Aqil Abbası tanımayanlara...

18-01-2016, 23:28           
Aqil Abbası tanımayanlara...
Millət vəkili, tanınmış yazıçı, jurnalist, “Şöhrət” ordenli Aqil Abbas saytların birinə qiymət artımı ilə bağlı son günlər rayonlarda baş verən etirazlarla əlaqədar müsahibə verdi... O, deputatı olduğu Ağcabədi rayonunda keçirilən görüşdən təəssüratını bölüşmüşdü... Dünən rayondan gəlib Bakıya çatanda Aqil Abbasın məlum müsahibəsindən əsəbləşən bir çoxlarının şərhlərini oxudum. Təxminən 400-dən çox idi... Mən bütün şərhlərini tənqid, umacaq, istək... üzərində quranların mövqeyinə hörmətlə yanaşıram. Diqqətimi həm də bir vacib məsələ çəkdi ki, Milli Məclisdə 125 deputat var. Onların da bir çoxunun mətbuatda müsahibə və açıqlamaları olur. Amma onların çıxışlarına heç kim reaksiya vermir... Deməli, Aqil Abbasdan daha çox umacaq, istək, etibar və etimad var... Məncə, Aqil Abbas da bunu xüsusilə dəyərləndirir... Amma dostlar, Aqil Abbasın bütün xarakterini, həyat və bədii, ictimai fəaliyyətini 25 ildir yaxından tanıyan bir jurnalist, azərbaycanlı, Qarabağlı kimi təhqirləri qətiyyən qəbul etmirəm, xahiş edirəm bunlara son verilsin. İnanın, bundan da çox məni məyyus edən başqa bir məsələ oldu. Heç kimin, yəni Aqil Abbasın əlindən pul, çörək, vəzifə, qələm, yazı yazmaq dərsini alanların birinin də bu şərh müəlliflərinə məsləhətli, sakitləşdirici şərhini görmədim. Niyə? Demirəm Aqil Abbası bu "alovun əlindən" alın, onu müdafiə edin. Amma deyirəm ki, çörək kəsdiyiniz bu insanın kimliyini bilməyənlərə anladın. Anladın ki, Aqil Abbas ən azı ürəyi uşaq ürəyi kimi olandır, qapısına köməyə gələnə son tikəsini belə verəndir, torpaq təəssübü çəkəndir. Ola bilər kiməsə vəzifə söz verib, amma edə bilməyib. Ola bilsin kiməsə nədəsə kömək edəcəyinə də söz verib, amma zəng edib nəticəsini bildirməyi unudub.Vallah, bəlkə də məndən çox Aqil Abbasdan nəyisə uman olmayıb (vəzifə, ev, orden, Fəxri ad, pul yox... Tamam başqa şey.), amma mən heç vaxt vicdanıma sığışdıra bilmərəm ki, bir qəlbi təmiz, ziyalı insanı bu qədər aşağılasınlar. Dostlar, inanın, əgər sizlərin əsəbləşərək yazdığınız bu statuslara rəğmən, ona zəng etsəniz ki, rayona gedirəm, yaxud restorana gedirəm, mənə 100 manat lazımdır, evindən çıxıb onu sizə çatdırar. Təkrar edirəm, vicdanıma and içirəm, bu statusdan Aqil Abbasın xəbəri yoxdur. Amma bilin, Aqil Abbas mənə ev verdirməyib, kitabımın çap xərcini ödətdirməyib, sanatoriyaya göndərtdirməyib, jurnalistlərin evindən mənzil verdirməyib, oğlumu vəzifəyə də göndərtdirməyib, cibimə də pul qoymayıb. Əksinə "Ədalət" qəzetindən iclasdakı bir məsələyə etiraz edəndən sonra 8 illik baş redaktorun 1-ci müavini vəzifəsindən ayrılmışam. Bunu ilk dəfədir deyirəm. Ona görə deyirəm ki, biləsiniz ki, mənim Aqil Abbasdan, o kişinin də məndən keçəcəyi yoxdur. Amma ay bu kişinin ətrafında olmuşlar və indi də olanlar, bəhrələnənlər (kimi nəzərdə tutduğumu Aqil müəllim yaxşı bilir), sizə nə olub??? Nə günün dostusunuz? Dostluğunuz elə bu qədərmiş?! Problemə şərh yazmaq bu qədərmi çətindir? Dar günün dostu belə olmur! Mən demirəm ki, bu yazılarla nəsə dəyişəcək, ya yox. Amma Aqil Abbas da, digərləri də biləcək ki, dar məqamda insanın ətrafında kimlər olur. Aqil Abbasın xanımı İradə Tuncaydan başqa kimlərinsə cəsarətə gəlib şərh yazmasına rast gəlmədim. Bəs onda siz kimsiniz??? Bilirəm ki, bu şərhimə görə məni qınayanlar da olacaq. Amma and olsun Allaha, mən vicdanımın səsi ilə yazdım. Bütün günahlarına (kimin günahı, səhvi yoxdur ki!) baxmayaraq, Aqil Abbas o şərh və münasibətə layiq deyil. Hesab edin ki, o şərhlər onun ətrafında olanlara və olmuşlara şamil kimidir... Gəlin Azərbaycanın bir dəyərli ziyalısını itirməyək, aşağılanmaqdan qoruyaq...
Asif Mərzili












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.