Unudulmaz polkovnik - ANIM

8-11-2020, 00:02           
Unudulmaz polkovnik - ANIM
Hər ötən ömür insan xatirəsində daim yaşanmır. Keşməkeşli həyatımızda belə ömür səhifələrini biz az görməmişik. Yalnız dəyərli ömür günləri unudulmur. Həmişə qiymətli ömürlər sonsuz sevgi, dərin ehtiram və kövrək xatirələrlə yada salınır...

Axı, yaxşıları necə unuda bilərik? Vəzifə borcunu yüksək vətəndaşlıq məsuliyyəti ilə yerinə yetirən fədakar hərbçilərin ömrü neçə-neçə insanın həyatında xatırlanır. Belə vətənpərvər insanları qiyabi tanıyanlar da bir yurddaş təəssübkeşliyi ilə onların doğma Azərbaycan sevgisinin işığından bəhrələnirlər. Hər açılan sabah o işıqdan öz payını alır. Bu mənada polkovnik Firudin Şabanovun əziz xatirəsi vətəncanlı insanlarımızın ömründə sönməz həyat eşqi kimi yaşamaqdadır. Əfsus ki, o cəmi 65 il ömür sürdü. Bəli, az müddətdir. Heç olmasa, Dağlıq Qarabağın azadlığı uğrunda tam qələbəmizi öz gözləri ilə görüb sevinəydi. Çox heyf... Ruhu daim şad olsun!...

F.Şabanov Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini 1980-ci ildə bitirərək həqiqi hərbi xidmətə Pribaltikada motoatıcı taqım komandiri kimi başlayıb. 1980-ci ilin aprelindən 1983-cü ilin aprelinə kimi Leninqrad Hərbi Dairəsində taqım və bölük komandiri vəzifələrində lazımi təcrübə qazanaraq 1986-cı ildə M.V. Frunze adına Hərbi Akademiyaya qəbul olub. Bu mühüm hərbi təhsil ocağında çox fərqlənib. Sonra Zaqafqaziya Hərbi Dairəsində əlahiddə tabor komandiri, 4-cü Ümumqoşun Ordu Korpusunun qərargahında kəşfiyyat şöbəsinin baş zabiti vəzifələrində xüsusi xidmət nümunələri göstərib. Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə dəfələrlə müxtəlif mükafat və medallara layiq görülüb. Hətta "Qırmızı Ulduz" ordeni ilə təltif olunub.1992-ci ildən etibarən Azərbaycan Ordusunda xidmətə başladıqdan sonra çox qabiliyyətli peşəkar hərbçi kimi ordu quruculuğumuza lazımi töhfələr bəxş edib. Müdafiə Nazirliyinin Kəşfiyyat və Radio-Elektron Mübarizə (REM) idarəsi rəisinin müavini kimi onun əldə etdiyi göstəricilər çox ürəkaçandır.

... Zəngilanda vəziyyət son dərəcədə gərginləşmişdi. Ərazi özünümüdafiə taboru bazasında mexanikləşdirilmiş motoatıcı alay yaradılsa da, tam komplektləşdirilmədiyinə və alayda kifayət qədər peşəkar zabitlər olmadığına görə düşmənin hücumlarının qarşısını çətinliklə alırdıq.Döyüş vəziyyəti mürəkkəbləşmişdi. Əsaslı dönüş yaratmaq lazım idi. Həmin dönüşün təməlini yüksək hərbi təfəkkürə malik olan polkovnik Firudin Şabanov qoydu. O, 1993-cü ilin 13 fevralında alay komandiri təyin edilməklə hər şey qüvvətləndi.

