Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər 2 – ci hissə

22-09-2020, 08:39           
Göydə çənnət yaratmış Azəri bəgləri - Şəddadilər  2 – ci hissə
Kitabi Dədə Qorqudda Qeb, yəni Qeyb aləmi - “Qaba aləm” adlandırılır. Burada - "Qaba aləm götürən xanımız Bayandır xan" ifadəsi var ki, bu da Qeyb aləmini Bayandır xanın (sütun rəmzində) göydə saxlaması deməkdir. Bayandır rəmzi Ba-Neter (Neter=Nut+Ra/TanRı) mənasında qədim Misirdə firon Amonun Ba ruhunu bildirir. Ba ruhu - sufizmin Bəqa səviyyəsində İlahla vəhdətə nail olmuş İlahi ruhdur və ağıl mənasındadır. Başqa sözlə, Qeyb aləmini, yəni İrəm cənnətini firon Amonun Bəqa səviyyəsinə yüksəlib, İlahla vəhdətdə olan Ba ruhu saxlayır. Dilimizdəki Baqi-İrəm ifadəsi də bu cənnət bağının, sufizmin Bəqa, yəni bəglik məqamında yaradılmasına işarədir. Cənnət mənasında işlətdiyimiz Behişt rəmzi də Bəg-Şiyat anlamındadır ki, burada xoşbəxtlik, səadət, inkişaf və s. mənasını verən Şiyat rəmzi də batini mənada "Şu Teo/Deo" (Şad rəmzi) mənasında Şu Allahı deməkdir. Eyni mənalı Gülüstani-İrəm ifadəsi isə İrəmin məhz Gel elində, yəni Geliopolda yaradılması anlamındadır. Bütün bunlar isə onu bildirir ki, Şəddadın (Süleyman) İrəm cənnəti, Amon Allahının Şu ruhunda yaradılmışdır.

Nəticə 8. Qədim Misirdə sütunlar şəhəri Geliopol (Gel şəhəri) adlanırdı ki, burada firon Amon Atum Allahını yaratmışdır. Pir Amon öz ruhunu Şu sütunu adlandıraraq, Nut göyünü "qaldırıb" saxlamışdır. İrəm cənnəti də pir Amonun ruhunun "sütun" rəmzində saxladığı Qeb/Qeyb aləmidir.

Yəhudilər Süleyman/Solomonu - Şelomo (ŞLM) adlandırırlar ki, bu da "Şu Aləmi" fikrini ifadə edir. Bu mənada İslam (SLM) və İsmail (SML) rəmzləri də eyni mənanı, yəni "İsa/Şu aləmi" mənalarını verir. Deməli, Süleyman peyğəmbərin obrazı elə, Amonun sütun rəmzində İrəm cənnətini saxlayan Şu ruhunun obrazıdır. Quranda, İlahi sirlərə bələd olmuş və uzun ömür sürmüş obrazlardan biri də Ad oğlu Loğmanın obrazıdır ki, onun Adın oğlu adlanması, Şəddadla eyni obrazda olması deməkdir. Loğman (LĞ-MN) rəmzi batinilikdə İlah-Amon kimi də izah olunur və bu da elə firon Amonun İlahla vəhdətdə olması deməkdir. Başqa sözlə, Loğman rəmzi də Süleyman rəmzi kimi Amon Allahının obrazlarına aiddir.

Digər tərəfdən, Şəddad (Şədid) rəmzi yəhudilərin Şadday rəmzi ilə eyni mənalıdır və bu rəmz mənbələrdə Şad, Sadd kimi də yazılır. Qədim Misir mətnlərində Sadd (SDD) rəmzi Setet (STT) kimi keçir və xatların sütun evinə aid edilir: "Ra - Bexdetli Qora dedi: “Bu düşmənlər çay yuxarı Setet ölkəsinə – sütun evi olan Xat tərəfə üzdülər” [17; 101]. Burada sütun evi qədim Misirdəki Xat evi adlanır və Setet ölkəsinə aid edilir. Xat rəmzi bu fəlsəfədə İxet [XT] rəmzi ilə eynidir və o göy ilahəsi, günəş doğan göy inəyi kimi göstərilərək, Xator, Nut və s. ilahələrlə eyniləşdirilir. Bu göy inəyini şumer-akkadlar Şedu (Şad rəmzi), Lamassu (Aləm-İssi, ruhlar aləmi), Lama (Aləm) adlandırırlar ki, bu da “ruhlar eli”, “ruhlar aləmi” mənasındadır. Xat evi mənasını verən Xator rəmzi isə eyni zamanda xoşbəxtlik evi anlamında Xatxor kimi də yazılır ki, bu da Хор/Гор Allahının evi deməkdir. Qədim Misirdə Xator İlahəsi - ruhlar dünyası mənasında həyat ağacı və ikibaşlı sütunla (Şu sütunu) eyniləşdirilir. Lakin Xator rəmzi eyni zamanda Qədr rəmzi ilə eynidir ki, Qədr gecəsi Məhəmməd göyə qalxaraq Qüdsə səyahət etmiş və Allahla söhbət etmişdir. Araşdırmaçı alim Tofiq Əzizov eyni mənalı Kadaru/Kadru rəmzini Kadusla eyniləşdirir ki, bu da Xator/Qədr rəmzinin Kadus/Qüds mənasında Göy Yerusəlimi olması deməkdir.

