Tarixin dərinliklərindən - QIPÇAQLAR

8-12-2015, 01:11           

QIPÇAQLAR
Borçalı türklərinin soykökündə iştirak etmiş TÜRK xalqlarından biri də qıpçaqlardır. Bütövlükdə onlar II minilliyin I yarısında Avrasiya materikinin həyatında böyük rol oynamışlar. Öz əcdadları olan hunlardan, göytürklərdən, xəzərlərdən sonra qıpçaqlar Avrasiya çöllərinin hakiminə çevrildilər. Hələlik «qıpçaq» etnoniminin işləndiyi ilk mənbə 759-cu ilə aid olunan «Seleng kitabəsi» hesab olunsa da gürcü mənbələri qıpçaqlarla bağlı hadisələri daha da qədimləşdirir. Gürcü mənbələri onları «QAQANİ QİFÇAKİ» (daha qədim qıpçaqlar) və «AXALİ QİFÇAKİ» (yeni qıpçaqlar) deyə iki qismə ayırırlar. Çin mənbələrində isə qıpçaqları «kyueşe», «kinça», «kuça» «xabisa» adlandırırlar. Orta əsr tarixçisi Rəşidəddin qıpçaqları Oğuz Xaqanın başçılıq etdiyi TÜRK ulusunun beş qolundan biri hesab edir. Qıpçaqların mənşəyini Rəşdəddin belə bir əfsanə ilə izah edir: «İranda yaşayan itbarak tayfası ilə döyüşlərin gedişində əri öldürülmüş hamilə qadın ağac koğuşunda (qədim türkcədə «qabıcuk») doğur... Bu əhvalatı eşidən Oğuz Xaqan həmin uşağı oğulluğa götürür və ona QABICUQ (qıpçaq) adını verir.... 17 ildən sonra itbarakları əzən Oğuz Xaqan onların torpaqlarını Qıpçağa verdi». Ümumiyyətlə, qıpçaqlar digər orta əsr müsəlman mənbələrində (İdrisi, Əbülfəda, ibn Bəttutə, Məsalək əl Əbzər və s.) «qıfçaqlar» deyə xatırlanır. Bu mənbələrdə «Dəşti Qıpçaq» adlandırılan Qıpçaq yurdu Qara dənizin şimalını və Qafqazı əhatə edirdi. 1237-ci ilə aid Çin mənbəyi «Kan-mu»nun verdiyi məlumata görə «Kinça ölkəsi Çindən 30 min li (qədim Çin məsafə vahidi) uzaqlıqda yerləşir. Burada gecə uzun, gündüzlər isə qısadır. Günəş çıxan kimi də batır (qeyd edək ki, erməni mənbələrində indi Gürcüstan mənasında işlənən «Vrastan» sözü də «yarımqaranlıq ölkə» anlamına gəlir.) Burada yaşayanlar gözəl dəri və metal məmulatları düzəldirlər. Onların gözləri mavi, saçları sarışın rəngdədir.» Çin sarayında böyük nüfuz sahibləri olan Şançi Babur, Vanco Bahadur, Batimur (Bəy Teymur), Tosun oğlu Sidur da «kinça» (qıpçaq) mənşəli idilər.
Türk dünyasının böyük simalarından olan O.Suleymenov «qıpçaq» etnoniminin mənşəyini onların iki bıçaq formasında olan damğaları ilə izah edir. Avropada isə qıpçaqları «kuman» (bizanslılar), «poloves» (slavyanlar), «kun» (macarlar) kimi tanıyırdılar.
İndiki Gürcüstan ərazisinin xeyli hissəsinə nəzarət edən qıpçaqların yenidən fəallaşması onların 40 min ailədən ibarət soydaşlarının QIPÇAQ - TÜRK QILINCINA SIĞINAN Qurucu David tərəfindən Cənub - Qərbi Qafqaza dəvət olunmaları ilə bağlıdır. Məhz bu qıpçaqların köməyilə qardaş türk xalqlarını bir-birlərinə salışdırmaqla işğalçı niyyətlərini həyata keçirməyə nail olan səlibçilər bu dəfə də 500 illik tarixi olan Tiflis, Ani və Dmanisi müsəlman əmirliklərinin ərazilərini işğal edə bildilər. Bununla bağlı gələn məqalələrdə ətraflı danışılacağından bir daha qıpçaqların sonrakı taleyinə qayıtmaq istərdik. Onların bir qismi qonşu xalqların dinini qəbul edərək tərkibinə qatılmış (indiki Rusiyada, Ukraynada, Polşada, Litvada və s.), bir qismi qohum türk xalqları ilə qaynayıb-qarışmış (Azərbaycanda, Şimali Qafqazda, Türkiyədə, Mərkəzi Asiyada), bəziləri isə öz adət-ənənələrini saxlamaqda davam edərək ayrı adla tanınmışlar. Məsələn, 1240-cı ildə monqollar tərəfindən hiylə yolu ilə darmadağın edilən Şimali Qafqazdakı qıpçaqlar Kotyan xanın başçılığı altında Macarıstana getməyə məcbur oldular. İndi də Macarıstanda Kunzaq (Qıpçaqıstan) adlanan ərazi iki inzibati dairəyə - Dunay və Tissa çayları arasında yerləşən Kişikkunzaq (Kiçik Qıpçaqıstan) və Tissa çayının sağ sahilində yerləşən Naqikunzaqa (Böyük Qıpçaqıstan) bölünür. Macar ensiklopediyasında onların XVIII əsrin sonuna qədər öz türk dillərini və muxtariyyətlərini saxladıqları qeyd olunur.
Xristianlığı qəbul etdikdən sonra öz türklüklərini itirmiş başqa türk xalqlarından (avarlar, xəzərlər, bulqarlar və s.) fərqli olaraq, qıpçaqlar nəinki öz türklüklərini qoruyub saxlamış, hətta öz dillərində erməni əlifbası ilə xristian dini ədəbiyyatı da tərtib etmişlər. Orta Şərqdə monqol hakimiyyətinin güclənməsilə xristian qıpçaqlar öz yurdlarını tərk edərək, şimala və şimal - qərbə doğru çəkildilər. Xristian qıpçaqların ən böyük məskənləri indiki Ukrayna ərazisində idi. Lvovda Sinan Qutlubəy adlı qıpçaq indi ermənilərin sahib çıxmaq istədikləri böyük kilsə inşa etdirdi. İndi Avropa ölkələrinin kitabxanalarında qıpçaq dilində erməni əlifbası ilə yazılmış yüzlərlə əlyazmalar saxlanılır.
Əlyazmalarda müəllif öz dilini "bizim dil", "türk dili" və "tatar dili" adlandırır. İlahi qüvvə bəzən "Allah", adətən isə "Tanrı" adlandırılır. Mətnlərdə işlədilən adlara gəldikdə isə ermənilərin bu adlara iddia sürmələri düzgün deyil, çünki bu "erməni adları"nın özləri ya parf, ya da türk mənşəlidir.
Türk xalqlarının öz ədəbi nümunələrini müxtəlif əlifbalarda yazması yeganə hal deyil. Dövrümüzə qədər yunan əlifbası ilə yazılmış "Aşıq Qərib dastanı", gürcü əlifbası ilə yazılmış "Koroğlu dastanı" gəlib çıxmışdır.
Kərəm Məmmədov.
BDU-nun dosenti












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.