Polkovnik Firudin Şabanovun alay komandiri təyin edilməsi Zəngilan-Qubadlı istiqamətində Silahlı Qüvvələrimizin mürəkkəb relyefdə döyüş tapşırığı yerinə yetirən şəxsi heyətinin döyüş və mənəvi-psixoloji hazırlığını qısa müddətdə əsaslı şəkildə yüksəltdi. Həm zabit-əsgər, həm də zabit-əsgər-komandir münasibətləri hərbi nizamnamələrin tələbləri əsasında çox həssas bir durumda kökləndi. Az sonra cəbhədə üstünlük Azərbaycan Ordusunun xeyrinə dəyişdi. Zəngilanın müdafiə sistemi əsaslı şəkildə yenidən quruldu və möhkəmləndirildi. Müdafiə işinin təşkilində hərbi hissənin cəsur əsgər və zabitləri ilə yanaşı rayon İcra Hakimiyyətinin rəhbərliyi, polis əməkdaşları, habelə yurdcanlı rayon əhalisi yaxından iştirak edirdilər.

Polkovnik Firudin Şabanov hərbi taktikaya yaradıcı yanaşan peşəkar hərbçi idi.Təcrübəli kəşfiyyatçı kimi heyrətamiz qərarlar qəbul edirdi. Daha dərin təhlil aparmaq və hər hansı səhvə yol verməmək məqsədilə Zəngilanın sərhədlərini özü piyada gəzmiş, mühüm oriyentirləri özü təyin etmişdi. Xəritə üzərində hərbi əməliyyatları analiz edərkən biz də ondan xeyli dəyərli bilgilər öyrənir və onun hərbi taktiki hiylələrinə heyran olurduq. O, obyektiv zəruri imkanları nəzərə alaraq bəzi döyüş postlarının yerini dəyişmiş, lazımi müşahidə nöqtələri yaratmışdı. Bəzi postların önə çıxardılması itkilərimizin qarşısını almışdı. Ümumən desək, rayonun müdafiəsi daha etibarlı və dayanıqlı edilmişdi. Bütün zəngilanlılar polkovnik Firudin Şabanova bilikli, bacarıqlı və kifayət dərəcədə təcrübəli zabit kimi inanırdı.Tədricən güclənən qarşılıqlı inam hissləri döyüşçülərimizin döyüş ruhuna da müsbət təsir göstərirdi.

Böyük güvənc qazanan alay komandiri şəxsi heyət üzərində tələbkarlığı arxayın bir tərzdə artırırdı. Söz yox ki, bu mühüm sayılan hərbçi tələbkarlığını tabelikdə olan döyüşçülərin təmənnasız komandir sevgisi tamamlayır və tutarlı nəticələr verirdi. Həqiqətən təbiət etibarı ilə sadə insan idi Firudin Şərif oğlu. Necə deyərlər, ünsiyyət zamanı uşaqla uşaq, böyüklə böyük münasibəti yaradırdı. Səmimi, vətənpərvər, sözübütöv, nəfsitox bir hərbçi xarakteri hamının varlığında yalnız xoş bir ovqat formalaşdırmışdı. Hər hansı bir məsələnin həllində yüksək mənəvi-əxlaqi saflığa, ədalət və obyektivliyə üstünlük verirdi.Təmtəraqdan, tərifdən, qeybətdən uzaq bir kollektiv mühiti hökm sürürdü.

Firudin Şabanov Zəngilanı qorumaqla yanaşı ətraf rayonların müdafiəsinin gücləndirilməsində də öz köməyini əsirgəmirdi. Lakin zamanın doğurduğu bəlalar ondan yan keçmədi. Yaradılmış etibarlı rayon müdafiəsi ehtiyat qüvvə sarıdan korluq çəkirdi. Təminat işi davamlı deyildi. Üstəlik ölkəmizin mərkəzindən lazımi operativ köməklər ala bilmirdik. Bu səbəblərdən də Zəngilan rayonu mühasirədə təkbaşına döyüşdü...