Digər tərəfdən, Xat rəmzi Qurandakı Hud, yəni Ad qövmünə göndərilən Xud peyğəmbərin rəmzidir. Setet rəmzi isə batinilikdə Şədid/Şəddad rəmzlərilə eyni mənalıdır. Deməli, Şəddadın İrəm cənnəti - Xet ölkəsi, yəni Xator/Xatxorun ruhlar dünyasıdır. Qədim qaynaqlardaki Xat/Xit/Xet rəmzləri batinilikdə kuti/quti rəmzləri ilə eynidir və bu rəmz altında - (çar) hakimiyyəti göydən endirilmiş şahlar nəsli nəzərdə tutulur [18; 146]. Deməli, xatların evi olan Xator - çarlığı göydən endirilmiş kuti/quti şahlar nəslinin göydəki ruhlar dünyasıdır.

Nəticə 9. Süleyman/Şelomo rəmzləri batinilikdə - “firon Amonun Şu ruhunda yaradılmış el”, “Şu aləmi” mənasını verir. Cənnəti məhz pir Amonun Şu sütunu saxlayır. Şəddad (Şədid) rəmzi də Xat sütun ölkəsinə, yəni Xud peyğəmbərin qövmünün qədim Misirin Xator cənnətinə aiddir. Xator dünyası - Şedu adlanan göy inəyin daxilindəki ruhlar aləmidir. Bu ruhlar aləminin əsas sakinləri isə, çarlığı göydən endirilən Xud peyğəmbərin kuti/xat qövmü olmuşdur.

Misirşünas alim Q. Bruqş bildirir ki, Şərqdə, xitlərin (xat) böyük şahlığı sonradan yeni Mat adı ilə tanınmağa başladı [19; 535]. Mat rəmzi - İmad (MD), yəni Midiya ölkəsidir və bu rəmz həm də Adəm (DM) mənasındadır. Midiya/Adəm (MD/DM) rəmzləri qədim Misirin Atum (TM) rəmzi ilə eyni mənalıdır. Xitlərin böyük şahlığı dedikdə isə, sütun üstündə Xatorun inək formasındakı ilk dünyası nəzərdə tutulmalıdır. Mətnlərin birində Ra günəş Allahı Xatoru - Amit adlandırır ki, o Maryut (Mar-Tu) gölünə tökülən yerdə yerləşir [17; 81,21]. Xatorun Amit adlanması, Xatorun göydəki ruhlar dünyasının, hansısa hadisədən sonra Midiya/Adəm adlanması deməkdir. Mat, Amit rəmzi mənbələrdə Ələmut, yəni Mut eli kimi də məlumdur ki, rəvayətlərə görə bu qalada Həsən İbn Sabbah cənnət yaratmışdı.

Digər tərəfdən, Xator-Amit elə Xadramaut deməkdir ki, bura da Yəmən ölkəsi sayılır və rəvayətlərə görə, Ad oğlu Şəddadın qəbri Yəmənin Xadramaut şəhərindəki bir mağaranın içindədir. Məhəmməd peyğəmbərin hədislərin birindəki: “Mən Rəhmanın (Allahın) nəfəsini Yəməndən duyuram” deyimi onu göstərir ki, Rəhman (Ra-Amon) rəmzi eyni zamanda Yəmən rəmzi ilə bağlıdır. Buxarinin hədisində qeyd olunur ki, peyğəmbər əlini Yəmən tərəfə uzadıb “İman Yəməndədir” demişdir [20; 3302]. Yəmən sözü – “Ya Əman” anlamındadır ki, iman rəmzi də Əman/Amon deməkdir. Deməli, qaynaqlarda Yəmən ölkəsi dedikdə də, firon Amonun (Rəhman) Amit, yəni Midiya ölkəsi və onun üstündəki Xator şahlığı nəzərdə tutulmalıdır.

