Müəmmalı şəkildə ölən, ya da öldürülən azərbaycanlı milyonçu… - VİDEO
5-01-2016, 19:36
O, yaddaşlarda təkcə milyonçu kimi deyil, həm də xeyirxah, səxavətli adam kimi qalıb. Onu tanıyanlar belə xarakterizə edirlər.
Tərcümeyi-halında yazılır ki, Yelmar Isbəndiyar oğlu Məmmədov 1957-ci ildə Həkəri çayının sahilində Qaçaq Nəbi və Həcər xanım kimi xalq qəhrəmanları yetişdirmiş Qubadlı rayonunun Aşağı Mollu kəndində kolxozçu ailəsində dünyaya göz açmışdır. Çox kiçik yaşlarından anasını itirmişdir. Anadan yetim qalan balaca Yelmar körpəlikdən həyatın acılarını dadmış, zəhmətin nə olduğunu öyrənmişdir.
Y.Məmmədov orta məktəbi bitirəndən sonra Bakıya gəlir, ali məktəbə imtahan verir, ancaq müsahibədən keçə bilmir. 1975-76-cı illərdə Bakıda qalıb zavodda fəhlə işləyir. 1976-cı ildə əsgər gedir. Əsgəri xidmətini Çita şəhərində başa vurur. Əsgəri xidmətdən sonra, özünün dediyinə görə, təsadüf nəticəsində Daşkəndə gəlir. Şəhər və adamları onun xoşuna gəlir. Bir müddət Daşkənddə qalıb fəhlə işləyir, eyni zamanda Milis məktəbinə daxil olur. Sonralar isə Moskva hüquq institutunun qiyabi şöbəsində oxuyur. Komi Respublikasının Uxta şəhərinə gəlir. Yelmar Məmmədovun özünün dediyinə görə, Uxta şəhərinə ehtiyac üzündən gəlir. O qeyd edir ki, dedilər orda aylıq əmək haqqı yüksəkdir. Ayda min manatdan çox qazanmaq olur. Yelmar Məmmədov Uxta şəhərində Neft Kəşfiyyatı idarəsində işə girir. Əvvəlcə fəhlə, sonra usta, mühəndis, şöbə rəisi və baş mühəndisin müavini olur.
1988-ci ildə sahibkarlıq haqqında qanun çıxması onun ürəyincə olur. O, lazımi yerlərə müraciət edib, əvvəlcə dörd nəfərlik bir kooperativ açır. Ilk işləri bir zavodun damını örtmək olur.
Bu işdən əldə olunan gəlirlə yeni avadanlıq alır, əlavə işçi qəbul edir. Bir ildən sonra onun işçilərinin sayı artıq min nəfər olur.
1990-cı ildə «Mariya» Assosiasiyasını təsis edir. Bundan sonra fəaliyyətləri genişlənir. Bir neçə şəhərdə filialları yaranır. Bir neçə bank açırlar. Rusiya televiziyası ilə göstərilən «Mariya Assosiasiyası» adlı sənədli filmdən sonra hər yerdə tanınmağa başlayır.
Uzun ayrılıqdan sonra Y.Məmmədovun vətən yadına düşür. O, 1992-ci ilin avqust ayında Azərbaycana gəlir. Özünün dediyinə görə cəbhədəki məğlubiyyətlər ona pis təsir edir. Məhz buna görə də bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir.
Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır.
Elə buna görə də Bakıda «Yelmar interneyşil» koperasiyasını yaradır. Həmin koperasiyaya üç tikinti idarəsi, bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxildir. Orda üç mindən çox Adam işləyir.
