Transmilli korrupsioner Tatarovun tutulması

20-12-2019, 10:06           
Transmilli korrupsioner Tatarovun tutulması
“Günah keçisini kaş sağmaq da mümkün olaydı!”

(Stanislav Yeji Lets)

Qabaqlar ancaq müxalifət partiyalarının rayon təşkilatı sədrlərinin uşaqlarının cibindən bir ton narkotik və Pablo Eskobarın məktubları çıxardı, indi YAP-ın rayon təşkilatı sədrinin balasını nəşə ilə tuturlar. İnanılmaz dəyişikliklər baş verməkdədir, zəhmətkeşlərimizi sevindirməkdədir. Artıq biz əmin olmağa başlayırıq ki, ana vətənimizdə qanun qarşısında hər kəs bərabərdir, həmçinin bəziləri daha çox bərabər deyildir. Kim olursan-ol, qanunu pozdunsa cəzanı alacaqsan. Eyni zamanda düzgün işləyəndə mükafatını də verəcəklər.

Hərçənd mükafat məsələsində bir az problemlər ortaya çıxır, örnək üçün, dünən bir nəfər də rüşvətxorluq ittihamıyla damlanmışdı, Tatarov soyadlı həmin yoldaş isə, yalan olmasın, bəlkə monqol-tatarların vaxtından - 1998-ci ildən, 21 ildir - Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışır və “Tərəqqi” medalından “Dövlət qulluğunda fərqlənməyə görə” medalına qədər çoxlu ödüllər qazanmışdı. Yenə yalan olmasın, Tatarovun bəlkə bircə “İstiqlal” ordeni çatışmırdı, fələk imkan vermədi. Sözgəlişi, internetdə yoldaş Tatarovun adıyla axtarış verəndə çoxlu məqalələr ortaya çıxır ki, bunlar da iki istiqamət üzrə fərqlənir. Bir tərəfdə yazırlar bu adam rayonu çapıb-talayır, quldurun yekəsidir, o biri yanda onun dəyərli ziyalı, peşəkar təşkilatçı, nə bilim, qayğıkeş insan olması təsvir edilir. Güman etmək olar birinci yazıları ona pul verən camaat, ikinciləri isə onun özündən rüşvət alan reket jurnalistlər cızmaqara etmişdir. Rəngarəng ölkədə yaşayırıq. İndi hüquq orqanları da öz rəylərini əlavə edib Tatarovun həyat və yaradıcılığını daha rəngləndirəcəkdir. Dünənə görə sağ ol, bu günə görə cavab ver. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Qız ağacı, qoz ağacı. Əkəndə yox, biçəndə yox... Hələlik bu qədər bəsdir.

Ancaq təbii ki, dünənki hadisələri rəngləndirən təkcə bu hallar olmadı. Tatarovun YAP rayon təşkilatı sədri olması da əsas məsələ deyildi. Ən fantastik hadisə Ağstafa rayonunun icra başçısı Nizaməddin müəllimin həbsi idi. Qəribəsi isə onun Goranboyda icra başçısı olanda rüşvətxorluq eləməsi üstündə tutulmasıydı. Deməli, hələ çatdırıb Ağstafada bir şey yığa bilməyibmiş (ya da ona bu işə görə türmədən çıxandan sonra baxacaqlar). Goranboyda başçı olanda yüzlərlə adamın adına saxta maaş kartı açıb dövlət büdcəsini nizamlı şəkildə əmirmiş Nizaməddin müəllim.

Ölkəmizdə korrupsiya ilə mübarizə yolunda atılan bu möhtəşəm addımlar dünən bütün dünya mediasının diqqətini cəlb etmişdi, hətta “Vaşinqton Post” ABŞ Konqresinin Donald Trampa impiçment qoymasını yox, Tatarovun və Nizaməddin müəllimin tutulmasını manşetə çıxarmışdı. Nə üçün? Çünki korrupsiya beynəlxalq bəladır, transmilli xəstəlikdir, bunun milliyyəti yoxdur, gərək harda görsən kökünü kəsəsən, yoxsa birdən baxırsan Müsavatın üzvü rüşvət verib Almaniyada mühacir sənədi alır.

Korrupsiya harda olsa, orda yoxsulluq yayılır və düşünürəm ki, hüquq-mühafizə orqanlarımızın bu transmilli, transgender və sairə trans halları özündə birləşdirən cinayətkar şəbəkə ilə mübarizəsinin ən şiddətli gününün məhz 19 dekabra düşməsində böyük hikmət vardı. 19 dekabr BMT səviyyəsində bütün dünyada yoxsulluqla mübarizə günü kimi qeyd edilir. Biz də dünən bu müqəddəs günə öz dövlətçilik töhfəmizi verdik.

Zamin HACI












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.