Mövcud problem ümumi xarakter daşıyırdı. Belə ki, ölkəmizin müdafiə işində bir-biri ilə bağlı olan nöqsan və çatışmazlıqlar ucbatından Ağdam, Füzuli, Cəbrayıl və Qubadlı da işğal edildi. Zəngilanlıların yaranmış güclü müdafiə ümidləri puç oldu. Böyük güclər hesabına ayağa duran erməni işğalçılarına qarşı kəskin döyüşlərdə qurtuluş yolu Araz çayı idi. Döyüşçülərimiz Zəngilan əhalisi Araz çayını keçənə kimi düşmənin hücumlarının qarşısını saxlaya bildilər...

Oktyabrın 27-də həyəcanımız həddini aşmışdı. Zəngilanın müdafiə imkanlarının tükəndiyini komandirimiz kimi hamı yaxşı görürdü. Lakin F.Şabanov şəxsi heyəti müəyyən təmkinli üsullarla sakitləşdirir, səmimi söhbətlər əsasında ruhlandırır və dünya müharibələrindən fərqli haşiyələr söyləyərək geri çəkilməyin taktiki əhəmiyyətini açıqlayırdı. Di gəl ki, komandirin ürəyi çox sızıldayırdı, çəkdiyi ağrılar içini deşirdi. O, oktyabrın 28-də qərargah zabitlərini "Koroğlu daşı"na - Zəngilanın son istinad sərhəd nöqtəsinə apardı. Hamı mərdanə döyüşürdü. Əhali Araz çayını keçənə kimi yaxşı müdafiə olunduq. Söz yox ki, bütün əməliyyat polkovnik Firudin Şabanovun komandirliyi altında həyata keçirildi. Əlbəttə, geri çəkilmə ağrılı hal olsa da, hərbi-taktiki baxımından o qədər də dəyərsiz hesab edilmir. Müsbət hal ondan ibarət oldu ki, zəngilanlılar kütləvi qırğından qurtuldu. Bu hünərli missiyanı məhz polkovnuk Firudin Şabanov bacardı. O, çox tədbirli komandir olaraq həmin qalmaqallı saatlarda geriçəkilmədən savayı digər çıxış yolu görmür və bir hərbçi kimi haqlı sayılırdı.

O günləri Zəngilanda ezamiyyətdə olan hərbi jurnalist Rəşid Faxralı belə xatırlayır: "Mincivanda otaqda tək idi. Otaq boyu gəzişirdi. Mənim otağa daxil olduğumu da hiss etməmişdi. Tanıdığım müddətdə ilk dəfə kövrəldiyini, gözündən iki damla yaş düşdüyünü onda gördüm. Bu yaş zəngilanlıların əzablarının yaşıydı, bu yaş Zəngilanın işğalının yaşıydı, bu yaş hərbçi taleyinə yazılacaq haqsız qınaqların yaşıydı..."

Zəngilan Rayon İcra Hakimiyyətinin o zamankı başçısı İlham Hüseynovun dediklərindən: "Polkovnik Şabanov Əfqanıstanda kəşfiyyatçı olub. Əfqanıstan ordusunun generalı, özbək əsilli türk Dust ilə yaxın dostluğu onun həm insan kimi, həm də hərbçi kimi xarakteri haqqında ağızdolusu söz açmağa imkan verir. Əfqanıstandan qayıtdıqdan sonra M.V.Frunze adına Hərbi Akademiyada Müdafiə Nazirliyinin keçmiş Baş Qərargah rəisi general-mayor Nurəddin Sadıqov onun da müəllimi olub və ondan kəşfiyyat ixtisası üzrə dərs alıb. O vaxtkı rəhbərlik mənə məsləhət gördü ki, polkovnik Firudin Şabanovun Zəngilan alayına komandir təyin olunmasına nail olaq. Biz Nurəddin Sadıqovla danışıqlar apardıq. Xahişimiz yerinə yetirildi... Ən ağır günlərdə bir yerdə idik, bir evdə qalırdıq. O, hətta müharibə vaxtı mənim xilaskarım da oldu.

Peşəkar hərbçi və döyüş komandiri idi. Zəngilanda bizim təşkilatçılığımız ilə alay komplektləşdirildi və Ermənistana hücum etdik. 4 saat içində Ermənistanın Qafan rayonunun 5 kəndini aldıq. Bu məsələyə Rusiya, Fransa, Amerika qarışdı, bizi geri çəkilməyə məcbur etdilər.

