Səddamçılar necə İŞİD-i qurdu ( II HiSSƏ)
12-01-2016, 23:46
Səddamçılar necə İŞİD-i qurdu
( II HiSSƏ)
2010-cu ilin aprel ayında "İSİ"-nin əsas liderləri hökümət qüvvələri tərəfindən qətlə yetirildi. Beləliklə faktiki olaraq ərəb ölkələrindən gəlmiş "muhacir" komandirlər erası başa çatdı.
Bu yeni dönəmdə "kölgədəki strateq" Əl-Xilavi təşkilatda qeyri-rəsmi liderliyi ələ keçirdi. Strukturda yaranmış boşluqları yəni "operativlik qabiliyyətini" bərpa etmək üçün keçmiş dostluqlarını işə salmalı oldu. Belə ki,
Səddam rejiminin dağılmasından sonra İraq dövlətinin xüsusi xidmət orqanları çökmüşdü. Həmin orqanların bir çox peşəkar əməkdaşları diqqət çəkməmək üçün sıravi və sakit təsərrüfat həyatı yaşayırdı. Əl-Xilavi həmin peşəkarları "İSİ" təşkilatına cəlb etməyə başladı, lakin təşkilat hələ də lidersiz idi.
Təşkilatın əsas qərarverici orqanı "Şura Məclisi"nin üzvləri təqiblərdən yayınmaları və sağ qalmaları üçün müntəzəm olaraq görüşə bilmirdilər, əslində bunu Əl-Xilavi məhz özü təşkil etmişdi.Təşkilatın "beyni" olan bu şəxslərin bir məkanda toplanmasının təhlükəsizlik nöqteyi-nəzərindən çətin olmasını Əl-Xilavi Şura üzvlərinə inandıra bilmişdi. Şuranın 11 üzvü ilə ayrılıqda individual yazılı məktublaşma ilə müzakirələr aparılırdı. Əl-Xilavi bu yazışmalarda 11 nəfər Şura üzvünü inandıra bildi ki, təşkilata yeni lider məhz İbrahim Avvad əl Səmərayi adlı, 39 yaşlı gənc lider olmalıdır. Yəni Sizin indiki ləqəbiylə tanıdığınız "Əbu Bəkr-Əl Bağdadi"
Səsvermədə Şuranın 11 üzvündən 9-u məhz İbrahimə səs verdilər. Əsas rolda əlbəttə ki, Əl-Xilavi idi. Ben Laden "Əl-Qaidəsi" "İSİ"-nin yeni rəhbərliyi barədə ancaq dünya mətbuatından xəbər aldı. Bunu Ben-Laden Livyadakı silahdaşı Camal əl-Misratiyə yazdığı məktubda da qeyd edirdi:"İraqdakı qardaşlardan Əl-Bağdadi qardaşımız barədə ətraflı məlumat toplanılması yaxşı olardı. Müxtəlif mənbələrdən səhih məlumatların toplanılması zəruridir"
Nəhayətdə Əl-Xilavi Pakistanda dar dağlıq əraziyə sığınmış "Əl Qaidəni" İraqdan faktiki olaraq sıxışdırıb çıxardı.Təşkilatda artıq söz sahibləri Səddam rejiminin keçmiş yüksək rütbəli zabitləri idi, bu zabitləri isə təşkilata cəlb etmək üçün Əl-Xilavi yeni devizdən istifadə etmişdi. "Sələfi Dövləti" ilə hakimiyyətin yenidən bərpası. Ancaq uzaq olmayan 2010-cu ildə bu qeyri-real perspektiv idi, ancaq həmin ilin sonunda Tunisdə baş qaldırmış "Ərəb Baharı" daşları yerindən oynatdı.
Suriyaya keçid, daxili parçalanma və "Xilafət" proyekti
( III HİSSƏ)
"Ərəb Baharı" dalğası Suriyaya çatdığı ərəfələrdə Əl-Xilavi "şəxsi nümayəndə" qismində Əl-Bağdadi tərəfindən Suriyaya göndərildi. O, əsasən Hələb və ətrafında qısa müddət qaldıqdan sonra yenidən İraqa qayıtdı. Məsələ aydın idi, Əsəd rejiminin ölkənin sünni əhalisi arasında güclü dayaqları yox idi, tezliklə hakimiyyət boşluğunun yaranacağı və bunun Əl-Xilavinin arzuları üçün qiymətsiz plasdarma çevriləcəyi təxmin edilirdi.
Əslində Əsəd rejimi özü üçün daha prioritet hesab etdiyi şəhərləri və kommunikasiya qovşaqlarına daha çox qüvvə cəlb edə bilmək üçün, II dərəcəli hesab etdiyi ərazilərin müdaifəsinə ele də önəm verməmişdi.Şübhəsiz bura, İraqla həmsərhəd olan ucsuz-bucaqsız, az məskunlaşılmış bölgələr də daxi idi.