Xator rəmzini Strabon Paraxoatra dağı kimi yazıb, onun Xəzər dənizinin üstündə yerləşməsini bildirir [21; XI,14/1]. Paraxoatra isə Pir-Xator deməkdir və bu yerin müqəddəs ocaq olmasına işarədir. Bütün bunlar isə onu göstərir ki, xat/kutilərin Xator ruhlar dünyası bilavasitə Midiya ərazisində yaradılmışdır.

Evseviy kuti (xat) sülaləsini "kəldani", yəni xaldey sülaləsi adlandırır [22; 37,38]. Xaldey rəmzi Xal-Deo mənasında Xal/Xel, yəni Gel elinin Allahı fikrini ifadə edir. Digər tərəfdən, Əhdi-Ətiqdə İsaya (Yeşay) peyğəmbər Assurları Xaldeya əhli adlandırır və bildirir ki, onlar öz qüllələrini yaradır, təntənəli imarətlərini dağıdaraq, onu xarabalığa çevrirlər [3; Исая,23:13].

Mənbələrdə Xaldeyanın eyni zamanda Babil adlanması o deməkdir ki, Babil qülləsini tikənlər assurlardır. Belə çıxır ki, Xud (xat/kuti) peyğəmbərin Ad qövmü - Babil qülləsini tikən Assurlar, yəni Qədim Misirin Asar, Osiris Allahlarıdır və onlar Atum Allahının yaradıldığı Midiyanın Gel şəhəri ilə bağlıdır. Tarixçi alim İ. Dyakonov “Midiya tarixi” kitabında bildirir ki, Midiyada babillilərin qalası olmuşdur və burada Marduk Allahına sitayiş etmişlər [22; 276-278,372]. Başqa sözlə, Babil qülləsi Midiya ilə bağlıdır.

Nəticə 10. Şahlığı göydən endirilən Xud peyğəmbərin kuti/xat qövmü ilk olaraq göyləri Xator inəyi formasında cənnətə çevirmişlər. Onlar Midiyada Babil qülləsini tikib qurtardıqdan və onun üstünü torpaqla örtüb, Paraxoatra dağına çevirdikdən sonra, buranı Mat/Atum, özlərini də Assur, yəni Osiris Allahları adlandırdılar. Bütün bu yaradılış prosesini firon/pir Amon beynində təsəvvür etdiyi və ruhunda yaratdığı üçün ilk və sonrakı cənnət Xadramaut (Xator-Muta) - Yəmən, yəni Amon ölkəsi adlandırıldı.

Mənbələrdə kuti/quti tayfaları “Umman-Manda” adlandırılır və onlar fantastik "dəniz xalqı" hesab olunur. Babil tarixçisi Berossa görə, kutilərin 21 şah sülaləsi midiyalıdır və onların içində Zərdüşt (Zoroastr) də var. Zoroastr (Azər/Asar-İstar/İştar) isə alimlərə görə yeni kosmik eranın səbəbkarıdır [22; 79,36,39]. Deməli, "çarlığı göydən endirilmiş" Midiyanın xat/kuti tayfaları kosmik eranın başlanğıcını qoymuşlar.

Ümman-Manda rəmzi Kitabi Dədə Qorqudda Əmman (MMN) dənizi kimi keçir və burada kafərlər şəhəri tikilmişdir ki, oranın üzgüçüləri-asiləri (ruhları) su altında “mənəm Allah” deyə qışqırışırlar [23; 118]. Belə çıxır ki, kutilər - Allahlardır. Digər tərəfdən, bu onu deməyə əsas verir ki, Ümman (MMN) rəmzi, göy okeanında tikilən kafirlər şəhəri ilə bağlıdır. Mətnlərdə Ümman sözü Ammon (MMN) kimi də yazılır və No şəhərinə (No-Ammon) aid edilir [3; İer.46:25,26]. Naum peyğəmbər No-Ammon haqqında belə yazır: O, “iki çay arasında, su ilə əhatə olunmuşdu, sədd onun üçün dəniz, dəniz isə divar idi” [3; Naum,3:8]. Səddin Ammon üçün dəniz, dənizin isə divar olması - Ammonun, yəni firon Amonun göy okeanında yaratdığı kafər şəhərinin göy "suları" ilə yerin sərhədində yaradılması mənasındadır. Buradakı No (N) şəhəri isə qaynaqlarda Ane (N) kimi də yazılır. Qədim Misirdə, “Ane şəhərində olan böyük doqquzluq” dedikdə, “Enneadanın böyük doqquz Allahı” olan Atum Allahı nəzərdə tutulur. Bu isə o deməkdir ki, kutilərin Xaldeyada yaratdığı Babil qülləsi - kafər şəhəri olan Gel şəhərində yaradılan Atum "Dünya"sıdır.