Zəngilanın işğalından sonra alayı Seyfəliyə təlim bazasına göndərdilər. Dekabr ayında alay buraxıldı. Əsasən Zəngilan alayının şəxsi heyəti hesabına formalaşdırılan briqadanın komandiri təyin edilən Firudin Şabanov Pirəkəşküldə keçirilən paradda ulu öndər Heydər Əliyevin xeyr-duası ilə cəbhəyə yola salındı və Horadiz əməliyyatında iştirak etdi. Vətənimizi, xalqımızı və əsgərlərini tükənməz məhəbbətlə sevirdi. Etibarlı dost idi".

İstefada olan polkovnik Yavər Məcidov da onu yaxından tanıyırdı: "Rayona yeni icra hakimiyyəti başçısının təyinatından üç həftə sonra polkovnik Şabanovun alay komandiri olması ordu ilə xalq arasında münasibətləri daha da yaxşılaşdırdı.Peşəkar və savadlı zabit olan Şabanov Zəngilan rayonunun müdafiəsini hərbi nizamnamələrin tələbləri əsasında, təcrübəli hərbçi düşüncəsi ilə qurdu və daha da möhkəmləndirdi. Bununla bərabər Qubadlı və Cəbrayıl rayonlarının müdafiəsinin təşkilində də yaxından iştirak edirdi.

İki ay mühasirədə qaldıq. Mühasirədən çıxdıqdan sonra hərə bir tərəfə dağılmışdı. Zəngilan alayının əsasında yeni briqada yaradılırdı. Valideynlər buraxılmış hərbi hissənin əsgəri olan övladlarını polkovnik Şabanovun komandir olduğu hərbi hissəyə gətirirdilər. Belə etibar qazanmışdı polkovnik Şabanov".

"Hərbi bilik" jurnalının sabiq baş redaktoru ehtiyatda olan polkovnik-leytenant İbrahim Məsimoğlu da sevimli komandirimizi daim xoş xatirələrlə yada salır: "Jurnalımızda döyüş hazırlığı ilə bağlı məqalələrdə hər hansı mübahisəli məqamlar olanda əksər hallarda polkovnik Firudin Şabanovun rəyini soruşurdum. Çox müdrik göstərişlər verirdi. Onun hər bir mühakiməsi əsaslı faktlarla təsdiqlənirdi. Səngər təcrübəsi, yüksək hərbçi qabiliyyəti ilə yanaşı insanlıq məziyyətləri də mənə mənəvi zövq verirdi".

Azərbaycan Ordusunun ilk hücum əməliyyatı olan Goranboy əməliyyatı indi qiymətli bir hərb tarixi kimi tez-tez yada salınır. Onu cəsur əsgərlərimizin davamlı şücaəti tarixləşdirdi. Təbii ki, əsgərlərin xoş nəticəli fədakarlığı üçün ön xətdə zəruri hərbi taktiki gedişləri, mühüm döyüş strategiyasını, uğurlu həmlə priyomları, kəsərli hücumun bütün təfərrüatlarını hazırlayanlar da o tarixi yazanların sırasındadır. Belə ki, polkovnik Firudin Şabanov da, polkovnik Şikar Şikarov da 3-4 günün içində Ağdərəyəcən ərazinin ermənisizləşdirilməsi üçün uğurlu Goranboy əməliyyatını hasilə gətirdilər. Bu əməliyyat Azərbaycan Ordusunun peşəkarlaşdırılmasında, lazımi döyüş təcrübəsinin qazanılmasında mühüm əhəmiyyətə malikdir. Sonrakı məğlubiyyətlər bu əməliyyata qətiyyən kölgə sala bilməz. Bu baxımdan o əməliyyatda kifayət qədər xidməti olmuş polkovnik Firudin Şabanov da tarixən heç vaxt unudulmayacaq.

