Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər
21-09-2020, 06:23
Azərbaycan tarixində iz buraxmış nəsillərdən biri də Şəddadilər sülaləsi hesab olunur. Mənbələrdə bu sülalə barəsində çox qısa və səthi məlumatlar verilir. Onlar haqda daha dəqiq və geniş məlumatlar əldə etmək üçün mütləq, Şəddad rəmzi və onunla bağlı qədim mənbələrdəki məlumatlar, müdriklərin batin məntiqi ilə araşdırılmalıdır. Çünki həqiqi tarix müdriklər tərəfindən Süleyman peyğəmbərin "Quş dilində", yəni rəmzlərlə yazılmışdır və yalnız bu məntiqlə də açıla bilər. Bu məntiqə görə, iki növ – göy və yer insanı yaradılmışdır ki, bunların ilkini olan göy insanları - Allahın özünə qulluq üçün seçdiyi müqəddəslər nəslidir. Yazılarda qeyd olunmağa layiq də yalnız Allah və onun bu seçilmişləridir. İkinci növ insanlar isə adi insanlardır ki, onların həyat tərzi digər canlıların həyat tərzindən fərqlənmədiyi üçün yazılarda qeyd olunmağa layiq görülmürlər [1]. Süleyman peyğəmbərin "Quş dili", mənanı yalnız samitlərin daşıdığı rəmzlər dilidir. Bu məntiqlə yazılmış "Şahnamə" kitabının əvvəlində Firdovsi yazır:
“Mənim sözlərimdə tapılmaz yalan,
Nə əfsun, nə əfsanə yazdım inan.
Ağılla oxu, rəmz tapsan əgər,
Düşün, rəmz mənaya yol göstərər”.
Deməli, rəmzlərlə yazılmış əsəri anlamaq üçün rəmzlərin batini mənalarını araşdırmaq lazımdır. Biz də bu məntiqlə Şəddadilərlə bağlı rəmzlərin əsl mənalarını açmağa çalışacağıq.
Qədim mənbələrə görə, Şəddad - nəhəng insanlar sayılan Ad qövmünün banisi Ad-ın oğludur və Yəmənin Əl-Əxqaf səhrasında yaşamışdır. Quranda Ad, tayı-bərabəri olmayan sütunlar şəhəri İrəmlə əlaqələndirilir. İbn Xəldunun "Müqəddimə" adlı əsərinə görə, İrəm şəhəri - İrəm oğlu Avs oğlu Adın şəhəridir. Onun Şədid və Şəddad deyə iki oğlu vardı. Şədid ölüncə hökmdarlıq Şəddada qalmışdı. Onun dövründə Ad qövmü, onlara göndərilən Xud peyğəmbərin tək Allahından döndü və Adən səhrasında İrəm cənnətini yaratdı. Allah da onları ağır cəzalandırdı.
Mənbələrdə İrəm şəhəri - mistik İrəm zat əl-İmad kimi də keçir ki, Sanadan (Yəmən) olan “məcnun şair” – Əbdül Həzrətin “Əl Əzif” (”Nekronomikonun sirri”) kitabına görə, bu şəhər yerdə yox, digər ölçü məkanında, ilk yaradılmış varlıqlar tərəfindən tikilmişdir. Bu yer böyük boşluğun gizli qapısı sayılır və məqrib cadugərləri bura şüurun dəyişmiş vəziyyətində girirlər. Rəvayətlərə görə, qızıl və gümüş kərpicdən tikilmiş bu şəhəri, Ad oğlu Şəddadın əmri ilə yəhudilərin “nefilim” (nəhəng) adlandırdıqları cinlər tikmişlər. Belə çıxır ki, Şəddadilər - Adən səhrası adlanan böyük boşluqda cinlərin vasitəsi ilə qızıl və gümüşdən İrəm şəhəri tikmiş Ad oğlu Şəddadın törəmələridir.