Atum rəmzi mifologiyada Etemenanki, yəni Atum-Nunki kimi də yazılaraq Esagil məbədinə aid edilir. Şumer mifologiyasına görə, Marduk Allahı, Tiamata (ilkin materiya) qalib gələndən sonra, onun bir hissəsini göy okeanı kimi Allahlar vilayətindən ayırır. Bu okean ondan su axmasın deyə, siyirtmə ilə bağlanmışdır. Marduk, dərya sularında Etemenanki adlı göy və yerin təməl evini cəhənnəmin sinəsində elə tikir ki, onun başı göylərə çatır [24; 91]. Bu tikilinin başının göylərə çatması, onun Babil qülləsi ilə eyniliyi deməkdir. Mənbələrə görə, Babil - anunnakilərin Marduka hədiyyəsidir. Başqa sözlə, kutilərin kafər şəhəri elə Etemenanki məbədidir və onu tikdirən də Marduk Allahıdır.

Nəticə 11. Qədim mətnlərdə kuti, xat adlandırılan xalq - göy okeanı mənasında olan ümman dənizindən, yəni ilkin materiyadan (İlah) yaradıldığı üçün özlərini Allah adlandırdılar və yeni kosmik eranın başlanğıcını qoydular. Kitabi Dədə Qorqudda "Anlar" kimi keçən bu İlahi varlıqlar Ane (No/On) şəhərində Atum Allahını yaratdılar ki, bu yaradılış ikili mənadadır. Pir Amon öz ruhunu Ümman/Ammon dənizi adlandıraraq, ilkin materiyanın yaradılış An-ında (sufizmin Bəqa səviyyəsindəki məqam) kosmik Atum Allahını var etmişdir. Bu yaradılış yerdə, göy və yerin təməl evi adlandırılan Etemenanki (Atum-Nunki) məbədinin tikilişi ilə eyni vaxtda baş verir. Nəticədə, eyni vaxtda yerdə və göydə eyni formada məbəd yaranmışdır.

Marduk (MR-DK) rəmzi batinilikdə Mar-Kuti (MR-KT) mənasında kutilərin - Midiyanın mar, amoreylər nəsli olması anlamındadır. Mar (MR) rəmzi qədim Misir mənbələrində “göyə qaldırılmış torpaq” və “piramida” mənasını verir. Başqa sözlə, Şu Allahının göyə qaldırdığı cənnət – Midiya mar-amoreyləri ilə bağlıdır. Mənbələrdə “mer” (Mar) rəmzi ilə eyni mənada “xenn”, “xennu” rəmzi də qeyd olunur və çox dərin mənalara malikdir (25). Xenn/xennu rəmzlərinin batinilikdə “xanan” (kənan), xunn, hunn kimi mənaları da vardır. Belə çıxır ki, Midiyanın mar-amoreyləri, kuti/xattlar və kənan/hunnlar eyni xalqdır və onlar “göyə qaldırılmış torpaq” əhlidirlər.

Tövrata görə, amoreylər Xanaandan doğulmuşlar və bu tayfanın nümayəndələri çox döyüşkən və nəhəng boylu olmuşdur [3; Bıt.10:16, Çis.13:30]. Akkadlar amoreyləri - amurru, şumerlər isə Mar-Tu adlandırırdılar. Lakin Mar-Tu rəmzi eyni zamanda Ta-Meri adlanın Misir ölkəsidir və Amos peyğəmbər də Amorey haqqında yazanda bildirir ki, Amorreyin hündürlüyü “… sidr ağacının hündürlüyü kimi olmuş və palıd ağacı kimi möhkəm idi… “ [3; Amos.2:9]. Bu isə o deməkdir ki, amoreylər, kənanilər elə nəhəng Ad qövmünün nəslidir.