Ehtiyatda olan mayor Surxay Məmmədovun ürək sözləri də dəyərlidir: "Çox vətənpərvər insan, dərin bilikli zabit idi. 1992-ci ildə torpaqlarımızın işğaldan azad olunması əməliyyatlarında birbaşa iştirak edib. Daim üstün cəhətləri ilə fərqlənirdi. Goranboy əməliyyatında onun xidmətləri danılmazdır. Qəfil həmlə planları xüsusi əhəmiyyət daşıyırdı. Onun üstün hərbi təfəkkür bəhrələri nəticəsində o vaxtlar Ağcakənd rayonu ermənilərdən təmizləndi".

Polkovnik Firudin Şabanov komandir kimi olduqca təmkinli idi. Ən ağır məqamlarda da əsəbiləşməzdi. Tabeliyində xidmət edənləri mühüm şərtlərin qəbulu üçün inandırmağı bacarırdı. Bu inandırma həm də müəyyən mənada pedaqoji xarakterli bir axarla davam edir və xeyirli meyillər doğururdu. Döyüşçünü danlamağı sevmirdi. Hətta danlama məqamı yetişəndə də danlamırdı, yalnız incə bir üsulla tərbiyə edirdi. Belə tərbiyəvi epizodları heç bir hərbi qulluqçu unutmurdu, çünki komandirin hər bir sözü məmnunluqla qəbul edilir, bütün tərbiyə mənası verən mühakimə və məsləhətləri yalnız hərbi əmr kimi icra edilirdi.

Hərbi jurnalistlər - Seyidağa Mövsümlü ilə Rəşid Faxralı ondan müsahibə götürmək barədə xahiş edəndə azacıq gülümsünmüş və belə cavab vermişdi: "Nə istəyirsinizsə, tam soruşa bilərsiniz, Allah şahiddir ki, bütün sorğularınıza həmişə səmimiyyətlə, əhatəli cavab vermişəm. Yoxsa soruşduqlarınızı təzələmək istəyiniz var?".



Ehtimal ki, F. Şabanov bu sözləri ilə təmkinli bir tərzdə müsahibənin lazım gəlmədiyini bildirmişdi. Əlbəttə, xeyli zaman keçib. İndi belə düşünürəm: təbii ki, komandir müsahibədə Zəngilanın müdafiəsinin etibarlı olduğunu deməliydi. Bu vacib məsələ sayılırdı. Əfsus ki, o vaxtlar ölkənin müdafiə işində yaranmış bəzi siyasi problemlər rayonumuzun müdafiəsini çətinləşdirirdi. Bəlkə də, sevimli komandirimiz sonrakı vaxtlar üçün həmin müsahibəni gərəksiz hesab edirdi? Hər bir halda komandir Zəngilanın müdafiəsi ilə bağlı ictimaiyyəti təlaş içinə salmaq istəmirdi...

Zəngilan 1993-cü ilin oktyabr ayının 29-da işğal olundu...

27 il sonra - 2020-ci ilin oktyabr ayının 20-də Zəngilan işğaldan azad edildi. Polkovnik Firudin Şabanov bu il oktyabrın 2-də haqq dünyasına köçdüyünə görə həmin günü görə bilmədi. Görsəydi, çox qədərsiz sevinərdi. Özünü yetirərdi Zəngilana. Hərbçi həmkarımız, dostumuz Rəşid Faxralının Zəngilana xitabən yazdığı "Şəhidlərin göy üzündən enib gələr..." misrasını öz içində pıçıldayaraq gedərdi...

Vətən müharibəsində polkovnik Firudin Şabanovun ruhu da döyüşənlərin sırasındadır. İnşallah, müzəffər ordumuzun hünəri sayəsində tam və qəti qələbə günü qalibləri ən birinci sırada onun ruhunda salamlayacaq...

Bayram MƏMMƏDOV
Ehtiyatda olan polkovnik-leytenant, Əməkdar müəllim












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.