Vətənimin dizinə...O məni tək qoymaz, arxayın ol...
20-12-2020, 14:22
Uşaqlar böyüdükcə aramızdakı dialoqların mövzusu və əhatəsi genişlənir, ciddiləşir, fikir ayrılıqları çıxır meydana. Qızım artıq öz həyatı ilə bağlı qərarlarının anonsunu verir, ağzımı arayır ki, görsün, nə deyəcəm.
- Universiteti qazanıb 2-ci kursdan çıxıb gedirəm xaricə, ana.
- İnşallah.
- İcazə verirsən?
- Sağlıq olsun.
- Hara getsəm, elə ailə qurub orda qalacam.
- Sağlıq olsun...
- Mən karyeramı quracam, sən də uşaqlarımı böyüdüb tərbiyə edərsən. İstəyirəm, uşaqlarımı sən tərbiyə edəsən.
- Burdan ora bunu necə bacaracam?
- Sən də gələcəksən mənimlə. Səni burda tək qoymayacam.
- Mənim heç harda işim yoxdur! Mən qürbətdə yaşaya bilmərəm.
- Elə gözəl də yaşayarsan ki! Hər şeyin olsun istəmirsən? Yaxşı, lap ailə də qurarsan, evin-ailən, öz həyatını necə istəsən yaşayarsan.
- Azərbaycandan kənarda yaşaya bilmərəm!
- Bəs balan? Mən sənin tək övladınam e! Bəs deyirlər, övladdan şirin heç nə yoxdur dünyada?! Nəslinin davamçısıyam eee( zarafata salır))
Gözlərinin içinə baxıram. Anam da bizi seyr edir.
- Sənə mane olmuram ki? Seçimlərinə hörmətsizlik etmirəm ki? Yox! Amma anam da sənə qoşulub getsə, gedə bilmərəm. Bu Vətən nə Oğulların qanı bahasına Vətən olub! İncimə, canımdan parçasan...
- Ana, bunları bilirəm e! Bax birdən seçim qarşısında qaldın : ya mən, ya da..
- Azərbaycan! - sözünü kəsirəm, - mən Vətənə arxa çevirə bilmərəm, onu atıb gedə bilmərəm!
- Yaxşı, ana, yaxşı. Onda dörd divar arasında tək qalanda vətən gəlib sənə baxar, başına sığal çəkər. Mən zatən sənin qızınam, Vətənimi mən də az sevmirəm, ancaq bir az realist ol...Qızın uzaqlarda, sən burda tək...ata-ana dünyanı tutub durmur. Qardaş, bacı sağ olsun özü üçün. Allah ömrünü uzun eləsin, ancaq can verəndə başını kimin qucağına, kimin dizinə qoyacaqsan?!
- Vətənimin dizinə...O məni tək qoymaz, arxayın ol...
Elnaz Eyvaz
Teref.az