Mən oğlumun yaşadığına inanıb, xəstəxanada şokolad payladım. - Bir saat sonra isə onun tabutunu Şirvana gətirdilər.
20-12-2020, 11:59
Oğlum ön cəbhədə vuruşurdu, mən isə tibb bacısı olaraq çalışdığım Şirvan xəstəxanasında yaralılara xidmət edirdim. Onlara balam kimi qayğı göstərməyə çalışırdım. Tibbi prosedurla yanaşı, yedirirdim, başlarını yuyurdum, tez sağalmaları üçün əlimdən gələni edirdim. Günə 50-100 yaralı qəbul etdiyimiz olurdu. Gecələr belə evə getmirdik.
Biz Şirvana qayıtdıq. Mən oğlumun yaşadığına inanıb, xəstəxanada şokolad payladım. Bir saat sonra isə onun tabutunu Şirvana gətirdilər.
Oğlum Ramil Əliyev 9 dekabr 1996-cı ildə doğulmuşdu. Çılğın, həyat dolu uşaq idi. 3 yaşında atasını itirdi. Yoldaşım Rusiyada dünyasını dəyişdi. Qızımı və oğlumu tək ana olaraq böyütdüm. Şirvan Şəhər Mərkəzi xəstəxanasının travmatologiya şöbəsində tibb bacısı olaraq işləyirəm. Oğlum Şirvan Şəhər Humanitar Kollecini Bədən Tərbiyəsi ixtisası üzrə bitirdi. Amma hərbçi olmaq istəyirdi. Müharibədən öncə ancaq bununla məşğul idi, sənəd toplayırdı. Sentyabrın 26-sı bizə könüllü yazıldığını, artıq çağırış aldığını və cəbhəyə yollanacağını dedi. Biz atan da yoxdu, bacını, ananı hara qoyub gedirsən dedik. Qayıtmasam, xalq şəhid anasını, bacısını qoruyar dedi. Ramil Kərbəlaya zəvvərlar aparıb, onlara bələdçilik edirdi. Harda olmasının fərqi yox idi, Azərbaycan bayrağı, Azərbaycan onun üçün hər şeydən üstün idi. Həmişə Kərbəlada bayrağımızı öpüb şəkillər çəkdirirdi. Vətəni uğrunda şəhid olmağı ən uca zirvə sayırdı.
Horadiz, Füzuli, Cəbrayıl istiqamətindəki döyüşlərdə vuruşdu. Qubadlıdan Şuşaya girən yolda əlbəyaxa döyüşlər zamanı şəhid oldu. Uzun müddət onun şəhid olmasından xəbərsiz qaldıq. İşlədiyim xəstəxanada bir əsgər məni soraqlamışdı. Qızıma Ramilin yanından gələn var dedim, bir bağlama düzəldib, yanına getdik. O zaman o, artıq oğlumun şəhid olduğunu bilsə də, mənə deməyi bacarmadı. Lakin iş yoldaşıma demişdi, bütün xəstəxana Ramili itirdiyimizi bilirdi. Mənə demirdilər. Sonra qızımın rəfiqəsi bu kimi söhbətlərin gəzdiyini dedi. Biz qızımla Füzuliyə yollandıq. Gecə saat 4-ə kimi onu bütün hərbi hissələrdən soraqladıq. Sonra Firuz adlı hərbi hissə komandiri bizi sülhməramlıların hərbi hissəsində yerləşdirdi, oğlumun çox önə getdiyini, ona görə xəbər çıxmadığını dedi, bizi sakitləşdirdi. Amma onlar da oğlumun artıq dünyada olmadığını bilirdilər. Sadəcə onun cəsədi neytral zonada qalmışdı. Biz Şirvana qayıtdıq. Mən oğlumun yaşadığına inanıb, xəstəxanada şokolad payladım. Bir saat sonra isə onun tabutunu Şirvana gətirdilər. Onlar 16 əskər olub. Əlbəyaxa döyüşdə oğlum yaralanıb, əskər yoldaşı çox qan itirməsin deyə öz paltarı ilə yarasını sarıyıb. Sonra ermənilər qumbara atıb. 16 igidin hamısı şəhid oldu. Əksəriyyəti dünyasını qanaxmadan dəyişdi.
Ramilin unudulmadığını görmək, onu məhz Vətən uğrunda itirdiyimizi bilmək ən böyük təsəllimizdi.
Xuraman İsmayılova
Şəhid Ramil Əliyevin anası
ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və
Karuseljurnalı üçün söhbətləşdi:
Sahila Yaya