Lakin Misirin Naq- Xammadi ərazisindən tapılmış "Həqiqətin şahidliyi" adlı mətnlərə görə, cinlərin köməyi ilə tikilmiş şəhər - Süleyman peyğəmbərin tikdiyi Yerusəlim şəhəridir [2; 229]. Əhdi-Ətiqə görə, Süleyman peyğəmbər Qavaon (Агван/Албания) şəhərində, Allahla "söhbətdən" sonra böyük qurban mərasimi keçirmiş və Yerusəlimin 62 metrlik qülləsini və bütün daxili əşyalarını təmiz qızıl və gümüşdən yaratmışdır [3; 3Цар,2Пар]. Belə çıxır ki, Ad oğlu Şəddad elə Qavaon, yəni Aqvan (Albaniya) şəhərində böyük qurban mərasimi keçirmiş Süleyman peyğəmbərdir. Süleyman/Solomon (SLMN) rəmzi Əhdi-Ətiqdə Salman (SLMN) kimi yazılır və Madiam knyazı adlandırılır ki, müasir alimlər də Madiamın Midiya olmasını qəbul edirlər [3; Суд.8:5]. İrəm zat əl-İmad adındakı "İmad" rəmzi də batin elmində "Midiya" rəmzi ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, Şəddad elə Süleyman peyğəmbərdir və onun qızıl və gümüşdən tikdiyi İrəm, yəni Yerusəlim şəhəri də Midiya, Albaniya ilə bağlıdır. Tarixçi M. Xorenatsiyə görə isə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlandırıldı [4; I/60]. Başqa sözlə, İrəm/Yerusəlim şəhəri Albaniya, Midiya ərazisindəki Gel elində tikilmişdir.
Nəticə 1. Ad oğlu Şəddadın obrazı - Qavaon (Aqvan), yəni Albaniyada qurban mərasimi keçirib, qızıl və gümüşdən Yerusəlim şəhərini tikmiş Süleyman peyğəmbərin obrazıdır. Yerusəlim də - İrəm zat əl-İmad şəhərinin digər adıdır.
Araşdırıcılar İrəm (RM) rəmzini - "Yüksək məmləkət" mənasını verən Aram (RM) rəmzi ilə əlaqələndirərək bildirirlər ki, İrəm - Ad qəbiləsinin “Ad-i Ula” adlanan atalarının adıdır [5]. "Ad-i Ula" (DL) rəmzi batinilərdə "Ad qəbiləsinin Eli" deməkdir. Mənbələrdə bu rəmz Daul (DL) kimi də keçir və İrəm zat əl-İmad rəmzinə aid edilərək İmad əd-Daul kimi də yazılır. Buid imperiyasının banisi İmad ad-Daulun adı “sülalənin sütunu” mənasını verir ki, bu da Daulun İrəm zat al-İmad şəhərinin sütunu mənasında olması deməkdir. Qaynaqlarda ərəb beduin tayfalarının eyni zamanda İran buidləri kimi təqdim olması o deməkdir ki, əsl beduinlər məhz Midiya maqlarının 6 tayfasından biri olan budinlərdir (Türk budunu). Batini məntiqdə bu - Şəddadın (Süleyman) Buid imperiyasının banisi İmad əd-Daul olması deməkdir. Mətnlərə görə, bu buid hökmdarı - İlahi titul olan “Şahənşah əl-əzəm Malik əl-Mülük”, yəni “Mülkün maliki və şahlar Şahı” titulunu almışdır. Öz vəzirlərinə isə buidlər “dünyanın hökmdarı” (əmir əl-aləm), “qüdrətlilər qüdrətlisi” (kafi l-kufat) titulunu verirdilər. Qurandan bilirik ki, mülk Allahındır və bu o deməkdir ki, İmad əd-Daul obrazı Rəhman Allahın obrazıdır. Başqa sözlə, böyük boşluqda yaradılmış İrəm "sütunu" elə Allah özüdür və şəddadilər də Onun Özünə qulluq üçün ayırmış seçilmişləridir.
Nəticə 2. Şəddadın (Süleyman) "atası" Ad - Mülkün sahibi olan Allahdır və O həm də İrəm zat əl-İmad cənnətinin sütunudur. Onun vəzirləri isə dünyanın hökmdarlarıdır.
Digər tərəfdən, Daul rəmzi, Əbu əl-Ala İbn Xassulun “Türklərin digər döyüşçülərdən üstünlüyü və böyük sultanın mövcudluğunun qədir qiyməti” əsərində Adud əd-Daul kimi qeyd olunur. Daulun Deyləm türkləri isə qaynaqlarda - "zamanı qabaqlamış və tam xoşbəxtliyə çatmış" insanlar adlandırılır. Adud əd-Daul burada, yalnız Allaha xas olan xüsusiyyətlərdə təsvir olunur [6; 104-107].
