə 5 nəsil var idi. Bu tayfaların içərisində kəngərlilər xüsusilə seçilirdilər. Antik müəlliflərin yazdıqlarına görə, kəngərlər hələ eradan əvvəl Azərbaycan ərazisində məskunlaşmışdılar. Bu mənbələrdən biri e.ə.II əsrdə indiki Şamaxı şəhərinin yaxınlığında Kanqar şəhərinin olduğunu qeyd edir. Peçeneqlərin ilk dövləti olan Kanqlının birinci xanı olmuş Qorqud da kəngərli idi. Azərbaycanın müxtəlif yerlərində kəngərlərlə bağlı çoxlu yaşayış yerləri vardır. Azərbaycanın məşhur ictimai-siyasi və mədəniyyət xadimləri arasında kəngərli soyundan olan xeyli nümayəndələr vardır.
Hakimiyyətin başında xan dururdu. Xan vəfat etdikdə hakimiyyət onun oğluna deyil, qardaşının oğluna verilirdi. Peçeneqlər mühüm məsələləri bütün nəsillərin ağsaqqallarının iştirak etdikləri gənəşdə (gənəşmək - qədim türk dilində məsləhətləşmək deməkdir) həll edirdilər.
Bəzən peçeneqlər gürcülərin müttəfiqləri kimi də çıxış edirdilər. Belə ki, mənbələr ermənilərlə mübarizədə Buzuk və Ambuzuk adlı iki qardaşın gürcülərə kömək etdiklərini xüsusi qeyd edirlər.
Eyni zamanda peçeneqlər bu dövrdə gürcülərin gah Bizansdan, gah da Sasanilərdən kömək alaraq türk yurdlarını işğal etmələrinin qarşısını aldılar.
Kərəm Məmmədov. BDU-nun dosenti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.