Maket partiya və maket media “kapitan”ları...

7-12-2020, 17:08           
Maket partiya və maket media “kapitan”ları...
Hüseynbala Səlimov

Əllidən artıq siyasi partiya və bundan da on dəfələrlə çox qəzet, sayt və eləcə də digər adi və ya elektron KİV növləri!..
Prinsipcə, Azərbaycanda əsl demokratiya bundan da az, hətta on dəfələrlə kiçik göstəricilərlə də bərqərar ola bilərdi, necə ki, hazırda klassik demokratiyanın vətəni sayılan ölkələrdə beləcə olur – bu ölkələrdə beş-üç partiya və on-on beş qəzet-jurnalla fundamental demokratiya qurmağa nail olmuşdular.
Amma demokratiyanın "qıcqırdığı” ölkələr də tapılır təcrübədə - məsələn, doğrusu, mən bilmirəm, indi Polşada neçə partiya var, gəl, polyaklar özləri haqda zarafatla deiyirdilər ki, üç polyak artıq bir partiya deməkdir...
Azərbaycanda qıcqırtma texnologiyası qədimlərdən bəlli və işlək olub, insanlarımız daim ayranı qıcqırdıb şor düzəldiblər, hansı ki, yüz illərlə kasıb-kusubun qida rasionunun əsasını təşkil edib. Amma demokratiya bizdə o qədər də çox olmadı ki, qıcqırmağa da macal tapsın, yox, bizim müvafiq idarələrimiz sadəcə, hər üç azərbaycanlını bir partiya kimi, özü də "aparıcı müxalifət partiyası” kimi oformit edir ki, xaricilər qarşısında öyünməyə bir predmet olsun...
Reallıq isə tamam başqadır. İndiki dövr bir yana qalsın, hətta 90-cı iilərdə belə bizdə yüksək siyasi fəallıq yox idi. Yadıma gəlir, o illərdə bir nəfər deyirdi ki, filankəslə birlikdə "partiya” təsis etmişik, daha bir nəfər də tapılsa, mən məclis sədri olacam!..
Ona görə də polyakların misalını bizdə yalnız bir mənada işlətmək olar: sözü gedən əlli partiyanın hər birində dörd nəfər üzv olsa, bunun özü də böyük işdir!
Şəxsən bəndəniz heç bir partiyanın üzvü deyil və bu əlli patiya olmadan da özünü çox rahat hiss edə bilir. Amma biz media əhliyik, ona görə də ölkə nə qədər çox azad olarsa, bizim üçün bir o qədər yaxşı olar.
Ölkələrin azad olması isə bir neçə ciddi meyardan asılıdır ki, bunlardan biri də çoxpartiyalılıqdır. Amma bizdə bu, həm var, həm də yoxdur. Bəli, statistika sarıdan hər şey qaydasındadır: ərz elədim ki, ölkədə əllidən çox partiya "var”. Amma təəssüf ki, bunlardan yalnız birinə partiya demək mümkündür və o da bizim hakim partiyamızdır. Qalanları isə çox kiçik istisnayla bir addan, bir də sədrdən ibarətdir...
Bir daha hüzurunuzda ərz edirəm ki, bu məni elə də əndişələndirmir. Sadəcə, bizi o narahat edir ki, ölkədə yazılı media institutu da tədricən sıradan çıxır.
Bəli, birtəhər bu günə gəlib çıxmış beş-üç media kapitanı da partiya sədrlərini "kopiyalamağa” başlayır: təkbaşına və yaxud da uzağı iki-üç nəfərlə özünü partiya bosu kimi qələmə vermək mümkündürsə, media kapitanları niyə iyirmi - otuz nəfərlik bir kollektiv saxlamalıdır?
Məgər bir saytı iki-üç nəfərlə "fırlatmaq” mümkün deyilmi? Bəli, bir özün, bir də bir və ya iki nəfər dizaynçı olur. Onlar ordan–burdan ən müxtəlf materialları götürüb sənin saytında yeləşdirirlər və beləcə hər şey lap yağ kimi gedir. Sən yenə də "media kapitanı” sayılırsan, ora–bura gedir və müsahibələr verirsən, kiçik bir strukturu işlədə bilməyib batırdığın halda bütöv ölkəni necə dirçəltməklə bağlı təkliflər – fikirlər irəli sürürsən!..
Qərəz, bir daha maketlər və yenə də tanış maketlər! Bəli, maket-partiyalar və maket-medialar! Hara aparacaq bunlar bizi? Ən başlıcası, haracan aparacaqlar?
Prinsipcə, nəzəri cəhətdən hər şeyi "kopyalamaq”, surətini çıxarmaq mümkündür.
Səhv etmirəmsə, Çində hətta Parisin kopiyasını tikdilər və Fransaya səyahət etmək istəyənlərə dedilər ki, uzağa niyə gedirsiniz, bu da sizin üçün Paris! Amma burada yadıma bizim "Bəyin oğurlanması” filmi düşür. Yadınızdamı orada kənd ağsaqllarından biri nə deyir? O deyir ki: "Lap tutaq ki, bunu çəkdiniz. Toy olmayacaq bu, çünki oyundur. Əgər əsl toyu çəksəniz, bax, onda bu olar başqa məsələ...”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.