Əziz oxucular, burda bir haşiyə çıxmaq istəyirəm. «Xalq» qəzetinin müxbiri Ziyəddin Sultanov Qarabağ müharibəsinin qaynar nöqtələrində olmuş, «Qarabağ gündəliyi», «Qarabağın qara günləri», «Xocalı faciəsi», «Ağdərədən gələn var» kitablarının müəllifidir. Eyni zamanda onun «Burdan bir atlı keçdi» kitabı çapa hazır idi. Özü yazır ki, kitabımı çap etdirmək üçün vəsaitim yox idi. «Işıq» nəşriyyatında mənə məsləhət gördülər ki, özünü H.Z.Tağıyevin davamçısı adlandıran Yelmar Məmmədova müraciət edim. Bu kitabın sponsoru o ola bilər. 1994-cü ilin yanvar ayındmən Yelmar Məmmədovun yanına gəldim. Fikrimi bilən kimi razılıq verdi.
Beləliklə, «Burdan bir atlı keçdi» kitabım Y.Məmmədovun vəsaiti hesabına işıq üzü gördü.
Hörmətli oxucular, Ziyəddin Sultanovun məqaləsindən bir hissəni olduğu kimi sizə çatdırmaq istəyirəm. O yazır: Böyük xeyriyyəçi H.Z.Tağıyevin nəcib ənənələrini ləyaqətlə davam etdirən Yelmar Məmmədovun xeyirxah əməllərinə aid bir neçə misal: indiyə kimi şəhid ailələrinə yüz əlli milyon rubl pul paylayıb. Respublika Daxili Işlər Nazirliyinin qoşunlarına qırx yeddi milyonluq hərbi geyim, (rubl), teleradio şirkətinə altı milyon rubl dəyərində avtobus, ayrı-ayrı redaksiyalara üç video kamera bağışlayıb. Gürcüstandakı Azərbaycan məktəbləri üçün iyirmi beş min nüsxə dərslik alıb. «Bakı Tayms» qəzetinin xərcini öz boynuna götürüb. Respulikada çıxan bir neçə qəzetə maddi yardım göstərib. 1993- cü ildə otuz dörd, bu il isə əlli tələbəyə hərəsinə iyirmi beş min rubl, Bakı dövlət Universitetinin üç qaçqın tələbəsinin hərəsinə əlli min rubl təqaüd verib. Üç gənci təhsil almaq üçün Çinə göndərib.
Hörmətli oxucu, bunlar ancaq bir məqalədə göstərilənlərdir. Belə misallardan çox çəkmək olar.
Y.Məmmədov Bakıya gələndə H.Z.Tağıyevin qızı Sara xanım çox ağır xəstə idi, həm də qulaqları eşitmirdi. Pis ev şəraitində yaşayırdı. Dava-dərman və ərzaq almaq üçün pulu yox idi. Y.Məmmədov Sara xanıma baş çəkdi, onun ev şəraitini yaxşılaşdırdı.
Eyni zamanda onun bütün xərclərini öz üzərinə götürdü. Y.Məmmədov özü deyirdi ki, nəinki Azərbaycandakı, mən Rusiyadakı müəssisələrimin gəlirini də Azərbaycana xərcləyirəm. Təki müharibə bizim xeyrimizə qurtarsın. O gileylənirdi ki, müharibə bir qrup adamlar üçün deyil. Vətən, topaq hamınındır. Fəhlə də, milyonçu da, nazir də, alim də öz övladlıq borcunu verməlidir. Bizdə isə müharibədə bir nəfər də olsun rəhbər işçinin övladı vuruşmur.
Cavan olmasına baxmayaraq, «el atası» sayılan, ağsaqqal, müdrik, əliaçıq, alicənab insan olan Yelmar Məmmədov çox yaşamadı.
O, 12 aprel 1995-ci ildə Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat etdi. Guya gecə bunlar yatandan sonra qaz sızıb və qazdan boğulub ölüblər. Nə isə… allah hər ikisinə rəhmət eləsin, qəbirləri nurla dolsun.
Yelmar Məmmədov özünün qısa ömründə çox iş gördü. O, həmişə onu sevənlərin ürəyində yaşayacaqdır.
Yelmarın dörd övladı – iki qızı, iki oğlu ata-ana həsrəti ilə böyüyürlər.