Sebeos, Deyləm (DLM) rəmzi ilə eyni mənalı Delum (DLM) rəmzini Midiya qalasına aid edir və oranın xalqını mərd və qorxmaz adlandırır. Batinilikdə Daul (DL) rəmzi Deyləm/Delum (DLM) rəmzilə eyni mənalıdır və Deo-Eli (Teo/Teos - Allah), Deo-Aləmi mənasını verir ki, bu da Allah-Eli, Allah-Aləmi deməkdir. İslamda Allahın 99 şərəfli adlarından biri də Ədl, Ədul rəmzidir ki, bu da Daul rəmzi ilə eyni mənalıdır.
Nəticə 3. Ad, Ad-i Ula, Daul rəmzləri - Deo Eli, yəni Allah Eli deməkdir. Allah elinin bu nəhənglər nəsli - zamanı qabaqlamış və tam xoşbəxtliyə nail olmuş Midiyanın Deyləm türkləridirlər.
Deyləmilərin tam xoşbəxtliyə çatmalarının səbəbini anlamaq üçün biz Deyləm (Allah aləmi) rəmzini mənbələrdə araşdıraq. Daul adının Adad hissəsinin izahına isə biz aşağada qayıdacağıq.
Qədim mənbələrdə Deyləm/Delum (DLM) rəmzi Dilmun (DLMN) kimi də yazılır və "Amon Allahın Eli" (D-L-MN) fikrini ifadə edir. Dilmun - məşhur alim Kramerə görə, ölmüşlərin ruhlarının o dünyada xoşbəxtliyi daddığı yerdir. Burada dəfn olunmaq, insanın həyatı boyu Allahlara sadiqliyinin ən böyük mükafatıdır. Kramerə görə, Dilmun - Allahlar monastırıdır və İran ərazisindəki Zaqros dağ təpələrinin arxasında – “günəşin çıxdığı yerdə” yerləşir ki, bura Dilmun dağı (akkad. Kur-Dilmun) da adlanır. Dilmun, sahələrində bol meyvələri və çəmənliyi olan İlahi bağdır və bura xoşbəxtlik, hüzur yeridir və ən əsası təhlükəsiz yerdir. Bura təmiz, nurlu və şəfəq saçan “Ölməzlər ölkəsi”dir və buranın sakinləri nə xəstəlik, nə ölüm bilməzdilər [7; 267,271]. Bu o deməkdir ki, Deyləm türklərinin xoşbəxtliyə çatmasının səbəbi, öləndən sonra onların ruhlarının Dilmun cənnətində ikinci həyat qazanmasıdır.
Nəticə 4. Şəddadın (Süleyman) zamanı qabaqlamış Deyləm türkləri - İran dağlarında Dilmun cənnəti yaradaraq burada tam xoşbəxtliyə nail olmuşlar.
Digər tərəfdən, mənbələrdə Ad qövmünün yaşadığı Yəmən ölkəsi də “xoşbəxt ölkə” adlanır ki, qədim Misir mənbələrində “xoşbəxt, rahatlıq ölkəsi” dedikdə göydəki ruhlar dünyası nəzərdə tutulur. Ra günəş Allahına həsr olunmuş himnlərdə xoşbəxtlik ölkəsi - Osiris (Oziri/Asar) Allahının ölüm şahlığı adlanır. Belə çıxır ki, xoşbəxtlik ölkəsi olan Yəmən - Osiris (Asar/Azər) Allahının göydəki ölüm şahlığıdır.