Samir əl-Xilavi özü kimi keçmiş kəşfiyyat xidməti zabiti olan, polkovnik Adnan əl Suvaydavi ( Abu Əymən əl iraqi) ilə 2011-ci ilin sonlarında təşkilatın "Şam" bölməsini təşkil etmək üçün Suriyaya keçdilər. Səddam rejiminin kəşfiyyat xidməti öz iş dəsti-xətti ilə özünə nümunə kimi Sovet KQB-si və Şərqi Almaniya STASİ-in örnək almışdı. Bu isə xalqın içində xalqdan biri kimi olmağı tələb edən iş üslübu idi.
Əsəd rejimindən azad edilmiş kənd və qəsəbələrdə ilkin olaraq "Dəvət ofisləri" açıldı. Bu ofislərin məqsədi təkcə yerli əhalini "sələfi cihadizm" istiqamətində "maarifləndirmək" deyildi, həm də müvafiq ərazi üzrə güclü ailələrin, tayfaların müəyyən edilməsi, həmin ailələrin gəlirlərinin,maliyyə imkanlarının, dini və siyasi baxışlarının, həmçinin ərazidə olan yerli müxalifət dəstələrinin hərbi gücü, sayları və ən əsası dini-siyasi orientasiyasının müəyyən edilməsi idi. Bütün bu əldə olunmalı informasiyalar müəyyən müddət sonra əldə olunacaq gözəçarpacaq uğurların sadəcə detallar idi.
2011-ci ilin sonlarında "İ.S.İ" lideri Əl-Bağdadi silahlı fəaliyyəti təşkil etmələri üçün qruplaşmanın ən operativ, təcrübəli və peşəkar üzvlərindən ibarət dəstəni Suriyaya göndərdi. Bu dəstə indi Sizə məlum olan "əl-Nusra cəbhəsi" qruplaşmasının tumurcuğu idi. "əl-Nusra" ilk zamanlar tipik terror dəstəsi idi. Azsaylı, məzhəbçi, zəif və əsasən az qorunan hədəflərə hücum edən bu qruplaşma 2012-ci ilin ortalarında klassik partizan qruplaşması səviyyəsinə qalxdı və qısa zamanda səs-küylü hücumlarla bir anda məşhurluq qazanmağa başladı. Ərəb mediyası özünü doğrultmayan "Azad Suriya Orudusu" mifini tezliklə "Əl-Nusra Cəbhəsi" ilə əvəz etdi.
"Əl-Nusra" təkcə klassik silahlı qruplaşma deyildi, həmdə Əsəd rejimindən əziyyət çəkən əhali arasında sosial proyektlər gerçəkləşdirən, yol çəkən, dağılmış məktəb təmir edən, su xətlərini bərpa edən hərbi-ictimai təşkilat imici formalaşdırmağa başlamışdı. Qruplaşmanın tez zamanda məşhurlaşması və nüfuzunun günü-gündən artması Əbu Bəkr Əl Bağdadi tərəfindən təyin olunmuş və əslən suriyalı olan "əl Nusra" lideri Əbu Məhəmməd Əl Colanidə mərkəzdənqaçma meyllərini, özündən əminliyi artırdı. Yəqin ki, Colani düşünmüşdü ki, onun və qruplaşmasının artıq Iraqdakı "İ.S.İ" qruplaşmasına ehtiyaci yoxdu, baxmayaraq ki, Colani özü də məhz "İ.S.İ"nin yetirməsi idi.
Əl-Nusra daxilində müstəqillik meyllərini sezən və bunu Əl-Bağdadiyə çatdıran məhz Xilavinin özü idi. O, casuslar göndərmək yolu ilə "əl Nusra" daxilindəki ab-havanı dəqiq öyrənməyi Bağdadiyə təklif etdi. Yəqin görünür Bağdadi məhz Xilavinin özünün "Colani işi" ilə bağlı Suriyaya getməsini xahiş etmişdir ki, 2012-ci ilin son həftələrində Əl-Xilavi sonradan bəlağətli səsi ilə məşhurlaşan "Xilafətin" mətbuat katibi Əl-Adnani ilə yenidən lakin sonuncu dəfə Suriyaya getməli oldu. Məqsəd artıq sıralarına minlərlə döyüşçü cəlb edərək imkanlarını və profilini genişlətmiş "Əl Nusra cəbhəsində" ümumi ab-havanı yoxlamaq, gələcəkdə İraq ve Suriya nəzdində fəaliyyət göstərən qruplaşmaların birləşməsinin labüdlüyünü Suriyadakılara təlqin etmək idi.
Lakin Suriyanı bürümüş vətəndaş müharibəsi, tezliklə radikal sələfiləri də bürüyəcəkdi, güc və səlahiyyət mübarizəsi bir-birlərinə "əxi" deyərək müraciət edən, köhnə silahdaşları üz-üzə qoyacaqdı.
ardı var...
Tərcümə etdi: Yusif Səfərov