Batinilikdə kənan (K-NN) rəmzi ilə Nunki (NN-K) rəmzi eyni mənalıdır və anunnaki rəmzi də "Anu şəhərindəki Nunki" deməkdir. İbn Sina “Yakzan oğlu Hayy haqqında traktat”da, Şərq tərəfdə olanları qeyd edərkən, iki dünyanın sərhəddində yaşayanlardan yazır və burada hunnları - hinnlər kimi qeyd edib, cinlərlə eyniləşdirir. Bu cinlərlə sərhəddə mələklər nəsli yaşayır. İbn Sinaya görə, yer mələkləri iki qəbilədir: Sağda – hökmran və idarəçilər, ona əks tərəf – solda isə icraçı və sərəncamçılardır: "Hər iki qəbilə sakinləri gah enərək, cin və insanlar ərazisinə düşür, gah da yüksələrək, Göylərə qalxırlar. Deyirlər ki, mühafizlər və nəcib mirzələr məhz bu qəbilədəndirlər. Sağ tərəfdə nəzarət üçün əyləşən hökmranlara mənsubdur və o da diktə edir. Sol tərəfə nəzarət edən isə sərəncamçılardandır və o isə yazır» [26]. İbn Sina burada sağ tərəf dedikdə, Etemenanki/Babil qülləsinin göylərində yaradılmış ruhlar (Qeb/Qeyb) dünyası olan mələküt aləmini və orada yaşayan cinləri-hinləri nəzərdə tutur ki, onlar hökmranlardır. Qüllənin sol tərəfində olanlar isə, Allahın Özünə qulluq üçün seçdiyi padişahlar və peyğəmbərlər nəslidir. Hər iki qəbilə sakinlərinin gah enərək, cin və insanlar ərazisinə düşməsi, gah da yüksələrək, göylərə qalxması dedikdə İbn Sina, həm cənnətdə yaşayan ölümsüz ruhların istədiyi vaxt yerə enmələrini və həm də solda yaşayan pirlər nəslinin ekstatik durumda göylərə səyahətini nəzərdə tutur. Bu pir-bəglər nəsli qədim Misir mənbələrində - iki dünyanı bir bədəndə birləşdirmiş "Qor yolu ilə gedənlər" (Şəmsu Qor) nəsli kimi keçir. Bizlərə bu nəsil – “dağ və səhralarda dolaşan qüdrətli midiyalılar” kimi tanışdır. Onlar Midiya dağlarında yaşayan və ilkin materiya səhralarında ekstatik vəziyyətdə (“suluq”) dolaşan midiyalılar, yəni tərikə yolunu gedən Deyləm türkləridir. İki dünyanın sakinləri olan bu türklər ölənə qədər bu dünyada, öləndən sonra isə ruhları İrəm cənnətində xoşbəxtliklərini davam etdirirlər. Məhz buna görə, bu Şəmsu-Qor nəsli qaynaqlarda (qanadlı) mələklər adlandırılırlar ki, onlar öləndə ruhları metamorfozaya uğrayır və qanadlanıb, Babil qülləsinin qapısına uçurlar. Adi insanlar isə öləndə, ruhları bədəndən çıxan kimi "boğulur" və bir-iki saata qədər işıqda parçalanıb məhv olur. Qor yolu ilə gedən mələklər nəsli - ad və soyadlarında "mir", yəni mar, amorey rəmzini daşıyan Deyləm Türk bəgləridir.

Nəticə 12.Mənbələrdəki mar/amoreylər, kuti/xatlar və kənan/hunnlar eyni nəsildir. Onlar yerdəki cənnəti "göyə qaldıranlardır". Kənanilər/hunnlar eyni zamanda cinlər mənasında - ruhlar dünyasının, yəni Etemenanki/Babil qalasının başında yaşayanlardır. Qalanın ərazisindəki Midiya elində isə iki dünyanın sakinləri olan, Allahın əmrlərini yerinə yetirən seçilmiş bəglər yaşayırlar.