Rəvayətə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin Xadramaut (Hadramaut) şəhərindəki bir mağaranın içindədir [8]. Məşhur İslam alimi Əs-Suyuti, Yəməndəki Xadramaut ətrafında yerləşən Baraxut vadisindəki Tina kəndindən yazarkən qeyd edir ki, məhkəmə günü kafirlərin ruhları bura köçürüləcək. Müslümlərin ruhları isə əl-Cəbiyədə yığışmışlar. O bildirir ki, İslam rəvayətinə görə, Baraxut “odlu cəhənnəmdir” və orada Allahsızların ruhları yığılmışdır. Əl-Cəbiyə isə - “göydəki cənnətdir” və mənbələrə görə, VI-VII əsrdə İç Ərəbistanın bütün ətrafında - səhralarda, dağlarda, daşlarda və ağaclarda cinlər yaşamışdır. Ruhların Yəmən ərazisindəki cənnət və cəhənnəmdə yerləşməsi o deməkdir ki, Yəmən, Ərəbistan deyəndə, qədim yazılarda bilavasitə göydəki ruhlar dünyası nəzərdə tutulur. Oddan yaranmış cinlərin Yəməndə yaşamaları, Yəmənin eyni zamanda İlahi odla bağlı ölkə olması deməkdir.
Qədim qaynaqlarda odla bağlı ölkə Osirisin, yəni Asar/Azər Allahının göydəki ölüm şahlığı hesab olunurdu. Biz, "Ra-Amon Allahın Azər dağı" adlı məqalədə Osiris Allahının göydəki ölüm şahlığının, qurbangahda qurban ruhlarından yaradılması haqda yazmışıq [9].
Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri - məhz qüdrətli və ədalətli hökmdarın göydəki "Raman" dünyasıdır ki, bu rəmz Ra-Amon (Rəhman) Allahın dünyası mənasındadır və sonradan bu "dünya" Osiris ölüm şahlığı adlandırıldı [10; 305]. Başqa sözlə, Deyləm türklərinin İran dağlarında yaratdığı Dilmun cənnəti həm də bu ari-ərənləri hər iki dünyada xoşbəxt edən səbəbdir. Belə çıxır ki, Deyləm türkləri ölənə qədər bu dünyada xoşbəxt yaşayır, öləndən sonra isə ruhları göydəki Osiris şahlığında ikinci xoşbəxt həyat qazanırlar.
Nəticə 5. Ad qövmünün ölkəsi olan Yəmən - göydəki Osiris, yəni Asar ölkəsidir və orada insanların ruhları və ilk Asar varlıqlarının ruhları olan cinlər yaşayırlar. Möminlər hər iki dünyada məhz bu Dilmun cənnətinin hesabına xoşbəxtlik qazanırlar.
Məşhur sufi alimi Qəzaliyə görə ölüm, insanın bir formadan digərinə keçməsidir. Nə qədər ki, hissiyatı onunladır, onun haqqında deyirlər ki, o “bu dünyadadır”, onlar gedəndə və onun yalnız mahiyyət keyfiyyəti qalanda, deyirlər ki, o “o biri dünyaya” köçdü [11;3]. Ovidiy, ölən insanın ruhunun bilavasitə bu çevrilməsini “Metamorfoza” adlandırır: “İndi sizə yeni forma almış bədənlər haqda danışacağam. Allahlar, - axı bu çevrilməyə siz qərar verdiniz”. Mənbələrdə bu çevrilmə haqqında əl-Cəhizin əl-Fəth B. Xaqana müraciətnaməsi olan “Türklərin ləyaqətləri və xəlif ordusundakı digərlər haqqında” əsərində danışılır. Burada ölmüş insanın ruhunun cənnətə düşməsi İsmail obrazında təsvir edilərək yazılır ki, "İsmail qeyri-ərəb oğlu olduğu halda, dönüb ərəb oldu. Çünki Allah onun dil və boğazını, heç bir hazırlıq və məktəb keçmədən düzgün ərəb nitqinə uyğunlaşdırdı. Sonra onun “ərəb olmayan təbii keyfiyyətlərinə son qoydu və onun bədəninə, məharətlə - lazımi vəziyyətdə düzəltdiyi və uyğunlaşdırdaraq vacib forma verdiyi vacib hissələri köçürtdü və s”. Daha sonra Əl-Cəhiz İsmail haqqında yazdıqlarını aydınlaşdırmaq üçün əlavə edir: "Bütün möminlər, o cümlədən uşaq və kəmağıllar, cənnətə girəndə - hazırlıqsız, uzun təhsil və məsləhət almadan - dərhal cənnət sakinlərinin dilində danışmağa başlayırlar və s. [12; 71]. Bu yazıda "ərəb" rəmzi, ölmüş insan ruhunun cənnətdə yeni forma almasına aid edilir. Ərəb dili də burada, Quranda qeyd olunduğu kimi, ürəklərə verilən vəhy - ekstatik dil mənasındadır [13; 26:192-196].
