Rəsulzadə və rus dili
14-09-2020, 07:09
Bir dəfə güneyli dostumdan soruşdum: “Sən axşam yatarkən hansı dildə xəyal qurursan?” Cavabı belə idi: “Fars dilində”.
Dostum bunu dedi və başını aşağı saldı, sonra vəziyyəti izah etdi: “Məktəbi fars dilində oxumuşam”.
Məktəblərdə “rus sektoru” məsələsi hər dəfə gündəmə gələndə nədənsə bu dialoq yadıma düşür. Ona görə yox ki, məsələyə hissi yanaşır, qloballaşma dövründə dil məsələsinə aşırı dəyər verirəm. Əsla. Məsələ başqadır.
Əvvəla onu deyim ki, Azərbaycan vətəndaşlarının övladlarını mövcud sistemdə hansı dildə təhsil almalarına qərar vermələri bilavasitə onların hüquq və azadlığıdır. Əgər bir dövlətin məktəbində rus dilində təhsil verən bölmə varsa, demək ki, hər kəsin uşağını o bölmədə oxutmaq kimi hüququ var. Yəni bu məsələdə kimsə “günahkar” axtarırsa, bu, əsla vətəndaş deyildir.
Vətəndaş dövlətin ona təqdim etdiyi iki variantdan birini seçir. Əgər dövlət sadəcə ana dilində təhsili məqbul bilsəydi, belə bir seçim də olmayacaqdı.
Hikmət Hacızadənin sosial şəbəkədəki paylaşımında oxudum. Rus dilində təhsil Azərbaycanın dünyaya açılan pəncərəsi imiş. Çağdaş dünyanın elmindən filminə qədər hər şey məhz o pəncərə vasitəsilə Azərbaycana daxil olurmuş. Buradan belə nəticə hasil olur ki, Azərbaycanda dünya ilə ayaqlaşa bilən bir rusdilli təbəqə var və onlar ölkəmizi cahana daşıyıblar. Şəxsən o təbəqə ilə tanış olmaq, onların nailiyyətlərini görmək arzusundayam.
Rus dili məsələsi gündəmə gələrkən Cümhuriyyətimizin qurucusu Məhəmmədəmin Rəsulzadənin Bakıda universitet açılması ilə bağlı parlamentdəki qızğın müzakirələri də yadıma düşür. Belə ki, parlamentdəki bir sıra deputatın fikrincə, əgər Bakıda universitet rus dilində olacaqsa, buna nə ehtiyac var, ondansa tələbələr gedib Rusiyada təhsil alsınlar. O deputatlar ondan da narahat idilər ki, Rusiyadan gələn professorlar tələbələri millilikdən uzaqlaşdıracaq, nəticədə öz ölkələrinin əleyhinə fəaliyyət göstərmələrinə səbəb olacaqlar. Rəsulzadə isə bu məsələdə fərqli mövqe tuturdu. O deyirdi:
“... Darülfünun Azərbaycana xaricdən bir çox alimlər və professorlar cəlb edəcəkdir. Onlardan heç bir surətlə qorxub ehtiyat etmək lazım gəlməz ki, guya o alimlər və professorlar burada bir rus mədəniyyətinin ocağı olub qalacaq da, tələbələr ruslaşacaqdır. ...Madam ki, hökumət bizim əlimizdə, darülfünuna dəvət etdiyimiz adamlar üzərinə hakim olacağıq... Hər kəs bilir ki, rus və ya başqa bir millət mədəniyyəti yoxdur. Ülum və fünun bitərəfdir. Dünyada rus elmi deyil, beynəlmiləl bir elm var. Biz bu beynəlmiləl elmi, hər bir millətin ağzından eşitdiyimiz kimi, rus professorların ağzından öyrənə bilərik. Çünkü bizə elmi və fənni Çində belə olsa, öyrənməyi tövsiyə etmişlər. Vəqtilə bu darülfünun get-gedə milliləşəcək. Bununla bərabər orada türk dili ümumi surətdə məcburi olaraq keçiləcək və öyrədiləcəkdir. Rus və ya əcnəbi bir lisanda təhsil etdiyin bir elmi öz dilində ifadə edə biləcək”.
Rəsulzadənin xoş niyyətinə heyran olmamaq mümkün deyil. O, uzaqgörənliklə başa düşürdü ki, ölkə 90 illik rus əsarətindən çıxdığı üçün müvəqqəti olaraq bütün sistem milliləşənə qədər elm rus dilində də verilə bilər. Çünki elm hansı dildə verilməsindən asılı olmayaraq elmdir. Və zamanla türkdilli professorlar yetişdikcə bu mərhələ də geridə qalacaqdır. Digər tərəfdən Rəsulzadə həssas bir məqama da toxunurdu ki, madam ki, hökumətdə bizik, imkan verməyəcəyik ki, rus professorlar universitetdə Rusiyayönümlü təbliğat aparsınlar.
Gündəmdəki məsələnin həssaslığı da məhz budur. Kimsə dövlətin verdiyi imkandan faydalanıb rus dilində təhsil almaq istəyirsə alsın. Amma önəmli olan ruslaşmamaq, ana dilini öyrənmək, hansı dövlətin vətəndaşı olduğunu unutmamaqdır. Yəni qısacası rus dilində təhsil alıb Çingiz Abdullayev olmamaq lazımdır. Eləcə də ingilis dilində səlis danışıb ana dilində sabiq Xarici İşlər naziri kimi danışmamaq gərəkdir.
Qısacası Rusiyanın keçmiş müstəmləkələrində onun maraqlarının müdafiəçisinə çevrilməmək lazımdır.
Və bir də Azərbaycan dili haqqında danışarkən ömrünün böyük hissəsini Rusiya ordusuna həsr edən Səməd ağa Mehmandarov kimi üzr istəməyi də bacarmaq lazımdır.
(“Mən qabaqca parlamentdən üzr istəməliyəm ki, rusca danışacağam, çox utanıram ki, öz dilimi Məclisi-Məbusanda danışmaq qədər bilmədiyimdən rusca söyləməyə məcburam". Parlamentin 16-cı iclası. 25 fevral 1919-cu il).
Müəllif: Dilqəm Əhməd
teleqraf