Qədim Misir yazılarında "mar" rəmzi, ölüm şahlığı mənasını verən Duat (Teat/Daud və s.) rəmzinə aid edilərək Mertet (Mar-Tuat) kimi də yazılır. Mertet rəmzi Mar-Tuat, yəni Duat ruhlar aləminin göyə qaldırılmış torpaq olması və marlar ölkəsi olan Midiyada yerləşməsi və s. mənalarını verir. Mətnlərdə Atet kimi də yazılan Duat şahlığı eyni zamanda Aat adlandırılır [17; 486]. Ölüm şahlığının “Aat” adlanması onun, yunanların Aid ölüm şahlığı ilə eyniliyi deməkdir. Aat, Aid rəmzləri isə Ad (qövmü) rəmzi ilə eynidir. Lakin Ad oğlu Şəddadın (ŞD-DD) ismi də batinilərdə Şad-Duat (ŞD-DT) kimi oxunur ki, bu da elə "Duat ruhlar dünyasını saxlayan Şu Allahı" deməkdir.

Duat rəmzi ilə eyni mənalı Daud rəmzi yəhudi mənbələrində peyğəmbərə aid edilir. Nəhəng Qoliafa qalib gələn Daud, “Daudun şəhəri” adlanan Yerusəlimi azad edir və müqəddəs sandığı bura gətirir. Saul şah, Daudun taxta çıxması üçün onun alnına müqəddəs yağ sürtür və buna görə də ona Məsih kimi də baxırlar. Yəhudi Məsih inamına görə, axirətdə ya Daudun özü, ya da onun törəmələri gəlməlidir. Məhz buna görə, “Daud taxtı”, “Daud şahlığı” ifadəsi mövcuddur ki, bu da axirətdəki Məsihin bu nəsildən olmasına işarədir [27].

Digər tərəfdən, mətnlərdə Daud/Duat/Teta və s. kimi yazılan rəmzlərin “Taət” variantı dilimizdəki "itaət" rəmzidir. Quranda "Eti" kimi keçən və müti olmaq, əmrə, Allaha tabelik və s. kimi mənalandırılan "itaət" rəmzi, elə qədim Misirin "Aat", "Teat" rəmzidir ki, ruhlar dünyasını bildirir. Başqa sözlə, yalnız Allahın qanunlarına itaət edib, bu qanunlara tabe olan müsəlman, Allahın Taət/Duat ölüm şahlığına düşüb, orada müqəddəslərin xoşbəxt həyatına şərik ola bilər.

Qədim Misir mətnlərində Duat (DT) rəmzi Teta (TT) kimi də yazılaraq, Amon Allahına aid edilir: “Ra - Osiris kimi gəlir, Amenteta Allahlarının və İlahi ruhların bütün tacları ilə gəlir. O – yeganə İlahi obrazdır, Tuatın gizli obrazıdır, Amentetanın başında duran müqəddəs Ruhdur, Un-Nefer - kimin ki həyatı sonsuzdur” [28; 62]. Bu mətndə Teta (Duat) rəmzi Amen, yəni Amon Allaha aid edilir ki, bu da Duat aləminin Amon Allahının ruhunda yaradılması ilə bağlıdır. Lakin burada Osiris kimi gələnin - Tuatın gizli obrazı olması o deməkdir ki, burada söhbət əvvəldə gələn Ra-Amon Allahından yox, axırda, yəni axirətdə gələcək Mehdi obrazından gedir. İslamdan və xristianlıqdan məlumdur ki, Allah - Əvvəl və Axırdır, Alfa və Omeqadır. Qədim Misir mətnlərində də Allah dedikdə əvvəldə gəlmiş Ata Ra-Amon və Oğul Qor nəzərdə tutulur. Belə çıxır ki, axirətdə gələn Qor Allahı, günəş Allahı Ra və Osirisin yaradılışını təkrarlayacaqdır.

Nəticə 13. Mənbələrdə göyə qaldırmanın rəmzi olan "Mar" rəmzi, Taət/Duat rəmzləri ilə eyni qeyd olunur ki, bu da marların göyə qaldırdıqlarının Tuat/Duat cənnəti olması deməkdir. Duatın “itaət” rəmzi ilə eyniliyi, yalnız itaət edənin Duat cənnətinə düşə biləcəyi deməkdir. Digər tərəfdən, mənbələrdə Daud/Duat rəmzi əsasən axirətdə gələcək Mehdiyə şamil edilir ki, bu da axirətdə yaranacaq cənnətin sahibinin məhz Mehdi olacağı deməkdir. (Ardı var).

Firudin Gilar Bəg

Sadıq Gilarbəyli
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.