Batinilərdə "ərəb" rəmzi - Ra ilkin materiyası (Günış Allah'ı obrazında) ilə firon Amonun Ba ruhunun birləşməsi mənasındadır. Bu prosesin təməlini, Ra günəş diski ilə birləşən pir Amon (Ra+Amon=Ra-Amon/Rəhman) qoymuşdur. Bu "yolu" gedən ölümsüzlər nəsli də mənbələrdə "Qor yolu ilə gedənlər" adlanır.
Məşhur sufi Mühiddin İbn Ərəbiyə görə də, Allah - insan öləndən sonra ruhunun cənnətdə ikinci həyat qazanmasının texnologiyasını yaratmışdır. İbn Ərəbi məhz bu texnologiyanı "din" (El) adlandırır və bildirir ki, Allah bu dini İbrahim oğullarına və Yaquba vəsiyyət etmişdir: "Ey oğullarım, Allah sizin üçün din seçdi: müsəlman olaraq ölün”- yəni Ona tabe olaraq". İbn Ərəbi bu dini "El" adlandıraraq bildirir ki, "bu din sənin tabeçiliyindir. Böyük Allahdan isə sənin tabe olduğun qanunun qəbuludur”. Digər yerdə İbn Ərəbi, cənnəti İbrahimin "atıldığı" İlahi odla əlaqələndirir və bildirir ki, insana (ruhuna) xoşbəxtliyi verən məhz bu oddur [14; 18/8]. Deməli, əsl İslam dini, ölən insanın ruhunun cənnətə düşməsi və xoşbəxtlik qazanması üçün gedilən yoldur. Quranda da “xoşbəxt” rəmzi cənnətə aid edilir və nəzərə çatdırılır ki, mömin adamlar üçün o dünyada şərab çayı, bal kimi çaylar axan, müxtəlif meyvəli ağacları olan bağ salınmışdır. Möminlər üçün burada pak zövcələr var və insanlar orada əbədi xoşbəxt yaşayırlar” [13; 4:57,9:72,47:15-17]. Quranda, insanlara xoşbəxtlik verən İlahi oddan çox yerdə danışılır və əsasən Musa və İbrahim peyğəmbərə aid edilir. Qurana görə bu od Kəbə evindədir və Allah buranı təhlükədən uzaq xoşbəxt ölkə etmişdir [13; 20:10-13,27:7,37:97,2:125-128,27:8].
Nəticə 6. İnsan öləndən sonra ruhun formasını dəyişərək cənnətə düşmə texnologiyasını Allah yaratmışdır. Ra-Amon Allahı göydən İlahi od, yəni ilkin materiya gətirmiş və ondan Kəbə evi, yəni Beyt düzəltmişdir.
Tövratda odlu Kəbə evi "Vəhy çadırı" adlanır. Musa peyğəmbər, qurbangahda qurban ritualı vasitəsi ilə göydən İlahi od, yəni ilkin materiya gətirmiş və ondan "çadır" rəmzində göydə Ev yaratmışdır. Bu zaman Allah (İlah, ilkin materiya) onların qarşısında gündüz bulud sütunu formasında, gecə isə odlu sütun formasında gedirmiş [3; Исх.13:21]. Bu isə o deməkdir ki, Quranda tayı-bərabəri olmayan sütunlar şəhəri İrəm dedikdə, göydə İlahi oddan (ilkin materiya) yaradılmış "çadır" və onun "odlu" sütunları nəzərdə tutulmalıdır.
Quranda Adın İrəm sütunlarından danışılanda, bu sütunlar firona aid edilir və çadırı saxlayan insanlar bu dirəyə bənzədilir [13; 89:6-10]. Belə çıxır ki, Quranda sütun dedikdə, Musanın qarşısında odlu sütun formasında gedən Allah nəzərdə tutulmalıdır. Başqa sözlə, Şəddadın İrəm cənnətini odlu sütun formasında Allah saxlayır, yəni sütun özü Allahdır.
Kitabi Dədə Qorqudda da sütunlar firona aid edilir və nəzərə çatdırılır ki, yerdən çıxan firon şişlərini (sütunlarını) saxlayan Qazan xandır. Belə çıxır ki, cənnət çadırını saxlayan sütun elə firon Qazandır. Mənbələrdə bu sütun eyni zamanda Xozroya aid edilir (“Xozroy sütunu”) ki, Xozroy rəmzi [XZR] ölümsüzlük qazanmış Xızır [XZR] rəmzi ilə eyni mənalıdır. Deməli, bu sütunlar, insana ölümsüzlük verən cənnətin rəmzidir.
Ən qədim qaynaqlarda sütun rəmzi Herakla da aid edilir və “Herakl sütunu” adlandırılır. Əflatuna görə, Herakl sütunlarından o tərəfdə atlantların adası yerləşir. Herodot, atlantların yaşadığı dağı Atlas adlandırır və bildirir ki, bu dağ göyün sütunudur. Homerin “Odisseya” əsərinin birinci mahnısının dəqiq tərcüməsinə görə də, Atlas yerlə göyü birləşdirən sütunu saxlayır. Atlas dağı isə elə Telos dağıdır ki, Kramer onu Dilmun cənnətinə aid edir. Bu isə o deməkdir ki, Atlantida adası elə Dilmun cənnətinin obrazıdır. Atlantlar da nəhəng insanlar olan Ad qövmüdür.
Digər tərəfdən, rəvayətə görə, Herakl Gel şəhərinə gələrək burada yarıqadın-yarıilan Yexidna ilə cütləşir və bu izdivacdan mələklər nəsli, yəni “ilandan doğulmuş midiyalılar” əmələ gəlir [15]. Midiya (İmad rəmzi) isə marlar, amoreylər ölkəsidir. Əgər nəzərə alsaq ki, batinilikdə İrəm/Aram (RM) rəmzləri Mar/Amorey (MR) rəmzləri ilə eyni mənalıdır, razılaşarıq ki, İrəm zat əl-İmad şəhəri mələklər (məlahi/mülhid) şəhəridir ki, mənbələrdə onlar assasinlər və qızılbaşlar da adlanırlar.
Nəticə 7. Ra-Amon Allahın İlahi oddan yaratdığı Kəbə Beyti, yəni qədim Misirin Qeb aləmi həm də çadır kimi təsvir olunur ki, bu Vəhy çadırını da "odlu sütunlar" saxlayır. İrəm zat əl-İmad cənnəti də, adından göründüyü kimi marların (İrəm) Midiya (İmad), atlantların Atlantida, Heraklın isə "ilandan doğulmuş" mələklər ölkəsidir.
Qədim Misir mətnlərində "sütunlar şəhəri" dedikdə, fironların “günəş şəhəri” olan Geliopol nəzərdə tutulurdu və bu “Geliopol sütununa” bayramlarda səcdə edilirdi. Mənbələrdə Geliopol, yəni Gel şəhəri - Atum Allahının yaradıldığı şəhərdir ki, göydəki ruhlar dünyası da bu Atumun bədənindədir. Misir kosmoqoniyasına görə, təpənin başındakı Atum, əvvəl özündən Şu və Tefnut cütlüyünü yaradır ki, burada Şu - firon Amonun ruhu, Tefnut isə teurqiya prosesidir. Bu iki cütlükdən Qeb və Nut cütlüyü yaradılır. Qeb burada Qeyb aləmi, yəni ruhlar dünyası, Nut (Tina/Din rəmzləri) isə sistemləşdirilmiş göylərdir. Şu Allahı qalxaraq, Nut göyünü başı üzərinə qaldırır və Qeb torpağından ayırır. Göyləri saxlayan məhz bu Şu Allahı qaynaqlarda "Şu sütunu" adlanır [16]. Deməli, İrəm cənnətini saxlayan sütun elə firon Amonun Şu ruhudur. Firon Amonun öz ruhunda teurqiya, yəni qurban kəsmə, mantra oxuma, magik rituallar vasitəsi ilə yaratdığı iç dünyası mənbələrdə İç Oğuz eli adlanır. Başqa sözlə, pir Amon öz ruhunda, yəni öz "içində" dünya yaradıb, onu materiallaşdırmışdır və bu İç Oğuz mövzusuna biz qayıdacağıq. (Ardı var).
Firudin Gilar Bəg
Sadıq Gilarbəyli